adalet.az header logo
  • Bakı 13°C
27 Fevral 2020 19:27
25195
İQTİSADİYYAT
A- A+

Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilib - TƏYİNAT

24 fevral 2020-ci il tarixində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

ABA-dan daxil olmuş məlumatda bildirilir ki, iclas zamanı müzakirə edilən məsələlər sırasında "Ödəniş sistemləri və alternativ xidmət kanalları” Ekspert Qrupunun yeni sədrinin təyin edilməsi, "Hüquqi məsələlər” üzrəEkspert Qrupunun fəaliyyətinin genişləndirilməsi və ABA-nın cari fəaliyyəti olub.

İclasda "Ödəniş sistemləri və alternativ xidmət kanalları” Ekspert Qrupunun yeni rəhbəri olaraqTamerlan Rüstəmovtəyin edilib.

Cari ilin yanvar ayından etibarən "Bank of Baku” ASC-də Ödəniş sistemləri departamentinin direktor müavini vəzifəsində işləməyə başlayan Tamerlan Rüstəmov bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasında Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi vəzifəsində çalışmışdır. Ödəniş sistemləri və rəqəmsal ödənişlər sahəsində fəaliyyətə isə 2008-ci ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında başlamışdır.

Bu müddət ərzində ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində yeni qanun layihəsinin hazırlanması, rəqəmsal ödənişlərin əhatə dairəsinin genişlənməsi və innovativ ödəniş alətlərinin tətbiqi, bu sahədə tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılaraq həyata keçirilməsi, habelə maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində tədbirlərin reallaşdırılmasında yaxından iştirak etmişdir.

İclasda həmçinin "Hüquqi məsələlər” üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayevin bank və əlaqəli sektorlar üzrə qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və dəstəklənməsi layihəsinin təklifi ilə bağlı fəaliyyət istiqamətləri müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.