adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

AZƏRBAYCAN PKK-YA C-300 RAKETLƏRi VERiB

AQİL ABBAS
52304 | 2012-09-26 00:19
Ötənlərdə Azərbaycanın Rusiyadan C-300 raketləri alması uzun müddət gündəmi zəbt etdi. Qəzetlərdə palaz-palaz yazılar, müzakirələr, şərhlər. İndi məlum olur ki, Azərbaycan həqiqətən Rusiyadan C-300 raketləri alıbmış, amma özü üçün yox. PKK-nın yaradıcısı olan Rusiya bu raketləri Azərbaycana PKK-ya ötürmək üçün veribmiş. Azərbaycan da çətinliklə də olsa bu raketləri PKK-ya çatdıra bilib.
   
   Raketlər əvvəlcə xüsusi təyyarə ilə Anqolaya göndərilib. Niyə məhz Anqolaya? Bildiyiniz kimi, Anqolanın iki prezidenti - Aqostino Neto və Joze Eduardu Duş-Santuş uzun illər Bakıda yaşayıblar və bizim Neft və Kimya İnstitutunun (indiki ADNA) məzunlarıdır. Buna görə də Anqola ilə münasibətlərimiz çox yüksəkdir. Anqola hökuməti isə Somalinin dəniz quldurları ilə gizli danışıqlara girərək (dəniz quldurlarına gələcəkdə atom bombası düzəltmək istədikləri halda onlara uran veriləcəyi vəd edilib) onların vasitəsilə raketləri Mərakeş sahillərinə çatdırıblar. Həmkarlarından raketləri təhvil alan Mərakeşin dəniz quldurları amanatı İsgəndəriyyə limanına daşıyırlar. Ömrü boyu türkləri gözü götürməyən Misir raketləri Süveyş kanalından keçirib İranın Bəndər-Abbas limanında bu ölkənin xüsusi xidmət orqanlarına təhvil verib. İran isə raketləri Bəndər-Abbasdan Kirmanşaha, ordan isə Cənubi Azərbaycan Culfasına, Cülfadan Urmiyaya, Urmiyadan çerez Mosul Suriyanın Əl-Qamışlı şəhərinə yetişdirib. Bəşər Əsədin əsgərləri də C-300-ləri Əl-Qamışlıdan İraqın şimalındakı PKK düşərgələrinə çatdırıblar. Və C-300-lər də burdan Türkiyənin Şırnak əyalətinə keçirilib.
   
   Deyəcəksiz bu boyda ağ yalan olar?! Niyə olmur?! Mənə inanmırsız? Bəs pəyədəkinin anqırtısına niyə inanırsız?
   
   Gələk mətləbə, pəyədəkinin anqırtısına...g
   
   Qardaş Türkiyənin Türkiyənin olmayan qəzetləri, televiziya kanalları, qanı təmiz türk qanı olmayan qələm sahibləri, Sorosun cocuqları zaman-zaman Azərbaycana şər-böhtan atmaqla bir millətin iki dövləti arasında nifaq salmağa, Türkiyə türkləri ilə Azərbaycan türklərinin incə duyğuları ilə oynayıb bir-birlərindən küsdürməyə çalışıblar, çalışırlar və çalışacaqlar da. Və zaman-zaman da istədiklərinə az da olsa nail olurlar və ürəklərə hər zaman cücərə biləcək toxumlar səpirlər.
   
   Məsələn, bu məsələdə kimlərdənsə öhdəlik götürmüş "Yeni Şafak" qəzeti.
   
   Qəzet yazıb ki, İsrail Azərbaycanın əli ilə PKK-ya xüsusi dinləmə cihazları ötürüb.
   
   Mənim C-300 raketləri nağılım "Yeni Şafak"ın yazdıqlarının yanında murdar suya qoyulub içiləsidi. Buyurun, tanış olun.
   
   Deməli belə. Heç demə, bu ilin əvvəlində PKK bu məqsədlə Azərbaycanda şirkət qurub. Bu şirkət vasitəsilə də İsrailin "Tadiran Telekom" şirkəti tərəfindən istehsal olunan dinləmə qurğularını alıb. Bu casus cihazları İsraildən alındıqdan sonra Azərbaycana gətirilib. Burdan İrana, İran da bu cihazları İraqın şimalındakı PKK düşərgələrinə ötürüb. Bu düşərgələrdən də Türkiyə ərazisinə keçirilib.
   
   Hələ ardına baxın. Qəzetin yazdığından belə məlum olur ki, bu cihazlar İsrailin özündə deyil, məlum şirkətin Hindistandakı filialında istehsal edilib. Deməli, cihazlar Hindistandan mənim lap əvvəldə yazdığım yollarla gəlib çıxır İsrailə, İsraildən Azərbaycana... ardını oxumusuz.
   
   Balam, görəsən İsrail niyə özündə istehsal elədiyini deyil, özünü dağa-daşa salıb min bir əziyyətlə Hindistandakı filialından gətirir. Və asan yolla birbaşa öz əllərində olan İraqın şimalına göndərmir, Azərbaycana, Azərbaycandan İsrailin qatı düşməni olan İran vasitəsilə İraqa keçirir. Həm də özünün PKK problemi olan İranın vasitəsilə! Və bu alverdə İran da İsrailə yardımçı olur, bir düşmənindən cihazları alıb başqa bir düşməninə ötürür, eləmi?!
   
   Ağlınıza İran mollaları dua yazsın!
   
   Həm Türkiyədə, həm də ölkəmizdə Azərbaycanı PKK ilə bağlamaq və bununla da Türkiyəni və türkləri Azərbaycandan incik salmaq istəyən və ən dəhşətlisi, özü terrora məruz qalan dövlətimizi PKK kimi bir terror təşkilatının az qala hamisi kimi dünyaya sırımaq istəyən qüvvələr fəaliyyət göstərir. Və bunu da mətbuat vasitəsilə həyata keçirirlər.
   
   Dostlar, "Yeni Şafak"ın və yenişafakların böhtanlarını təkrar çap eləmək düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. "Yeni Şafak"ı və yenişafakları yerində oturtmaq lazımdı.
   
   Sonda. Ötənlərdə Türkiyədən ölkəmizə gəlmiş bir qrup jurnalistlə Mətbuat Şurasında görüş keçirilirdi. Görüşdə "Yeni Şafak"ın da bir əməkdaşı vardı. Az qala əlini stola vurub çığırırdı ki, siz bizim qardaşımızsınızsa niyə Şimali Kipr Türk Cümhuriyyətini tanımırsız. Day bu ağılın sahibinə nə deyəsən?! Bəndəniz ona lazımi cavabı verdi. Mən də ona bir sual verdim:
   
   - Sizin qəzetdə işləyənlərin hamısı siz ağıldadı?

TƏQVİM / ARXİV