MƏN BELƏ DÜNYANIN...

İRADƏ TUNCAY
45281 | 2006-10-14 08:54

O özü deyirdi ki, danışmaq da yükdür, susmaq da yükdür. Nə danışanları, nə də susanları qınamaq olmur. Dünyadı da, hərə birtəhər başını girləyir. Danışıb qazananlar da olur, itirənlər də. Eləcə susub qazananlar da olur, itirənlər də. Bizə bağışlanmış şərti zaman kəsiyində qazandıqlarımız da əslində çox şərtidir. Yəni anlaya bilsək ki, qamarladığımız kürsülər də, mövqelər də ötəridir, keçib gedəcək, insan fanidir, dünyanı tutub kimsə qalası deyil - onda "özümüzlə oynadığımız şahmata gülərdik"...
   
 Bilmirəm niyə, mənim üçün ədəbiyyat və əbədiyyət sözlərinin bir yaxınlığı var. Biz hər hansı bir etnosun tarixdəki yerini, mədəni inkişafını günümüzə gəlib çatmış ədəbi abidələrlə müəyyənləşdiririk. Yəqin bunu anladıqlarındandır ki, tarixdə iz qoymaq istəyən çox hökmdarlar özlərini ədəbiyyata calaq eləmək niyyətinə düşüblər. Ətrafdakı yaltaqlar xoru dövrün hakimi-mütləqlərinin həm də dahi söz adamı olduqlarını söyləsələr də zaman "gülünclərə gülünc gələn bu ada gülüb". İstedad elə bir anlamdır ki, onu nə taxt-tacla, nə pulla, nə də böyük qohumlar vasitəsilə satın almaq olmur. Yuxarıdakı mütləq həqiqət ki var, istedadı o verir. Verməyinə verir, amma artıqlamasıyla əvəzini alır. Hardasa bir istedad göyərəndə yanında neçə-neçə tikan bitir. Elə bil Tanrı verdiyinə peşman olur, cərimələr başlanır. Həyata uyğunlaşmağı, zəmanə ilə barışmağı bacarmırlar, əyilməyi, təzim etməyi bacarmırlar, yalan danışmağı bacarmırlar. Doğru danışanın dili kəsilir, həqiqət yazanın əli kəsilir. "Cəsarətin olmayanda qorxaq deyirlər, cəsarətin olanda da axmaq deyirlər". Deyirlər, demirlər?.. Və ədəbiyyat adlanan bu əbədiyyət bizim fani həyatımızda nəyi dəyişdirir? Şair olmaq nə deməkdir?
   
   Mən çox gözəl anlayıram ki, bu vurhavurda, adamların diqqətinin hardansa nəsə qoparmağa yönəldiyi bir vaxtda sözdən danışmaq, söz adamından danışmaq bir az yersiz səslənəcək. Nazirlər bir-biriylə döyüşürkən şairləri kimsə xatırlayırmı? Mən çox gözəl anlayıram ki, insanın ruhu nəyə köklənirsə, cismi də onun dalınca yönəlir. Uzun illərdir izləyirəm, görürəm ki, böyük, çox böyük əksəriyyət kimə, nəyə əyildiyinin fərqinə varmır, sözəmi, boş qırıltıyamı, nəçiliyəmi, kimliyəmi, şəxsiyyətəmi, vəzifəyəmi? Bütövlükdə cəmiyyət qarın davası döyürsə, ruh aclığı kiminsə yadına düşürmü? Və ruh aclığının nə qədər qorxulu olduğunu anlamadığımızdandır ki, qarnımız doysa da gözümüz doymur. Bizim toplum olaraq birinci dərdimiz budur- içimizin boşluğu. Qalan dərdlərin hamısının başlanğıcı, mənbəyi budur. Biz anlasaydıq ki, sürünün içində İnsan olmaq nədir, Söz nədir, qırıltı nədir, kimi alqışlamaq lazımdır, kimi oturduğu kürsülərdən aşırmaq lazımdır, onda indiyə qədər yazılanlara heç gərək qalmazdı. Ancaq yazılanları da dərk edə bilən, içindən keçirə bilənlər çox azdırsa, ümumiyyətlə, bizim böyük mənada Sözə ehtiyacımız varmı? Ancaq mən hər halda sizə səslənirəm. İçinizdə olan tək-tək işıqlı qəlblərə səslənirəm.
   
   Azərbaycanda hər zaman hər şeydən çox şair sözünə inanıblar. Ancaq bu şairləri dara çəkməyə, güllələməyə, çərlədib öldürməyə mane olmayıb. Hansısa kef məclisində şairlərdən sitat gətirib, deyilən sözlərin böyüklüyünə badə qaldırıb, sabah da elə həmin şairin yanından saymazyana ötüb keçməyə mane olmayıb. Dilimizdə və təfəkkürümüzdə vicdan, namus, qeyrət, sədaqət, ədalət, şərəf, vətən sözləri və anlayışları var, ancaq dilimizdə bu sözlərin antonimləri olan vəzifə, kürsü, pul, var-dövlət kimi sözlər də var. Bizim çox qiymətləndirdiyimiz, meylləndiyimiz hansı anlayışlar, hansı keyfiyyətlərdir? 19-cu əsrin sonlarından, Mirzə Fətəli Axundovdan başlanmış bir yol var- maarifçilik yolu. Ondan başlayıb üzü bəri - bu günə qədər davam edən yol. Bizi əyriliklərdən uzaqlaşdırmağa çalışan yol. Biz dəyişmirik. Yəni görkəmimizi, geyimimizi dəyişdiririk, zehniyyətimiz dəyişmir. Vaxtilə poçt qutusunun qarşısında oturub gözləyən novruzəlilər ola bilər ki, bu gün lap böyük-böyük vəzifələrdə çalışırlar. Amma Novruzəli olmaqdan çıxmayıblar. Niyə dəyişmirik? Yəqin səbəbləri çoxdur.
   
   Mən də bu millətin övladı olduğum üçün və xalqın bağlı olduğu ənənələrdən uzaqlaşa bilmədiyim üçün ailə sözünün mənim üçün də böyük önəmi var. Yəni fikir verirəm görürəm ki, hər kəs hər hansı bir kürsüyə oturan kimi onun ata-anasından dahi düzəltməyə başlayırlar. Ətrafdakı kiçiklər də vurnuxa-vurnuxa bu prosesin iştirakçılarına çevrilir. Övlad böyük vəzifəlidirsə, bu dünyada olmayan valideynlərin ölümdən sonrakı həyatı parlamağa başlayır. Amma həqiqətən xalqın tarixində, mənəviyyatının formalaşmasında, düşüncəsinin yaranmasında yeri olan şəxsiyyətləri tək-tək vicdanlı adamlar ki qalıblar, onlar xatırlayırlar. Vurğulamaq istəyirəm ki, tək-tək vicdanlı adamlar.
   
   Oktyabrın 14-ü Məmməd Arazın ad günüdür. Kənddə doğulmuş, özü də müharibə dövründə doğulmuş uşaqların dəqiq təvəllüd tarixi, uşaqlıq şəkilləri olmur. Özünün dediyinə görə, anası və böyük qardaşı onun isti vaxtda, yazmı-yaymı, bilmirəm, doğulduğunu söyləyərlərmiş. Sonralar pasportu yazılanda simvolik bir qeyd edirlər - 14 oktyabr. Biz də ailədə həmişə bu tarixi qeyd edirdik. Mən əslində onun hansı bürc, hansı bədbəxt ulduz altında doğulduğunu bilmirəm. Və bilmirəm ki, Tanrı ona niyə belə tale yazmışdı.
   
   Biz toplum olaraq öz böyük dəyərlərimizi dəyərsiz eləməkdə çox ustayıq. Bu mənada Məmməd Araz nə 5-6 nəfərin iştirakı ilə dəfn olunan Mirzə Cəlildən, nə ürəyi şişib partlayan Sabirdən, nə məzarının yeri bəlli olmayan Hadidən, Müşfiqdən, nə də indiyə qədər üstü açıq qalan Elçibəydən artıq oğul deyil. Bizim xalqımız şairlərini yox, nazirlərini sevir və vəsf edir. Müvafiq olaraq nazirlərinin ata-anasının dahi olduqlarına əl çalır. Sabah da nazir vəzifədən gedəndə onun nəhəng sələflərini eyni həvəslə unudacaqlar. Adını çəkdiyim və çəkmədiyim insanlar ki, var, onlar bizim düşüncəmizə, zehniyyətimizə layiq deyildirlər. Heyf ki, bu qurbağalar xorunun içində mövcudluğa məhkum olundular. Biz insana öz halal haqqının minnətlə verildiyi bir cəmiyyətdə yaşayırıq, öz halal tikəsinin ağzından qapıldığı bir cəmiyyətdə yaşayırıq. Mənəviyyatsız insan toplumu öz taleyini müəyyən edə biləcəkmi? Yadımdadır ki, atamın dəfnində Xalq yazıçısı Elçin belə bir ifadə işlətdi":: "Nakam şairimiz". Mən isə düşünürəm ki, bizim məmləkətin bütün şairləri nakamdır. Başı sığallananı da, zərbə yeyəni də.
   
   Bizi dəyişmək istəyən insanların bizə qoyub getdikləri irs ki, var, onları cəmiyyətimizə ziyanlı ünsür kimi qadağan etmək lazımdır. Eləcə də Məmməd Arazın poeziyasını. Bəzi xatırlatmalar etmək istəyirəm. Görün düz deyirəm, ya yox.
   
   
   
   Nə qədər söz udaq, dil sancaqlayaq
   
   Göyərdi pıçıltı qapı dalında
   
   Bizi anlayanı biz də anlayaq
   
   Səsimiz qovruldu qapı dalında.
   
   Söz açıq olanda göz açıq olur
   
   Göz açıq olanda "beş" "əlli" deyil.
   
   Söz açıq olanda düz düzə quldu
   
   Şapalaq zərbədi, təsəlli deyil.
   
   Ötəri hay-küydən qulağım batar
   
   Yalançı köçəri, yalan köçəri
   
   Açdım ürəyimi, açdım taybatay
   
   Xoş gördük, doğru söz, buyur içəri.
   
   
   
   Necə bilirsiniz, bizim doğru sözə ehtiyacımız var, ya yox? Ya da başqa bir parça.
   
   
   
   Meymuna əl çalmaq öyrətmə, bala
   
   O, bir gün özünü oyada bilər.
   
   İnsan dünyasından əl çala-çala
   
   Heyvan dünyasına qayıda bilər.
   
   Meymuna əl çalmaq öyrətmə, bala,
   
   Uşaqsan, bu ağır bir dərddi bəlkə
   
   Palıd yarpaqları əl çala-çala
   
   Palıda əyilmək öyrətdi bəlkə.
   
   Yaxşıya yamanlıq öyrətmə, bala,
   
   Öyrətmə meymunu, öyrətmə, bala.
   
   
   
   Deyək ki, əl çalmağı tərgitdik, hansı vərdişlərimiz qalacaq, nə işlə məşğul olasıyıq? Mən hissə-hissə yada salım, görün ziyanlıdır, ya yox.
   
   
   
   Gedir yal davası, sümük davası
   
   Gedir vurhavurla çəpik davası
   
   Gedir milyonçunun qəpik davası
   
   Çürük fikirlərin çürük davası
   
   Dünya düzəlmir ki, düzəlmir, baba.
   
   Ya da başqa bir şer.
   
   Demədim kimə "şah", kimə "yetim"sən
   
   Bu qara millətin, bu ağ millətin.
   
   Dedim ki, yemini Allah yetirsin
   
   Ağlı gödəninə calaq millətin.
   
   Payını it qapar maymaq millətin
   
   Yamaq millətlərə yamaq millətin
   
   Qadını ər doğmaz qorxaq millətin.
   
   
   Mən onun yaradıcılığından belə misraları, belə parçaları çox deyərdim - lazım bilmirəm. Ağlı gödəninə calaq millətin söz nəyinə lazımdır. Ona görə deyirəm ki, işdi, birdən kimsə belə şerləri oxuyub ayılmamış qorxulu düşüncələri qadağan eləmək lazımdır.
   
   Dekabrın birində ölümünün iki ili tamam olacaq. O vaxt bizə başsağlığı verənlərin birinci sözü bu olurdu - Məmməd Arazın vəfatı yalnız sizin ailənizin itkisi deyil, millətin itkisidir. O, yalnız sizin atanız deyil, həm də millətin atasıdır. Bu sözlərə inanımmı? Əgər belədirsə, niyə bu günləri ancaq tək-tək adamlar xatırlayır? Ona görəmi ki, onun övladları nazir deyillər? Hələ 82-ci ildə öz ad gününə yazdığı şeri xatırladım.
   
   
   14 oktyabr 49 yaşım
   
   Görüşdük onunla xəstəxanada
   
   Əyləşib dərmanım dərdim yanaşı
   
   Təklikdən qorxanda təklənir adam.
   
   Ömrün öz tufanı ömrümü didir
   
   Yox ayrı dərmanım dözümdən özgə.
   
   49 yaşıma əlvida dedim
   
   Bir kimsə bilmədi özümdən özgə.
   
   
   Belə, bütün bunları içimdən keçirə-keçirə, çözələyə-çözələyə, özümlə danışa-danışa, vuruşa-vuruşa düşünürəm ki, mən belə dünyanın...

TƏQVİM / ARXİV