adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Mart 2020 10:20
122095
MÜSAHİBƏ
A- A+

Şahbaz Xuduoğlu: “Atamdan sonra o evi dağıdıb başqa ev tikmişdilər...” - MÜSAHİBƏ

Adalet.az "Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlunun müsahibəsini təqdim edir:

- Şahbaz bəy, Feysbuk səhifənizdə gördüm, kəndlə bağlıxatirələrinizi, kənd məktəbindən təəssüratlarınızı paylaşmışdınız. Tez-tez gedirsiniz kəndə?

- Son altı ayda bir az tez-tez getməyə başlamışam. Tez-tez deyəndə, gedirdim, bir gecə qalıb qayıdırdım. Son beş-altı ildə ilk dəfə iki gün qaldım və kəndi gəzdim.

- Son vaxtlar tez-tez getməyinizin nəsə xüsusi bir səbəbi var?

- Doğrusu, atam rəhmətə gedəndən sonra kənddə onun yaşadığı, bizim böyüdüyümüz evi dağıdıb bir az aralıda başqa bir ev tikmişdilər.

- Kim dağıtmışdı?

- Qardaşlarım. Ümumi bir qərar alınmışdı ki, təzə ev tikilsin. Ondan sonra mən xeyli vaxt kəndə getmədim. Mənə elə gəlirdi ki, o ev köhnə də olsa, uçurulması yanlışdır. Səhv eləmirəmsə, uzun fasilədən sonra keçən ilin yanvar ayında getmişdim. Qarlı bir gün idi, qardaşlarım, qohumlarla köhnə evimizin yerində dayanıb söhbət edirdik. Birdən dedim ki, mən mütləq burda nəsə tikməliyəm. Elə də elədim. Orda ev tikdirdim. Əvvəlcə istəyirdim, atamın tikdiyi evi olduğu kimi bərpa eləyim. Sonra gördüm, o vaxtkı evdən, demək olar, heç nə qalmayıb. Torpaqdan tikilmiş bir ev idi, bir-iki şalbandan başqa heç nə qalmamışdı, onlar da istifadəyə yaramırdı. Ona görə də, kiçik, amma içində bütün şəraiti olan bir ev tikdirdim, artıq hazırdır.

- Bundan sonra orda daha çox vaxt keçirəcəksiniz?

- Yox. Tikildi, getdim, gözəldir, bəlkə yenə də gedəcəyəm. Bütün hallarda bilirəm ki, orda qışda da, yayda da hər şəraiti olan bir yer var. Artıq yazıçı, rəssam dost-tanışlarıma da demişəm. Getmək istəyən olsa, orda oturub sərbəst işləyə bilər. Eyni zamanda özüm də uzaqlaşmaq istəsəm, gedib orda rahat işləyə bilərəm. Əslində ev tikmək və sonra ilk dəfə özüm tikdiyim evin içində qalmaq mənim üçün tamamilə qeyri-adi və çox gözəl hiss idi. Burdakı evimi hazır almışam. Düzdür, orda da müəyyən tikinti işləri aparılıb, amma bu, tamam başqa bir şey idi. O evdə hər şey var: birincisi, atanla, ananla, ailənlə bağlı xatirələr; sonra uşaqlığının keçdiyi bir yerdir, hər şeyi yenidən hiss edirsən, o dövrə qayıdırsan. Nədənsə məndə son vaxtlar keçmişə qayıtmaq, keçmiş xatirələri canlandırmaq istəyi intensivləşib. Yəqin, qocalıqdandır. Zarafat eləyirəm. Sadəcə, yəqin, insan içini axtardıqca hansısa bir yerə çıxır və orda qalmaq istəyir. Və ordan dünyanı təzədən eşələməyə başlayırsan. Bununla bağlı yadıma bir hadisə düşdü.

Bir dəfə Niyazi Mehdinin oğlu Ştefan Almaniyadan gəlmişdi. Deyəsən, Ştefan uşaq olanda ayrılmışdılar və sonra bir-birilərini görməmişdilər. Bura gələndə Ştefanın otuz neçə yaşı vardı. Onu İçərişəhərdə gəzdirirdik. Oturub çay içəndə soruşdum ki, necə oldu, birdən-birə atanı axtarmaq fikrinə düşdün. Dedi ki, nədənsə tarixlə öz aramda bir boşluq hiss eləməyə başlamışdım. Gəldim bura, Niyazi ilə görüşəndən sonra – adıyla müraciət eləyirdi atasına – gördüm ki, o boşluq yoxdu artıq. Məndə belə bir boşluq yox idi. Sadəcə mənə elə gəlirdi ki, pisdir deyə tarixi dağıtmaq olmaz, nə varsa, onu qorumaq lazımdır. Yaşadığın heç nəyə görə təəssüflənməməlisən. Pisdir, ya da yaxşıdır, sən onu artıq yaşamısan. Çalış, irəliyə bax, irəliyə get, ancaq eyni zamanda köhnələri də hansısa şəkildə qorumaq lazımdır.

- Sizin ailənizlə münasibətləriniz, uşaqlığınız, gəncliyiniz barədə danışdığınız müsahibələri oxumuşam və bir az çətin keçdiyini bilirəm. Ev, ailə sizin üçün nədir?

- Zaman keçdikcə görürəm ki, bioloji bağlılıqlar bizdə həddindən artıq şişirdilir. "Bu mənim qardaşımdır”, "bu mənim bacımdır, atamdır” və s. kimi cümlələr məndə ikrah hiss yaradır, həmişə belə şeylərdən qaçmağa çalışmışam. Mənəvi bağlı olduğun, sənə həddindən artıq doğma olan elə adamlar, onların verdiyi elə şeylər var ki, dünyadakı heç bir bioloji bağ onu vermir.

- Ailə bağları sizə necəsə əziyyət verdiyinə görə belə fikirləşirsiniz, yoxsa ümumi qənaətinizdir?

- Əslində ailə bağlarının heç bir əhəmiyyəti yoxdur demək də olmur. Bir də görürsən, qapını döyürlər və səndən elə bir tərzdə yardım istəyirlər ki, imtina eləyə bilmirsən.

- Çox güman ki, bunun bağlardan daha çox imkanlarla əlaqəsi var.

- Doğrudur. Qohum bağları ilə məsələ belədir ki, bizdə axmaq ənənələr var idi və zaman keçdikcə mən o şeyləri qəbul etməməyə başladım. Məsələn, bütün qohumlarıma dedim ki, əgər qohum evliliyi varsa, məni toya dəvət eləməyin. Bitki də bitdiyi torpaqda heç vaxt yaxşı bar vermir. Verir e! Amma verdiyi bar cır olur. Torpağı həmişə dəyişmək, bitkini calaq eləmək lazımdır. İnsan da belədir. Niyə Avropada təhsil Azərbaycandakından daha fərqlidir, daha effektivdir? Çünki onlar övladlarını uşaq vaxtından səyahətə, sərbəstliyə alışdırırlar, məktəblə səfərə göndərirlər. Hələ mən görməmişəm ki, Bakıda bir məktəb özünün səkkizinci sinfini, deyək ki, Yardımlının bir dağ kəndindəki səkkizinci siniflə barter eləsin. Onlar gəlib bir ay burda oxusunlar, burdakılar orda. Burdakı uşaqlar onların həyatı ilə tanış olsunlar, Yardımlıdakılar Bakıdakı uşaqların. Görsünlər, yaşıdları nə ilə nəfəs alırlar, necə yaşayırlar. Elə bir şərait yoxdur. Bəzi ölkələrdə bunu çox asanlıqla eləyə bilirlər, çünki orda təhsil sistemi var, hər şey uşaqların gələcəyi naminədir. Keyfiyyətli təhsil keyfiyyətli tərbiyə ilə bağlıdır. Təəssüf ki, bizdə belə deyil. Bizdə hər şey qohum institutuna çox bağlıdır.

Bax, bu dəfə kəndə gedəndə bir gənc oğlanla tanış oldum. Sağlam, cüssəli, boylu-buxunlu bir gəncdir. Kənddə internet, telefon naqilləri işinə baxır. Xüsusi ayaqqabası var, onu geyinir, dirəklərin başına çıxır, telefon, internet naqillərini yoxlayır, dəyişir, təmir eləyir və s. Onunla söhbət eləyəndə bəlli oldu ki, əvvəl atası, sonra anası onu atıb Rusiyaya gedib, nənəsi böyüdüb oğlanı. İndi nənəsi çox yaşlıdır, yerindən tərpənə bilmir. Oğlan deyirdi ki, mən burda qala bilmirəm, amma getsəm, nənəm kimsəsiz qalacaq, burda qalıb nənəmə baxmalıyam. Başa düşmürsən, bu, haqq kimindir – nənənin, yoxsa uşağın? Uşaq gedib həyatını qurmağa cəhd etməlidir, yoxsa qalıb nənəsinə baxmalıdır? Bu, nə deməkdir? Bu, o deməkdir ki, sənin normal, işlək sosial sistemin yoxdur. O nənə orda qalsa, baxan olmayacaq. Uşaq da məsuliyyətini hiss eləyir, vicdan borcudur, qalıb nənəsinə baxır, belə şeylərlə zəncirlənib, azad ola, həyatını qura bilmir. O gənc kənddə qalsa, məhv olacaq. Ordakı insanları unudublar. Kəndin kitabxanası bağlanıb, klubu bağlanıb. O klubda neçə adam çalışırdı…

- Kənddə yaşayan çoxdur, yoxsa boşalıb?

- Xeyli boşalıb.

- Kitabxana istifadə olunmadığı üçün bağlanmış ola bilərmi?

- Gələn oldu, ya olmadı, o kitabxana qorunmalıdır. Kitabxana dövlətin ordakı bir göstəricisidir. Necə ki "Azərpoçt” var, kitabxana da olmalıdır. Bu, dövlətin nişanəsidir, o deməkdir ki, dövlət ordakı insanları düşünür. Orda kitabxana və klub yoxdursa, deməli, orda dövlət də yoxdur, dövlət düşünmür bu insanları. Bu, çox kədərli bir mənzərədir. O insanlar həddindən artıq nihilist bir durumdadılar. Onları heç nə cəlb etmir, onları heç nə düşündürmür, onlar heç nə etmək istəmirlər. Onların günü açılır və günü batır, vəssalam. Beləcə, həyatlarına davam edirlər. Daim şikayət, hər şeydən narazı…

- Kitabxana olsaydı, şikayət etməzdilər?

- Kitabxana olsaydı, onların həyatı bir az əyləncəli ola bilərdi. Mənə elə gəlir ki, kitablar həyata bir ritm qatardı.

- Sizcə, sosial problemlərin içində çabalayan insanı kitab oxumaq maraqlandırar?

- Bilirsiniz, mənə elə gəlir ki, bəzən insanlar sosial problemləri həddindən artıq şişirdirlər. Deyəsən, Mark Avrelinin sözüdür, deyir ki, fikir insanı həm xoşbəxt eləyir, həm bədbəxt. Yəni hər şey sənin necə düşünməyindən asılıdır. Bəzən biz həddindən artıq pis düşünməklə özümüzü də pis günə qoyuruq. Məncə, yanaşma tərzini mütləq dəyişməliyik. Mən bilirəm ki, Azərbaycan sosial vəziyyətin yaxşı olduğu ölkə deyil. Ancaq mənim dediyim şeyin sosial problemlərə aidiyyatı yoxdur. Hər şey düşüncədən yaranmır, amma çox şeylər insanın öz düşüncəsində yaranır. Yəni, məncə..

- Bayaq gənc oğlan haqqında danışdınız, çox çarəsiz vəziyyətdə olduğunu dediniz. Sizcə, çarəsizlik içində çırpınan insanlardan pozitiv düşünmələrini gözləmək onlara qarşı çox böyük bir tələb deyilmi?

Çox məşhur bir dövlət adamından hakimiyyətə gəlməmişdən əvvəl soruşurlar ki, sən nə edəcəksən? Birinci səhiyyəni düzəldəcəksən, təhsili düzəldəcəksən, yoxşa başqa yerdən başlayacaqsan? Adam cavab verir ki, mən insanın ruhunu düzəldəcəyəm. Mahatma Qandi nə edirdi? O, insanlara ruh verirdi. Çörçil insanlara ruh verirdi, Atatürk insanlara ruh verirdi.

- Onlara ruh verən də yoxdur, axı.

- Mən də deyirəm ki, onlara birinci növbədə ruh vermək lazımdır. Yəni o kitabxana, o klub da insanlara ruh vermək üçündür. Bilsinlər ki, burda da həyat var. Burda da bəzən konsertlər var, yeni kitablar var. Yəni onları unutmayıblar. Bəlkə mən həddindən artıq dramatikləşdirirəm, hətta orda yaşayan adamlar özləri bunun fərqində deyillər, kənardan mənim fikirlərimə baxırlar və birdən-birə başa düşürlər ki, doğrudan da, belə şeylər var, biz görməmişik. Məsələn, mən son dəfə kəndə gedəndə məktəbdə ayaqyolunun, hətta suyun olmamasından yazdım. Çox böyük, hündür, gözəl bir məktəb var. Amma bu gözəl məktəbə girəndə böyük bir soyuqluq, zəhm hiss eləyirsən, müəllimlərin sifətlərindən sərtlik yağır. Necə ola bilər ki, o boyda məktəb tikilsin, onun içinə su yeri, ayaqyolu qoyulmasın.

- İnsanlar nəzərə alınmayıb tikiləndə. Göstəriş, plan üçün tikilib.

- Amma, yəqin ki, bu layihə rəhbərlikdə təsdiqlənib, rayon rəhbərliyində, Bakıda müvafiq orqanlar bunu təsdiq eləyib. Bəs baxmayıblar ki, ayaqyolu, əl-üz yuyan hardadır?

- Şahbaz bəy, məktəblərlə əməkdaşlıq eləyirsiniz?

- Mən çox istəyirəm. 2014-cü ilə qədər bizdə çıxan bütün kitablardan göndərirdim kəndə. Sonra xoşagəlməz bir hadisə baş verdi. Deyəsən, icra hakimiyyətindən gəlib o kitabları görünməsin deyə bir kənara yığırlarmış. Ondan sonra dayandırdım kəndə kitab göndərməyi. Ancaq indi fikirləşirəm ki, bu prosesi mütləq bərpa eləmək lazımdır. Doğrusu, adam istəyir ki, belə şeyləri səssiz etsin, amma mütləq nəsə eləsin. İndi mən durum deyim ki, kitabxanaya kitab verirəm, yaxşı çıxmır. Amma digər tərəfdən də bunu deməlisən ki, bəlkə başqalarına da bir mesaj olar. Çünki Axundov adına kitabxana istisna olmaqla, mərkəzdəki heç bir kitabxanaya yeni kitablar alınmır.

- Yeni kitablar almaq üçün kitabxanalar özləri müraciət eləməlidir?

- Sovet vaxtında nəşr olunan hər yeni kitabdan bir neçə nüsxə kitabxanalara göndərilirdi. Daha doğrusu, dövlət alıb göndərirdi. Bu proses indi necədir, bilmirəm. Nəsə əndrəbadi bir sistem yaradıblar. Deyəsən, kitabxanalar nazirliyə müraciət eləyir, nazirlik də kitabları alır. Əvvəllər Azərbaycanda hardasa dörd mindən çox kitabxana vardı: kəndlərdə, Bakıda, mərkəzlərdə. O kitabxanalara qarşı bir soyqırım oldu. Birinci, kirilcə olan kitabların hamısı yığışdırıldı, sonra da kitabxanaların hardasa üç minə yaxını tamam bağlandı. Dedilər ki, işçilərə maaş verməyə imkanımız yoxdur. Kitabxanalar da insanlar kimi, tədricən, Bakıya doğru gəldilər. İndi yalnız Bakıda kitabxanalar qalıb. Hətta prezidentin bununla bağlı fərmanında göstərilirdi ki, Azərbaycanda kitabxanaların yalnız 0,7%-i işlək vəziyyətdədir. Yəqin ki, 0,7%-ə milli kitabxana və Bakıda olan bəzi kitabxanalar daxildir. Məsələn, Abşeron kimi böyük bir şəhərdə sonuncu dəfə kitabxanaya 2006-2007-ci ildə kitab gedib. İstisna təkcə prezidentin fərmanı ilə çıxan bəzi kitablardır, onları həmişə göndərirlər.

- Ümumiyyətlə, bu gün Azərbaycanın kitab bazarında vəziyyət necədir?

- Əslində indi şikayət etmək üçün səbəb yoxdur. Məsələn, son kitab yarmarkası da göstərdi ki, kitaba çox maraq var. İnsanlar gəlirlər, kitab alırlar, maraqlanırlar, söhbət edirlər, kitablarla bağlı müzakirələr gedir. Sosial mediada xeyli sayda səhifələr, kitab bloqerləri yaranıb, onlar oxuduqları kitablar barədə fikirlər paylaşırlar. Bizim əsas şüarımız da belədir: hər gün yeni bir kitab. Həqiqətən, devizimizi doğrultmağa çalışırıq. Keçən il üst-üstə gələndə 250 mindən yuxarı bir tirajla dörd yüzə yaxın kitab buraxmışıq. Tiraja baxanda çox azdır, amma say etibarilə biz yenə də günə bir kitab nəşr edirik.

- Hansı kitablar, hansı janrlar daha çox maraq doğurur?

- Məsələn, Hararinin üç kitabını buraxdıq və üçü də çox yaxşı satıldı. Hətta birinci kitabın tirajı bitib, ikincini buraxmışıq. Yaxud "Millətlər necə tənəzzül edir?” kitabı. Çox ciddi kitabdır. Elmi kitablara maraq çoxdur. Bu kitablar dəfələrlə ayın ən çox satılan kitabları olub. Stiven Houkinqin "Böyük suallara qısa cavablar” kitabı da çox yaxşı satılır. Bizim insanlarda elə bir təsəvvür var ki, "Bozun 50 çaları” kimi kitablar daha yaxşı satılır. Amma belə deyil. Keçən il Salman Rüşdinin iki kitabını buraxdıq. Biri xırda hekayələri – Əkrəm Əylislinin tərcüməsində. Çox gözəl hekayələrdir. Bir də "Gecəyarısı uşaqları”nı. Bu kitabı buraxdığımıza görə sevinirəm. "Gecəyarısı uşaqları” 81-ci ildə nəşr olunub, amma müasir ədəbiyyatın zirvələrindən biri hesab olunur və bizim dildə yox idi. Bir nəşriyyat kimi bu bizim uğurumuz hesab olunur. Elə kitablar var ki, alıcısı çox olmur. Məsələn, "Stiv Cobs”. Çox alıcısı yoxdur, amma biz belə kitabları da buraxmaq istəyirik. Ya da Erix Fromm. Bu vaxta qədər onun əsərləri heç vaxt azərbaycan dilinə tərcümə olunmayıb. Və ya Saqanın "Kosmos” kitabı. Elmi-populyar ədəbiyyata aiddir. Demək istəyirəm ki, indiki dövrdə elmi-populyar ədəbiyyat çox geniş yayılıb və dünyada çox tez parlayan yeni müəlliflər var. Biz də çalışırıq ki, onları vaxtında azərbaycan dilinə tərcümə eləyək. Hamısı rəsmi hüquqları alınmaqla çap olunur. Əsasən, xarici ölkələrdə keçirilən kitab yarmarkalarında alırıq çap iznlərini. Mən o yarmarkalara öz hesabıma gedirəm. Heç vaxt rəsmilərlə birlikdə qatılmamışam. Təəssüf ki, azərbaycan stendi həmişə son dərəcə rəsmi görünür. Sanki o yarmarkalar bir ədəbiyyat festivalı, ədəbiyyat hadisəsi deyil, daha çox qurultay xarakterli bir şeydir. Bu, bizi çox narahat eləyir. Mən dəfələrlə demişəm ki, elə yarmarkalara bizim yazıçılarımız getməlidir, nə vaxta qədər kitabxanaçıları aparacaqsınız?

- Heç belə bir təkliflə səlahiyyətli orqanlara müraciət eləmisiniz?

- Dəfələrlə. Son yarmarkadan sonra mədəniyyət nazirliyi bildirdi ki, kimin nə təklifi var, bizə yazsın. Mən də təkliflərimi yazıb göndərdim. Başa düşürəm, ola bilsin, dövlətin belə tədbirlər üçün büdcəsi azdır. Amma kitab yarmarkasında kitabxanaçılar yox, müəlliflər – yazıçılar, şairlər iştirak etməlidilər. Milli kitabxananın direktoru Kərim müəllim özlüyündə pis adam deyil, amma o, kitabxanaçıdır. Kitabxanaçının kitab yarmarkasında işi yoxdur. Gürcüstanda bu işi naşirlər assosiasiyası təşkil edir. Bütün gənc yazıçılar iştirak edirlər, xarici yazarlarla ünsiyyət qururlar, hansısa bir mühitə düşə bilirlər. Kitabxanaçılar isə orda yalnız bizim kitabları nümayiş etdirirlər, bu qədər. Olsun e! Bir nəfər də kitabxanaçı olsun, amma müəllifləri də aparsınlar. Bu işlə, az qala, otuz ildir, məşğul olan mən hələ görməmişəm ki, Azərbaycan stendinin qarşısında bir nəfər 20-30 yaşlı yazıçı olsun. Yoxdur. Heç kimi aparmırlar. Niyə aparmırsınız, axı? Heç olmazsa, hər yarmarkaya birini aparın.

- Ümumiyyətlə, heç kimi? Ramiz Rövşən, Anar? Onlar da olmur?

- Onları bəlkə də aparırlar. Moskvada olan yarmarkalara. Bilmirəm. Amma gənclər getməlidilər. Qoy getsinlər, avropadakılarla ünsiyyətdə olsunlar. O yarmarkalarda müxtəlif mövzularda müzakirələr olur. Həmin müzakirələrə qatılsınlar, beynəlxalq ədəbi mühiti hiss eləsinlər. Bir fransız gənci ilə bir azərbaycanlı gənci ünsiyyət qursun. Baxsınlar görsünlər, fransız nədən yazır, azərbaycanlı gənci nə düşündürür. Bu, çox önəmlidir.

- Bir sənətşünas kimi şikayətim var. Xeyli sayda elmi-populyar əsərlər nəşr edirsiniz. Niyə kinoya, teatra aid elmi əsərlər, nəzəriyyələr nəşr olunmur? Kinoda, teatrda xeyli yeni şeylər baş verir, müxtəlif proseslər gedir, bizdə isə hələ də "Fellini Fellini haqqında”, ya da Tarkovskinin gündəlikləri oxunur. Şübhəsiz ki, Fellini, Tarkovski dahidilər. Amma yeni cərəyanlar, yeni rejissorlar haqqında çox gözəl kitablar var ki, azərbaycan dilinə tərcümə olunmur.

- Biz Müşfiq Hətəmovun təklifi ilə Zaxavanın "Aktyor və rejissor sənəti” kitabını buraxmışdıq. Az tirajla da olsa, çıxdı. Amma o kitabdan ayda heç bir dənə də satılmır.

- Müşfiq müəllim kitabın çapına təşəbbüs göstərməklə kifayətlənməməliydi, təqdimatını da keçirməliydi, ya da hansısa başqa formada belə kitab olduğundan xəbərdar eləməliydi bizi.

- Hər halda biz buraxmışıq. Bu bir. İkincisi isə, kinoşünaslar, teatrşünaslar, rəssamlar və s. akademik yanaşmanı unutmalıdılar: mən gərək beş gün fikirləşəm, altıncı gün ilham gəlsin, yazam. Yox. İndi çox sürətli bir dövrdür, sayğac yazır. Məsələn, Rusiyada "Leviafan” (rej: Andrey Zvyaqintsev) filmi çıxdı. Niyə onun haqqında dərhal bir dənə kitab yazılmadı? Böyük kitab olması vacib deyil. Hansısa sənətşünasımız, məsələn, siz onun haqqında bir kitab yaza bilərdiniz. Axı, bu, cəmiyyəti maraqlandıran bir məsələdir?! Alıb oxuyacaqdılar ki, görək, bu, necə filmdir. Yaxud "Parazitlər” filmi "Oskar” aldı. Onun haqqında dərhal bir kitab yaza bilərdiniz. Mən "Parazitlər”in mükafat alacağını heç gözləmirdim, amma aldı.

- Niyə gözləmirdiniz?

- Ona görə ki, onunla yanaşı başqa maraqlı filmlər də vardı, məsələn, "1917”. Mənə elə gəlirdi ki, operator işinə görə mükafatı mütləq ona verəcəklər.

- Və verdilər. Siz "Ən yaxşı film” nominasiyasında hansı filmin "Oskar” almasını istəyirdiniz?

- "Parazitlər” filmi qeyri-adi yanaşma tərzinə görə, doğrudan da maraqlıydı. Birinci, o mühit – yəni Koreya bizim üçün həmişə qaranlıq olub – insanlar orda necə yaşayır, zənginlər kasıblara necə məğlub olurlar.

- Sizcə, bizdə elə hadisə baş verə bilməz? Yəni o filmdə baş verənlər Azərbaycan üçün real deyil?

- Bəzən reallıq o qədər dəhşətli, faciəvidir ki, biz onu təssəvvür belə edə bilmirik. Yəni tamamilə mümkündür ki, olsun.

- "Parazitlər” filmində baş verənlər sırf Koreya üçün xarakterik əhvalat deyil. Kasıb təbəqə və varlı təbəqə, onların bir-birinə nifrət etməsi, amma ikisinin də bir-birindən asılı olması və bir-birinin hesabına yaşaması. Məncə, bu, dünyanın hər yerində mümkündür.

- Məncə də, mövzu çox universaldır. Universal olmayan aktyor oyunu, baş verənlərin necə göstərilməyidir. Bu, onlara xas üslubdur. Bir də "Dovşan Jojo” filmini bəyənmişdim, mənə çox təsir eləmişdi. Ümumiyyətlə, bu tarixi hadisələr müxtəlif formada təkrarlanır həyatımızda, hər dəfə də fərqli yanaşma görürük. Heç vaxt bir-birini döymür. Məsələn, "Kitab oğrusu” tamamilə fərqli yanaşmaydı müharibə mövzusuna, "Dovşan Jojo” tamamilə fərqli. Yaxud da mən "Zolaqlı pijamalı oğlan” adlı bir kitab tərcümə eləmişdim. O da eyni mövzudaydı, amma tamamilə fərqli bucaqdan göstərilmişdi. Mən bizim faciələrimizlə bağlı qaldırılan ah-zarı görəndə fikirləşirəm ki, niyə bir dənə sənət adamı yoxdur ki, onlara faciədən bu cür danışmağın effektiv olmadığını başa salsın. Yəhudi soyqırımı ilə bağlı o qədər gözəl filmlər çəkilib ki. Hamısında o xətt elə qədər ehtiyatla aparılır ki, heç birində hansısa tərəfə nifrət yoxdur, sadəcə faciənin özü göstərilir. Sonra "Coker” də xeyli müzakirə olunan filmlərdən idi. O filmdə aktyor oyunu, şübhəsiz, mükəmməl idi. Ümumiyyətlə, kinoda da, ədəbiyyatda da insan faktoru daha çox qabardılan əsərlər uğur qazanır. İnsanı göstərmək, onu anlamaq…

- Şahbaz bəy, filmlərə çox baxırsınız?

- Əsasən, istirahət günlərində.

- Üstünlük verdiyiniz bir janr, üslub varmı?

- Bu barədə heç fikirləşməmişəm, amma məsələn, "Leviafan” kimi filmlərə baxmağı sevirəm. Əgər film görünəndən başqa bir şey də demək istəyirsə, o film mənə həmişə maraqlı gəlib. "Osmanlı imperiyası”na da (Neftlixin "İmperiyaların yaranması: Osmanlı” filmi) baxdım. Osmanlı imperiyasının genişlənməsindən, inkişafından bəhs eləyir. Mənə çox maraqlı gəldi. Sənədliliklə bədiilik qarışdırılmışdı. Çox gözəl işlənmişdi, mən çox bəyəndim.

- Şahbaz bəy, rəqəmsal dövrdə yaşayırıq və rəqəmsallaşma kitablardan da yan keçməyib, elektron kitablar, riderlər geniş yayılıb. Nəşriyyyatlar bununla necə ayaqlaşırlar? Kağız kitabın arxa plana düşmək ehtimalı varmı? Konkret "Qanun” nəşriyyatı bu istiqamətdə hansısa işlər görürmü?

- Biz istəyirik ki, elektron kitablar olsun, olmasına da çalışırıq. Amma bizdə elektron kitabdan istifadə mədəniyyəti hələ formalaşmayıb. Hamı piratçılıq eləyir. Kitabı elektron variantda sayta qoyursan, sistemi sındırıb yükləyirlər, çoxaldırlar, satın almırlar. Bu da elektron kitabın inkişafına ciddi mane olur. Amma biz o piratlara qalib gələcəyik, çünki bunu mütləq eləmək lazımdır. Biz "Bookmate”lə işləyirik, onun Azərbaycandakı partnyoruyuq. Onlar bizim kitabların elektron variantını satırlar, amma tez-tez pirat hücumlarına məruz qalırlar. Buna görə, məyus oluruq, amma işləməyə davam edirik.

- Necə bilirsiniz, kağız kitabın aktuallığını tamamən itirmək ehtimalı varmı?

- Mən hələlik elə bir şey görmürəm. Hər halda bizim nəslə deyə bilərəm ki, 100% arxayın olsunlar, hələ kağız kitablardan xeyli müddət istifadə eləyəcəklər. Son bir-iki ilin hesabatlarına görə – söhbət Avropa Naşirlər Assosiasiyasının hesabatından gedir – kağız kitabın həcmi artır. Bu, o deməkdir ki, elektron kitabla kağız kitablar bir-birini öldürmür, paralel inkişaf edir.

- Elmi kitabların tərcümələrində mütəxəssislərlə əməkdaşlıq eləyirsiniz? Bunu soruşmağımın səbəbi var. Mən sizdən Freydin "Psixoanaliz”ini almışdım, cəmi on səhifə oxuya bildim. Terminlər, ümumiyyətlə, bütöv abzaslar səhv tərcümə olunmuşdu. Eynilə Nitşenin "Zərdüşt belə söylədi” kitabını da oxumaq mümkün deyildi. Axırda internetdən hər ikisinin ruscasının tapıb oxudum. Yəni belə əsərlər hər tərcüməçinin öhdəsindən gələcəyi mətn deyil.

- Sizə xeyli ziyan vurmuşuq ki?! Burda bir problem var. Ya mütəxəssis dili yaxşı bilmir, elə bir formada tərcümə edir ki, onu dilçi qəbul etmir. Dilçi tərcümə edəndə isə mütəxəssis deyir ki, yox, terminologiyası yanlışdır, düzgün istifadə olunmayıb. Odur ki, bunun ortasında nəsə eləmək lazımdır. Ya dilçi tərcümə etməlidir, mütəxəssis redaktə, ya da əksinə. Bəzən hər iki tərəf çox mühafizəkar yanaşır işə, deyirlər ki, mənim tərcümə etdiyim mətni dəyişmək olmaz, mübahisələr yaranır. Amma "Zərdüşt belə söyləmişdir” əsərini ikinci dəfə – Veysəllinin tərcüməsində çap edəcəyik. Birbaşa alman dilindən tərcümə olunub.

- Mən oxuduğum Əlisa Nicatın tərcüməsi idi.

- Hə, onu mən də oxumuşdum, kifayət qədər səhv vardı. O tərcümə ki uğursuz olur, onu yenidən tərcümə etdirməyə çalışırıq. Düzdür, bəlkə bu, oxuculara münasibətdə bir az ədalətsiz yanaşmadır, amma neynəyə bilərik?! Artıq hansı ədəbiyyatı kimin tərcümə etməli olduğunu bilirik. İndi çıxan elmi kitablarımızda elə nöqsanlar görməzsiniz. Hararinin kitabları, "Millətlər necə tənəzzül edir?”, "Kosmos” kitabları, yaxud Stiven Houkinqin əsərləri buna sübutdur.

- Son sualım. Siz seçki prosesini ciddi izləyirdiniz, saxtakarlıq videolarını paylaşırdınız, gəncləri dəstəkləyirdiniz. Sabir Rüstəmxanlının yenidən namizədliyini verməsinə münasibətiniz necə oldu?

- Sizə səmimi bir şey deyim. Mənə elə gəlir ki, Vəfa Nağı çox böyük bir qəhrəmanlıq etdi. Getdi, oxudu, gəldi, getdi Neftçalaya, ordan bələdiyyəyə namizədliyini verdi və şükür ki, seçildi. Sabir müəllim Neftçaladan namizədliyini verəndə demişdim ki, Vəfa Nağı da eyni dairədən namizəd olsa, mən Vəfaya səs verəcəyəm. Yaxşı ki, Vəfa ordan namizədliyini vermədi. Mən Sabir müəllimin yerinə heç nə deyə bilmərəm. Nə qədər ki kiminsə həyatına müdaxilə etmirsən, o da sənin həyatına müdaxilə etmir.

- Millət vəkilliyinə namizədliyinə, ya da seçilməsinə münasibət bildirmək Sabir Rüstəmxanlının həyatına müdaxilə eləmək deyil, axı?! O, təkcə sizin qardaşınız deyil, həm də ictimai fiqurdur.

- Əgər belə bir istəyi olubsa, mən nə deyə bilərəm ki? Amma mən onun yerində olsaydım, bəlkə də bunu eləməzdim. Onsuz da Sabir müəllimi hər kəs tanıyır. Onun belə bir ehtiyacı, sıxıntısı yox idi, olmamalıydı. Adətən, insan hansısa bir səlahiyyətə niyə can atır? Çünki səlahiyyətə görə ona hörmət qoyulur, səlahiyyətinə görə onu qəbul eləyirlər. Amma o, elə deyildi, axı?! Həmin Sabir idi, xüsusi səlahiyyətə ehtiyacı yox idi. Ancaq namizədliyini verdi. Ümumiyyətlə, seçki məsələsi aktuallaşanda mən çox optimist idim və dostlarımın bu prosesə qatılmasını istəyirdim. Doğrudur, xeyli sayda gözləmədiyimiz hallar oldu, istədiyimiz nəticəni almadıq. Amma eyni zamanda xeyli sayda yaxşı, bacarıqlı insanları görüb tanıdıq. Məsələn, Azər Qasımlı mənim üçün həqiqətən bir tapıntı idi. Təbliğat aparmaq qaydası, ardıcıllığı, peşəkarcasına yanaşması. Mən onu görəndə çox sevindim. Sonra Vəfa Nağı kimi, Nurlana Cəlil kimi cəsarətli qızlar vardı. Mehman seçki prosesini çox unikal bir formada aparırdı, ümumiyyətlə, seçki prosesində çox cəsarətli, təkrarsız rol oynadı. Bu mənada mən onlar kimi yanan işıqları daha faydalı hesab eləyirəm, nəinki sönən işıqları. Digər tərəfdən böyük saxtakarlıqlar olsa da, bu seçkilər cəmiyyəti xeyli aktivləşdirdi, hər kəsi prosesə cəlb etdi, hamı seçki ilə maraqlandı. Saxtakarlar da o videolarda, ən azı, özlərini görə bildilər. Onlar sonra necə… Hərçənd baxacaqlar.

- Şahbaz bəy, axırıncı sual dedim, amma koronavirus yadıma düşdü. Qanun nəşriyyatı bir həftə əvvəl- yəni virusun Azərbaycana "gəlişi” gündəmə düşər-düşməz "Korona virusu” adlı kitab buraxıb. Bu xəbəri görəndə ilk ağlıma gələn "nə tez” sözü oldu. Amma indi kitaba baxıram və görürəm ki, bu, iki günə hazırlanmış kitab deyil, üstündə birinci cild olduğu yazılıb.

- Yox, bu kitab geneologiya, viruslar haqqındadır və çoxdan hazırlayırdıq. Mən cild qoyulmasının tərəfdarı deyildim, müəllif təkid elədi. Adı da bir az fərqli idi. Mən dedim ki, əgər içində korona virusu haqqında yazılıbsa, adı da elə bu olmalıdır. Yəni oxucumuza xəyanət eləməmişik, sadəcə yolunu qısaltmışıq. Bir şey danışım. İlon Maskın gəmisi kosmosa uçmalıydı və mən bunun hansı tarixdə baş verəcəyini bilirdim. Bu, elə bir hadisəydi ki, yanından keçib getmək olmazdı. Mən dərhal İlon Maskla bağlı bir kitab tapdım, tərcümə etdirdim və çapa verdim. İlon Maskın gəmisi uçan gün bizim kitab da çıxdı.

- Bu sizin yaxşı biznesmen olduğunuzdan xəbər verir.

- Bəzən bu cür şeylər, həqiqətən, düşünülmüş formada olur. Mütləq hansısa bir damarı tutmaq, onu hiss etmək lazımdır. Mən istəyirəm ki, oxucular da nəşriyyatın damarını tutsunlar. Bilsinlər ki, belə bir nəşriyyat var və əgər İlon Maskın gəmisi uçursa, deməli, nəşriyyatda mütləq onunla bağlı bir şey olacaq. Əgər koronavirus varsa, mütləq bununla bağlı bir şey olacaq. Yaxud hansısa film mükafat alacaqsa, dünya futbol çempionatı olacaqsa, deməli, bu nəşriyyat onunla bağlı nəsə buraxacaq.


Söhbətləşdi: Aygün Aslanlı

Mənbə: azlogos.eu