adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Fevral 2020 15:40
67125
ƏDƏBİYYAT
A- A+

Nigar Arif: Ayrılıq qapısında

İçimdəki səs

Bir səs gəlsə uzaqdan,
çağırsa gedənləri...
Axtarıb tapsa bir-bir
gözümdən itənləri,
qəlbimdə susanları,
dilimdə bitənləri...
Bir səs gəlsə uzaqdan,
Gəlsə,lap yaxın olsa...
Illərin dostu kimi,
Könül yoldaşı kimi
Keçmiş qayğılarımdan
Təzə qayğılaradək
gəlib dadıma çatsa,
əl tutsa bacım kimi,
Əlim çatmayanlara,
uzansa ümidlərin
boyu qardaşım kimi,
Bir səs gəlsə uzaqdan,
Gəlsə,lap yaxın olsa,
Evimde-eşiyimdə,
Xoş günlər keşiyində,
dayansa atam kimi.
Arzular beşiyimdə
həzin bir layla çalsa,
oxusa anam kimi...
Bir səs gəlsə uzaqdan,
gedənləri çağırsa,
Gedənlər eşitməsə,
gedənlər qayıtmasa,
Bu səs məni də alıb,
kaş özüylə aparsa...

Külək

Qapı-qapı gəzən külək,
Bircə qapı gəzirsən,
Gözün belə toxdumu?
Günəşli,isti yay günlərində
açdığın o qapılar
hanı indi, yoxdumu?
Hanı səni sevənlər,
Evlərinə qonaq edənlər,
Səninlə dincələnlər
hanı?..
Qapı-qapı gəzən külək,
hanı indi,
soyuqlar düşəndə,
havalar dəyişəndə
dost-tanışın yoxdumu?
Səndən bu qış günündə
üz çevirən çoxdumu?
Gözləmə, külək, gözləmə,
Daha səni o qapıdan
içəri alan olmaz.
Daha səni axtaran,
çağıran olmaz...
Axı belə havada
səni istəyən kimdi, kim?
Get, get əzizim,
Sənə qalan o boz küçə olacaq,
Hirsindən qırdığın, qopardığın
quru ağac olacaq...
Amma darıxma, darıxma,külək,
Bu qış da çox çəkməyəcək,
Yenə yay gələcək,
Parlaq günəş çıxacaq,
Havalar isinəndə,
Dostların çoxalacaq...

Ayrılıq qapısında

Heç bilmirəm harda bitdi,
sona yetdi sevgimiz.
Nə vaxt,necə hörüldü,
ayrılıq çələngimiz.
Bəlkə də lap əzəldən
görüşməli deyildik...
Doğrudanmı bir eşqə,
ya həvəsə əyildik?..
Bəlkə də uşaq idik
məhəbbətin əlində,
O əl ayırdı bizi...
Bəlkə də... bəlkə də yanılıram,
Biz özümüz böyütdük,
Elə bir-birimizi...
Bəs ayrılıq nə idi,
Ayrılıq nə imiş bəs?
Ayrılıq bir acı çay,
Ayrılıq zəhər imiş.
Hər gün yuxusuz gecə
yuxusunu tapanda,
Ayrılıq səhər imiş.
Oxuduğun kitabda
tapdığın bir incə söz,
bir ovuc qəhər imiş.
Ayrılıq zəhlətökən,
Ölümdən betər imiş...
Heç bilmirəm harda idi
ayrılığın qapısı.
Guya bilsəm nə olsun?
Indən belə nə mən dönən deyiləm,
Nə də ki sən o qapını açası...

Ürəyimdən keçənlər

Ürəyimdən keçəni
Tutub saxlaya bilsəm,
Biraz vaxtını alsam,
Biraz ləngidə bilsəm...
Bugün elə burdaca,
Oturub bu küçədə,
Köhnə vərdişlərimi,
Bir-bir dindirə bilsəm...
Qədəh-qədəh şərabla
doyunca məzələnsəm,
Fikrimde eşələnsəm.
Balaca itim olsa,
Hürsə dözdüklərimə,
Ya nə bilim, bir pişik
Cırmaq atsa əlimi
çoxdan üzdüklərimə...
Illər geri qayıtsa,
Yuxulu dünənlərə
çatıb-çatıb oyatsa...
Sən yenə mənim olsan,
Sevgi oyunlarında
mən yenə cığal olsam,
Sözümüz tərs düşəndə,
sənin dediyin kimi,
yenə də "süddən çıxan
ağappaq qaşıq" olsam...
Birazca cavan olsam,
Birazca uşaq olsam...

Qadın

Qarışqa ömrünü yedilər sənin,
Özünə bir tikə gün də qalmadı...
Fil boyda yükünü daşıdın yenə,
Qarışqa qədrini bilən olmadı...
Ömrünün dibini sıyıran qadın,
Sən ki ümidlərə bel bağlamışdın.
Sən ki kədərinə gülüb astadan,
Sən ki sevincinə gün ağlamışdın?..
Ümidlər belində gedirsən indi,
Torpağın səbirsiz,daşın səbirsiz.
Bəlkə də,bəlkə də bilmirik,qadın,
Torpaq da xəbərsiz,daş da xəbərsiz,
Getdiyin ölümün barmaq ucunda,
Yeyilmiş ömründü gözləyir səni,
Gözləyir sakitcə,səssiz-səmirsiz...