adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Mart 2020 10:27
9483
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: BÖLGƏLƏRDƏ ƏTİN QİYMƏTİ NİYƏ BAHALAŞIB?

Kimlərsə bir də görürsən nəinki ətin, hətta digər ərzaq mallarının qiymətini bir günün içərisində qaldırıb dağın başına qoyudular. Və bir günün içərisində hər hansı məhsulun qalxan qiyməti enmək bilmir ki, bilmir. Təbii ki, belə də olanda əhali süni qiymət artımından giley-güzar edir və narazılıqlar səngimək bilmir.

Onsuz da bizim millət istər təbii, istərsə də süni qiymət artımına çoxdan alışıb. Artıq bu camaat qiymətlərin artımını tez-tez görür və bunun şahidinə çevrilir. Məsələn, camaat görür ki, hər hansı məhsulun qiyməti ildırım sürətilə artır və enmək bilmir. Belə də olanda narazılıqlar və narahatlıqlar baş alıb gedir. Heç bu narazılıqlar da bir nəticə vermir ha! Çünki camaat bahalaşmadan bir az xeyirdə, bir az şərdə, bir az da orda-burda danışır, danışır, axırda yorulub əldən düşür və sonra da susur.

Camaatın da susmağından istifadə edən qüvvələr isə öz qara-qura işlərini davam etdirir və bəd əməllərdən çəkinmirlər. Ən azından ona görə ki, əhalinin zəif və incə yerini yaxşı bilirlər. Və daha doğrusu, camaatın "boş damarını” tutmağı bacarırlar.

Məsələn, indi də bir neçə gündür ki, bölgələrdə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların ətinin qiyməti bahalaşıb. Belə ki, bir həftə bundan əvvəl dana ətinin bir kiloqramı 10 manata satılırdısa, indi 10 manat 50 qəpiyə, 11 manata satılır. Qoyun və quzu ətinin qiyməti də kəllə-çarxa çıxıb. Quzu ətinin 1 kiloqramı 12 manata deyil, 13 manata satışa çıxarılıb. Hələ rayondakı bəzi qəssablar deyirlər ki, ola bilər quzu ətinin kiloqramını bayramqabağı 14 manata sataq.

Bölgələrdə ətin qiymətinin bahalaşmasını otun və yemin dəyərinin artması ilə əlaqələndirirlər. Məsələn, qəssabların əksəriyyəti bildirir ki, bütün rayonlarda otun və yemin qiyməti qalxıb. Hansı ki, bu qiymət artımı bir o qədər də normal deyildir. Əgər yanvar-fevral aylarında otun və yemin qiyməti sabit idisə, əcəba, bəs necə oldu üzü yaza doğru gedəndə, martın ilk günlərində qiymətlər belə qalxdı?! Axı təsərrüfatlarda və həyətlərdə qış üçün əvvəlcədən toplanmış ot bağlamaları kifayət qədərdir. Və eyni zamanda həmin yemlər tükənməyib. Sahibkar, fermer isə gedib bazardan əlavə ot bağlaması və yem almayıb.

Kənd Təsərrüfatı mütəxəssislərindən biri olan ekspert İnşallah Hüseynov isə bildirir ki, əgər yanvar-fevral aylarında mal ətinin qiyməti bahalaşmayıbsa, indiki bahalaşmanın bir o qədər də obyektiv olması ağlabatan deyildir. İkincisi də Bərdədə, Beyləqanda, İmişlidə və digər yerlərdə mal bazarlarına satışa çıxarılan iribuynuzlu və xırdabuynuzlu heyvanların qiymətində heç bir artım yoxdur. Qiyməti çox vaxt qaldıran o heyvanların alışı və satışı ilə məşğul olan ikinci və üçüncü əl adamlarıdır. Onlar bəzən mal sahibindən daha çox qazanc əldə edirlər. Bu məsələyə heç də birmənalı yanaşmaq ədalətli olmaz. Ona görə ki, burda ikinci əllə yanaşı, həmin heyvanların kəsimi və satışı ilə məşğul olan qəssablar da var. Bax həmin qəssablar da az aşın duzu deyillər. Çünki bir çox halda qəssablar elə özləri qaz vurub qazan doldurmaq üçün süni qiymət artımı yaradırlar. Əvvəl onlar qiyməti qaldırır və görür ki, nə bu qiymət artımından camaat narazılıq eləyir, nə də süni qiymət artımına nəzarət edən dövlət qurumları məsələlərə obyektiv yanaşmırlar. Belə durum şübhəsiz ki, nəzarətsizlik üzündən davam edir, qiymətlər isə bir qədər də yüksəlir.

Bəziləri deyirlər ki, bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların ətinin qiymətinin qalxması məsələn, Bakıda və digər şəhərlərdə mal ətinin qiymətinə təsir etməyəcək. Amma bu fikirlə də razılaşmaq olmur. Həmişə bölgələrdə ətin qiyməti qalxdıqdan bir müdət sonra Bakıda da bahalaşma hiss olunur. Deməli, bölgələrdə qalxan qiymətin dalğası nə vaxtsa paytaxta da öz təsirini göstərəcəkdir.

Çünki Bakıda bu gün mal ətinin 1 kiloqramının qiyməti 11 manat 50 qəpiyə, quzu ətinin kiloqramı isə 13-14 manata satılır. Deməli, heç kim zəmanət verə bilməz ki, 5-10 gündən sonra belə getsə, Bakıda mal və qoyun ətinin qiyməti bir-iki manat artmayacaq.

Əgər əlaqədar qurumlar mal və qoyun ətinin qiymətindəki süni artımın qarşısını vaxtında almasa, bu bahalaşma get-gedə daha da yüksələcək. Bahalaşmadansa ən çox əziyyət çəkən aztəminatlı ailələr və təqaüdçülər olacaqdır. Çünki sirr deyil ki, o təqaüdlə insanlar bu bahalaşma dövründə bayramqabağı nə bazarlıq eləyəcək, nə də süfrələrində ürəyi istədikləri ərzaqları görəcəklər. Təbii ki, hər bir bahalaşma isə istər varlı, istərsə də kasıb adamın büdcəsinə öz mənfi təsirini göstərir.