adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Mart 2020 18:05
38685
ƏDƏBİYYAT
A- A+

Müdrik adam - Pərvanə Bayramqızı yazır

Onu tədbirlərdə görürdüm. "Xatirə dəftərlərinin bəzəyi olan o məşhur şeirin müəllifini gördüyümə şad olsam da yaxınlaşmırdım. Sərt insan təsiri bağışlayırdı. Bir dəfə təsadüfən yanaşı əyləşdik, üstəlik şəkil də çəkdirəsi olduq. Elə bil adamın sərtliyindən telefon da işini sərbəst görə bilmədi. Şəkil yaxşı düşmədi. Daha narahat edib "təkrar çəkdirək demədim. Babam şəkil çəkdirmək məsələsində bizi o qədər yorub ki, ağsaqqallarla şəkil çəkdirməyi çətin iş hesab edirəm. Babamla xahiş-minnətlə bircə dəfə nə çəkdirdiksə odur, ikinci dubl üçün şansımız olmur, biz hazırlaşanadək baxırsan ki, kişi təpəni aşıb. Bu "travmanın ucbatından şairə də təklif etmədim. Elə əlimdə olan şəklə şükür edib sakitcə durdum. Heç paylaşmadım da. Bir dəfə yenə AYB-də tədbirdə idik. Bir nəfər çıxışında şeir söyləməyə cəhd etdi, nə qədər çalışdısa əzbər deyə bilmədi. Bəlkə də, yaxşı çıxış edəcəkdi, amma qiraətçilik sevdası hər şeyi korladı. (Ola bilsin ki, onu pis vəziyyətdə qoyan ya səhhəti, ya da yaşı idi. Zehinli insanların sonralar yaddaşlarından gileyləndiyini azmı görmüşük?) "Sərt adamın” səbri tükəndi, özü kimi sərt tonla: – Ə, bunu əzbərlə gəl də – deyə acıqlandı. Əslində düz deyirdi, amma ürəyimdə onu qınadım, "nahaq üzünə vurdu” – deyə düşündüm. Şeiri söyləyə bilmədiyinə görə yəqin ki, ürəyində hamıdan çox özü acıqlanıb özünə. Bu dəfə də şairin haqqında öz fikrimdə qaldım. Hər rastlaşdığımızda sanki qəsdlə sərtlik edirdi ki, onunla bağlı qənaətimdə haqlı olduğumu düşünüm. Kəramət Böyükçölün onun haqqında yazısını bir müddət sonra oxudum. Yazıdan: "Böyüyəndə mən də Seyran Səxavət olacam” fikirləri diqqətimi çəkdi. Oturub yaxşı-yaxşı fikirləşdim: əgər bu adamın haqqında Kəramət kimi "hər adamı bəyənməyən istedadlı gənc” belə yazıbsa, deməli, mən gözlərimə yox qulaqlarıma inanmalıyam.

Müsahibələrində də cəsarətli çıxış hesab edilə biləcək şəkildə açıq danışır. "Müdrik” şeirini oxuyanda bildim ki, haqqında məni kimi düşünənlər çoxmuş. Özü etiraf edir:

"Mənə deyirlər ki,

həmişə dik-dik danışırsan...”

Sonra özünə haqq qazandırır:

"Nə deyirəmsə

alt-alta deyirəm...”

Hətta "boynuna alır” ki, kiməsə "tay zəhləmi tökmə dedim”. "Hər yetənə daş atırdım, çox yerlərdə baş apardım...” misrası da özü haqqında öz qələmindən çıxıb.



Seyran Səxavəti yaxından tanıyıb sevən insanlar! Bu cür "sübutlarla” şairi "ittiham” etməyimə səbrlə dözdüyünüz üçün sağ olun. Əmin olun ki, onun haqqında fikirlərim müsbət sonluqla bitdi. Niyə də bitməsin? Dərindən düşünəndə görürsən ki, o, sözün düzünü deyir, buna görə sərt görünür. Özünü də gizlətmir – "Bir gün oturduğum yerdə dilimə də haram dəydi” etirafında bulunur. Amma inanmıram ona. Ölkələri viran qoyan müharibəyə qol qoymayıb, xalqı çapıb-talamayıb. Şairliyinə salıb nə bilim nəyi nəzərdə tutub yazıb. Allah bilsin hardasa görüb ki, "hamı gözüqıpıqdır” o da olub "gözüqıpıq”. Bunu ki atalar məsləhət görüb, onda nə günah var. Heç görmüsünüz ki, bircə nəfər məmur belə bir etiraf etsin? Kimin dilinə haram dəyib? – Şairin. İnandırıcı deyil. Elə bil "Türkmənçay”, "Gülüstan” müqavilələrinə də o qol çəkib. Elə bil Qarabağın işğalına görə "kişilikdən istefa vermişəm” kimi ağır hissin əlində çabalayan deyil. Yəqin Seyran Səxavət xırda səhvlərə də haram deyir. Buna görə də ona müdrik adamsan deyirlər. Özü isə bununla razılaşmır. Elə razılaşmamağı ilə müdrik olduğunu göstərir.

Bir gün də İntiqam Mehdizadə ilə AYB-də idik. Dedi ki, gedək köhnə dostum Seyrana da dəyək. Köhnə dost deyəndə bilirsiniz də, ən əziz adam gəlir ağıla. Uşaqlığımızın, gəncliyimizin yadigarları, xatirələrimizə şərik olan insanlardır onlar. Köhnə dostlar mehribancasına görüşdülər, söhbətləşdilər. Onların söhbətləri də ədəbiyyatdır. Acgözlüklə dinləyirdim. Seyran Səxavət dostuna ərklə – "İsmayıllıya tez-tez gedirsən, nə olar, lap yaxşı. Mənim də doğulub boya-başa çatdığım rayon alınacaq, mən də gedib orda dincələcəm” – dedi. Zarafatından kədər yağdı. Qəribsəmədik ey, hər iki nəsil bir-birimizin yanımızda xəcalət çəkdik.

Səmimi insandır Seyran Səxavət. Gerçək üzü ilə yaşayır. Başqasının səhvini dediyi kimi gözəl keyfiyyətlərini də səxavətlə dilə gətirir. Mənə üz tutub dediyi kimi:

– Dostlarımız arasında ən safı İntiqamdır.

Ona müdrik deyənlərlə razılaşmadığını bilsəm də, şairi bir az da mən "əsəbləşdirəcəm” – Dostunun özündən saf olmasını etiraf etmək özü də elə müdriklikdir.