adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Fevral 2020 19:10
45353
ƏDƏBİYYAT
A- A+

YAZA BİLƏN YAZIÇI

Hər qadın sirli bir dünyadı. Və hər qadının sirli dünyasında da bir dünya var. Bu dünya əlçatmazdı, ünyetməzdi. Bu dünya arzularımızın dünyasıdı və bu dünyanın pəncərəsindən boylana bilsək də içəri keçə bilmirik, çünki qadağa zonası var və bu qadağa zonasını keçməyə haqqımız yoxdur. Amma yaradıcı qadınların mənəvi dünyası ilə tanış olmaq imkanımız yetərincədi. Gərəkdi ki, buna həvəsin, istəyin olsun. Bu baxımdan yazıçı, şair, publisist Pərvanə Bayramqızının «Yaza bilməyən yazıçı» kitabını (Bakı, 2019) oxumaq da yetərlidir ki, ürəyini sözə vermiş, sözlə «nigah» bağlamış bu xanımın «sirli» dünyası ilə tanış ola biləsən. Pərvanə xanımın hiss və həyəcanları, fikir və düşüncələrilə tanış olmaqla, bir-birindən maraqlı və oxunaqlı yazılarını oxumaqla onun iç dünyasının «sirlərini» öyrənmək mümkündür. 

Pərvanə Bayramqızı növbəti kitabını «Yaza bilməyən yazıçı» adlandırsa da yaza bilən ən istedadlı qadın yazıçılardan biridir, həm də müasir Azərbaycan ədəbiyyatında ən yaxşı yazan xanımlardan biri kimi dəyərləndirilməyə layiqdir. Onun yaza bilmədiyi, toxunmadığı mövzu yoxdur. İctimai-sosial həyatın problemlərindən yazan, fikir və düşüncələrini, müşahidələrini, yaşantılarını, bizim həyatda görə bilmədiklərimizi qələmə alan, həyata öz baxışı olan, qadın-kişi, övlad-valideyn münasibətlərindən, ictimai mövzulardan və s. söhbət açan, eləcə də fərdi yaşantılarını hekayə, esse və şeirlərilə «dilə gətirən» bu istedadlı qələm adamının yaradıcılığı ilə tanış olduqca heyrətlənməyə bilmirdim. Məni heyrətləndirən həm də onun bir yazıçı kimi oxuculara ünvanladığı bir-birindən maraqlı və oxunaqlı hekayələri idi. Onun istər yüksək məziyyətli publisistik məqalələrində, esselərində, eləcə də işıq selinə bürünən şeir və hekayələrində bəxtəvər bir ruh hakim idi. Yazıçının hər bir əsərində onun ruhunu gördüm, ürəyinin səsini eşitdim, bir qələm adamı olaraq sakit və səssiz yaşaya bilmədiyini gördüm. Həm də gördüm ki, onun ürəyi günəş kimi alovludur. Bu alovun işığında ziyarətə getməyin mümkünlüyünü hiss elədim. Axı, yaxşı kitab oxumaq, elə ziyarətə getməyə bərabərdir. «Yaza bilməyən yazıçı» kitabını oxuduqca sanki müqəddəs yerləri ziyarət edirdim və ziyarətim qəbul olunurdu. Duyğularımın yaddaşına su kimi hopan məqalələr, «səpələnən duyğular», «statuslar», hekayə və şeirlər beynimin qırışlarında oyanır, nəfsimi daha bir günahdan çəkindirirdi. Təmizlənirdim, bulaq suyu kimi durulurdum. Bax, budur yazıçı-şair sözünün təsir gücü! Qəlbində ilahilik əkib-becərən Pərvanə xanım bu kitabı ilə ürəkləri fəth etməyi bacardı. Və mən ürəyimi ovsunlayan «Yaza bilməyən yazıçı» kitabında toplanan əsərlər haqqında, bir romanlıq fikri bir hekayəyə yükləyən, sözün böyük və ilahi bir funksiyanı yerinə yetirdiyini şeirlərilə bir daha açıb göstərən, bütün enrjisini sözlərə hopduran Pərvanə xanımın oxuculara təqdim etdiyi kitabından qədərincə, dəyərincə, yetərincə söz aça bilməyəcəyimin fərqindəyəm. Çünki onun yaradıcılığı bir dəryadır. Bu dəryadan, ancaq bir damla götürüb qəzet səhifəsinə çıxara bilərəm. Elə bu bir damladan da yazıçı, şairə Pərvanə Bayramqızının sözlərdən zərif, incə, ruh oxşayan, könül sevindirən bir çələng hördüyünü hiss etmək mümkündür.

Pərvanə xanımın qəlbindən və qələmindən süzülən esseləri,statusları, hekayələri, şeirləri həyacansız oxumaq mümkün deyil. Bu baxımdan «İki qadın», «Qəribə öyüd», «Kişi arzusu» və başqa hekayələri məni ovsunladı. Bu hekayələrin əhatə dairəsindən uzun müddət çıxa bilmədim. Hekayələri şərh etmək istəmirəm. Bunu oxucuların öhdəsinə buraxır və deyirəm ki, Pərvanə xanım «İki qadın» hekayəsini yazmış olsaydı belə, yenə də ədəbiyyatın ədəbi dünyasına daxil ola bilərdi.

…Yazıçı, şair adının yükü çox ağırdı və bu yükü öz zərif və kövrək ürəyində daşıya bilən Pərvanə xanım havada uçuşan səsləri də, fikir və düşüncələrini də, duyğularını da, ürək döyüntülərini də sözə çevirməyi bacaran qələm sahibidir. Onun qələmindən və qəlbindən süzülən məqalələri, hekayələri, şeirləri, esseləri oxuyandan sonra əminliklə belə demək olar: Pərvanə xanım sözün və sözünün ağasıdır. Çünki bir çox qələm adamları kimi nə yazım, necə yazım ki, pula getsin təfəkkürü, düşüncəsi ona yaddır. Məhz sözün ağası olduğuna görə söz meydanından üzaqlaşmayıb, əksinə, söz meydanında öz sözünü deyən qələm adamlarından birinə çevrilib. O, söz xatirinə söz yazmır. O, həm də şöhrət xatirinə əlinə qələm götürmür. Sadəcə olaraq yazmasa, yaşaya bilməz. Yazmaq onun missiyasıdır. O, bu missiyanı şərəflə yerinə yetirir. O, həm də qonarar almaq üçün yazmır. Bunu heç xəyalına da gətirmir. «Yaza bilməyən yazıçı»da, eləcə də «Yazı masası»nda, «Hardan başlayım»da və başqa yazılarında yazmaq üçün doğulduğunu, yazmasa yaşaya bilməyəcəyini dilə gətirir: «Yazmaqda gəlir fikirləşmək, yazmadan yaşaya bilmək mənə yad olan cəhətlərdir» - deyir.

Pərvanə xanımın «Status»ları ilə tanışlıq da ürəyimcə oldu. Onun statuslarını oxuya-oxuya bir çox həyat dərslərini yenidən öyrəndim, elmi-fəlsəfi fikirlərilə tanış oldum və bu xanım yazıçının içimi silkələyən fikirlərilə tanışlıq ürəyimi ağappaq işığa bürüdü. Yazıçının səpələnən duyğularından – «Bəxtini gizlədənlər»lə, «Göz yaşlarım»la, «Kim ola bilərdim»lə, «Bulud ağlayır»la, eləcə də ictimai mövzulara toxunduğu «Müəllim», «Valideyn iclası», «Qonaqlıq», «Qohum» və sairlə, eləcə də «Sonuncu arzu», Xoşbəxtliyin rəngi», «Kişi arzusu» və başqa hekayələrilə, uşaq dünyasından bəhs edən Bəhlulun hekayələrilə, şeirlərilə tanışlıq mənə bir dünya bəxş elədi.

Pərvanə xanımın ədəbiyyatın «qızıl fonduna» daxil ola biləcək fikirləri də heyranedicidir. Gəlin onlardan bir neçəsinə diqqət yetirək: «Qələmin «adamlığı» olsaydı, hərdən sahibinə etiraz edər, «Məni sındırsan da, bunu yazmayacam» deyərdi. «İsmin halları sözə işgəncə verir». «Gözləri eynək, ayaqları əsa əvəz edəndə «dünya köhnə dünyadır» deyirik». «Ölüm haqdır deyirik, amma heç kəs haqqa qovuşmaq istəmir». «Bəzən adam yaşadığını görməmək üçün günlərlə yatmaq istəyir». – Dahiyanə fikirlərdir.

…Ürəyinin diqtəsi ilə şeirlər yazan, heç kimi təqlid etməyən, heç kimin yoluyla getməyən Pərvanə xanım bir şairə kimi poeziya aləmində diqqəti cəlb etməklə yanaşı, həm də hekayələrilə sübut eləyir ki, o, yazıb-yaratmaq üçün yaradılıb. Və bir yazıçı olaraq öz hekayələrinin, şairə olaraq şeirlərinin, esseist olaraq esselərinin, publisist olaraq məqalələrinin qarşısında gözügölgəli deyil. Sözü ürəyində bişirməmiş şeirə gətirməyən, yazacağı hekayəni beynində ipə-sapa düzməmiş qələmə almayan Pərvanə xanım sözü necə incələməyi, hekayəni necə ustalıqla qələmə almağı bilir, özü də yaxşı bilir. Onun «Yaza bilməyən yazıçı» kitabında yer almış məqalələr, esselər, hekayə və şeirlərində bədii təsvirin və təxəyyülün sonsuzluğuna heyrət edirdim. Həm də düşünürdüm ki, Pərvanə Bayramqızı necə yazmaq lazım olduğunu bir daha çoxlarına nümayiş etdirdi. Bəli, o, sadə və gözəl yazır. Yazdıqları könül oxşayır, ruha sığal çəkir. Hadisələri səmimi, rəngsiz-boyasız nəql edir. Məsələn, «İki qadın», «Uçurum», Qəribə tövsiyyə»» və s. hekayələrində bunu görmək o qədər də çətin deyil. Şairənin şeirlərində də hisslər, duyğular ilmələr kimi hörülüb. «İnciklik» şeirindəki bu misralara diqqət yetirək:


Gözdən axan yaşlar mavi gölümdür,

Niyə onun saf suları bölündü?

Bu məhəbbət mənim üçün ölümdü,

Öz qəbrimi əllərimlə qazmışam.


«Yaza bilməyən yazıçı» kitabında yaza bilən yazıçı Pərvanə Bayramqızı deyir ki, «…Sevimli yazıçım Cek Londondur. Onun qədər qəlbimi oxuyan yazıçı hələ tapmamışam». – Pərvanə xanım! Kitabınızı sevə-sevə oxudum, ürək döyüntülərinizin səsini eşitdim, qəlbinizi mən də oxudum. İnanıram ki, qəlbinizi oxuyan oxucular, yazıçılar… hələ çox olacaq. Buna əmin ola bilərsiniz.

O, həm də oxuculara deyir ki, «Günəşdən, şaxtadan qoruduğum yazılarımı açıb qarşınıza tökürəm, əziz oxucular, gəlin tanış olaq – bu mənəm!» - Mən Pərvanə xanımın yaradıcılığı ilə tanış oldum və bu tanışlıqdan məmnun qaldım. Siz də tanış olun. Bu tanışlığa dəyər.

Vaqif İsaqoğlu