adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Fevral 2020 12:00
12126
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: SƏRT DÖNGƏLƏR...

Sirr deyil ki, respublikamızın avtomobil yollarında və eləcə də mərkəzi şəhərlərdə bir çox sürücülər ya yüksək sürətlə hərəkət edəndə, ya da sərt döngələri dönəndə idarəetməni itirərək avtomobili aşırılar. Təbii ki, bu bir qayda olaraq sürücü məsuliyyətsizliyindən yaranır. Başqa sözlə demiş olsaq, sürücülər sükan arxasına əyləşərkən yol hərəkəti qaydalarına əməl etsələr bu cür hadisələr də baş verməz.

Təəssüflə qeyd etməliyik ki, biz tez-tez respublikanın avtomobil yollarında bəzi sürücülərin idarə etməni itirməsi və avtomobillərin aşması ilə bağlı xəbərlər eşidirik. Və bu hadisələr zamanı da qəzalar baş verərkən ya ölənlər olur, ya da ağır xəsarət alanlar. Hansı ki, respublikanın avtomobil yollarında sərt döngələrin olduğunu sürücülərə xəbər verən yol nişanları vardır. Üstəlik də magistral yollarda belə bir lövhəyə də rast gəlmək olur: "Sürücülər, sürət həddinə əməl edin!”. Əlbəttə, bü cür maarifləndirici lövhələrin olması çox önəmli əhəmiyyət kəsb edir. Ən azından ona görə ki, əksər sürücülər istər yol nişanlarından, istərsə də bu maarifləndirici lövhələrdən nəticə çıxararaq yol hərəkəti qaydasına əməl edirlər. Əfsuslar olsun ki, qaydalara əməl etməyənlər də var və nəticədə bu səhlankarlığın altını çəkən, ziyan görən sürücülər də.

Baş Dövlət Yol Polisi İdarəsi hər addımda bir yol polisi qoyaraq hərəkətin təhlükəsizliyini tənzimləməyə borclu deyil. Amma bir faktı qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bütün tağımları hərəkətin təhlükəli olduğu yerləri xüsusi nəzarətdə saxlayır və ora mütəmadi olaraq əlavə naryadlar göndərir. Həmin polis əməkdaşalrı da istər sutkanın gündüz, istərsə də qaranlıq saatlarında bu yerlərdə xidmət apararaq hərəkətin təhlükəsizliyini təmin edirlər. Təbii ki, bunu hərəkət iştirakçıları da görür və dəyər verirlər.

Birmənalı olaraq deyə bilərik ki, yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti sürücülərin avtomobilləri yüksək sürətlə idarə etməsi və sərt döngələrdə yol hərəkəti qaydalarını kobud surətdə pozması nəticəsində baş verir. Sürücü ya təcrübəsizlikdən, ya da səhlənkarlıqdan mövcud yol strukturunun şəraitini nəzərə almadan avtomobili yüksək sürətlə idarə edir. Hətta bəzən kobud surətdə demiş olsaq, sükan arxasında yatırlar da. Bax, bu dediyimiz məsələlər unudulub yaddan çıxanda belə ağır qəzalar tez-tez baş verir.

Hansı ki, Baş Dövlət Yol Polisi İdarəsi mütəmadi olaraq sürücüləri bu mövzuda maarifləndirir, mürəkkəb hava şəraitində nəqliyyat vasitələrini daha diqqətlə idarə etmələrini tövsiyə edirlər. Yenə onu deyə bilərik ki, bütün bu hadisələrin və qəzaların yaranmasında sürücü məsuliyyətsizliyi özünü daha qabarıq göstərir.

Özü də bu qəzalar zamanı avtomobil ya dərəyə aşır, ya da gedib yolun kənarındakı hər hansı ağaca çırpılır. Bu isə birmənalı olaraq ölümə gedən yol deməkdir. Heç cürə başa düşmək olmur; kimsə sükan arxasında əyləşir, ailəsi və uşaqları maşının salonunda olur, amma sürücü nə özünün, nə də maşındakı adamların taleyi haqqında düşünmür. Bir neçə gün bundan qabaq idarəetməni itirən sürücü maşını aşırıb, nəticədə bir neçə sərnişin dünyasını dəyişib, özü isə ağır xəsarət alıb.

Az qala hər gün bu cür hadisələri biz eşitməyə məhkumuq. Çünki hər gün respublikanın avtomobil yollarında sürücü məsuliyyətsizliyinin üzündən neçə-neçə ağır qəzalar baş verir. Və bu qəzalar da ən çox bayaq dediyimiz kimi, sürət həddinin aşılması, sərt döngələrdə qaydalara əməl edilməməsi, ötmə əməliyyatı zamanı düzgün manever etməmək və eləcə də bəzilərinin sükan arxasında yatması nəticəsində yaranır. Əgər doğurdan da sürücü yorulubsa və avtomobildə də sərnişinlər varsa, niyə o nəqliyyat vasitəsini saxlayıb yarım saat dincəlmir, yuxulu-yuxulu avtomobili idarə edir? Bu isə ağır qəzalara gətirib çıxarır.

Bəzi sürücülər mənzil başına tez çatmaq üçün həm avtomobili yüksək sürətlə idarə edir, həm də hər hansı bir yerdə maşını saxlayıb beş-on dəqiqə dincəlmək istəmir. Əgər sürücü yorulubsa və sükan arxasında mürgüləyirsə, elə avtomobildəki adamlar onu saxlatdırmalı, hər hansı yeməkxanada və çayxanada əyləşib bir stəkan çay içməli, dincini almalıdır. Bundan sonra sükan arxasında əyləşə bilər. Üstəlik də Yol Patrul Xidməti Alayının bütün stasionar postlarında sürücülərin dincəlməsi və əl-üzlərini soyuq su ilə yumasıyla bağlı hər cür şərait var. Əgər maddi imkanın aşağıdırsa, onda stasionar postda maşını saxla, dincini al və bundan sonra sükan arxasında əyləş!

Hər bir sürücüdən sərnişinin taleyi asılı olur. Adətən məsuliyyətli sürücülər bunu yaxşı dərk edir və başa düşür. Amma bir daha yada salırıq ki, mənzil başına gedən sürücülər daha diqqətli olmalı, sürət həddinə əməl etməlidir. Eyni zamanda, Yol Patrul Xidməti Alayının tağım komandirləri də sürücülərə müraciət edərək bir daha bəyan edir ki, respublikanın avtomobul yollarında nəqliyyat vasitəsini idarə edərkən sərt döngələr olan yerdə daha diqqətli olmalı və sürət həddinə fikir verməlidilər. Deməli, sürücünün məsuliyyətli və diqqətli olması həm onun özünü, həm də sərnişinləri mövcud təhlükədən xilas edir.