... YAŞAMAK BiR ORMAN GiBi KARDEŞCESiNE...

AQİL ABBAS
42239 | 2012-09-20 00:34
Televizoru açmaq olmur, qəzetlərə baxmaq olmur... dünya dağılır. Yəqin hələ beş-on gün də dağılacaq, sonra yenə hər şey öz axarına düşəcək. ABŞ da, Avropa da çoxdan müsəlmanların yumurtalarını dişlərinə vurublar və görüblər ki, biz müsəlmanların yumurtaları laxdı.
   
   Məsələ nədi?! ABŞ-da adını bilmədiyim hansısa namussuz bir kərtənkələ (ABŞ-ın və Avropanın namuslu kərtənkələləri məni bağışlasın) Həzrəti Peyğəmbərimizi və dinimizi aşağılayan təhqiramiz bir film çəkib.
   
   Bundan əvvəllər də belə olaylar olmuşdu. Hollandiyadamı, ya Danimarkadamı Həzrəti Peyğəmbərin bir jurnalda karikaturasını dərc etmişdilər.
   
   ABŞ-da da bir kilsə siçovulu müqəddəs "Quran"ı yandırmışdı. Hələ lap əvvəllər Salman Rüşdi adlı bir eşşək oğlu eşşək "Şeytan ayələri" kitabı yazmışdı və sair və ilaxır. Az qala yadımdan çıxmışdı, son məlum olaydan sonra Fransada da bir jurnal yenə Həzrəti Peyğəmbərimizlə bağlı karikatura dərc edib.
   
   Bütün hallarda da müsəlman dünyası ayağa qalxmışdı, etirazlar, hansısa ölkələrin ya bayraqlarının, ya da dövlət başçılarının müqəvvalarının yandırılması... Din xadimlərinin fətvası. Amma bu fətvaların heç biri olmadı, qaldı havada. Arada kasıbınkı qırıldı. Hansısa xoşagəlməz bir fikrinə görə üstündə Allahı, üstündə Göyü və bircə şilləlik canı olan görkəmli yazıçımız Rafiq Tağıya gücləri çatdı, öz müsəlman qardaşlarına.
   
   Az qala hər gün bellərinə mina bağlayıb İraqda, Əfqanıstanda, Suriyada, Türkiyədə, Liviyada öz müsəlman qardaşlarını, hətta məscidləri partladan müsəlmanların heç biri nə Salman Rüşdini partlada bildi, nə karikaturaları dərc edən jurnalların redaksiyalarını, nə ABŞ-dakı rahibi və sair və ilaxır... Arada bir şilləlik canı olan Rafiq Tağı...
   
   Deyəcəksiz, bəs Liviyada öldürülən ABŞ səfiri? Darıxmayın, bir az bəkləyin...
   
   Dünyanın bütün sivil ölkələrinin qanunlarında adi bir insanı təhqirə görə cinayət məsuliyyəti var. Amma baxın, dünya əhalisinin az qala üçdəbirinin inancını və özünü təhqir edənlərdən heç biri bu günədək cinayət məsuliyyətinə cəlb edilməyib. Buyurun, sonuncu olay. Filmi çəkən o kərtənkələ rejissoru çağırıb ifadəsini aldılar və sərbəst buraxdılar. Dedi yaxşı eləmişəm və açıqlamalarında İslamı və bütün müsəlmanları bir daha təhqir elədi.
   
   Bəli, televizoru açmaq, qəzetlərə baxmaq olmur. Dünya dağılır. ABŞ-ın səfirlikləri qarşısında etiraz aksiyaları, bayraqların yandırılması, hücumlar, daşlamalar. Liviyada isə ABŞ səfirinin və daha iki diplomatın öldürülməsi. Sizə bir az bəkləyin demişdim. Bu öldürülmə olayının təşkilatçısının və ya təşkilatçılarının kim olduğunu bir Allah bilir, bir də ABŞ. Necə ki Nyu-Yorkda məşhur 11 sentyabr terrorunun təşkilatçısını da bir Allah bilir, bir də ABŞ.
   
   11 sentyabr iki müsəlman ölkəsinin işğalı və iki milyona yaxın müsəlmanın öldürülməsi ilə nəticələndi. Görək Liviyada ABŞ diplomatlarının və səfirinin ölümü müsəlmanlara nəyin bahasına başa gələcək. Nə isə...
   
   Bəli, bu gün dünya müsəlmanları öz inancları uğrunda bir yumruq kimi birləşib. Alqışa layiqdir!
   
   Amma məsələnin başqa bir tərəfi də var.
   
   Qardaşlar! Ermənilər Xocalıda Həzrəti Peyğəmbərimizin yüzlərlə ümmətini (uşaq, körpə, qoca, qarı, qadın demədən) süngüyə keçirəndə, qətliam törədəndə səsinizi eşitmədik. Ermənilər Qarabağda bir deyil, minlərlə "Quran"ı yandıranda, məscidləri partladanda, məscidlərdə donuz saxlayanda səsinizi eşitmədik. Ermənilər müsəlman torpaqlarını işğal edəndə səsinizi eşitmədik və hələ də eşitmirik.
   
   Bosniyada müsəlmanları sərçə kimi qıranda səsiniz eşidilmədi.
   
   Əfqanıstanda, Uyğurustanda, İraqda, Kəşmirdə, Liviyada, Tunisdə, Suriyada müsəlmanları qırırlar, məscidləri partladırlar, minlərlə müqəddəs kitabımızı yandırırlar, dünyaya şəhidlik dərsi verən İmam Hüseynin uyuduğu Kərbəlanı dağıdırlar... Sizi bir-birinizə qırdırırlar...
   
   Arada da karikaturalar, "Quran" yandırılmaları, məscid yandırılmaları, filmlər... başınızı və başımızı qatmaları...
   
   Hələ bizlərin day neçə ölkəsini işğal etməli, vətəndaş müharibələri meydanlarına çevirməli və müsəlmanları day nə qədər qırmalıdırlar ki, ağlımız başımıza gələ?!
   
   Nazim Hikmət yazır:
   
   Yaşamak bir ağac gibi tek ve hürr
   
   Ve bir orman gibi kardeşcesine...
   
   Bu hasret bizim...
   
   Bu həsrət nə vaxt bitəcək? Və müsəlmanlar bir orman kibi kardeşcəsinə yaşamayacaqlar, necə ki haçansa yaşayıblar. Bunun üçünsə "Quran"ı yandıranları söymək lazım deyil, onsuz da onun cəzasını əvvəl-axır "Quran"ın sahibi verəcək.
   
   Bunun üçün "Quran"ı öyrənmək və orda buyrulanlara əməl etmək lazımdır. Sizlər buna əməl edirsinizmi, əməl edirikmi?!
   
   Və sonda. Avropalılar bilirsiz niyə bizlərdən güclüdürlər? Onlar "Quran"ı öyrəniblər və ona əməl edirlər.
   
   Şəriət Mədari, qəbri nurla dolsun, necə deyirdi: "Avropada İslam gördüm, müsəlman görmədim, Şərqdə müsəlman gördüm, İslam görmədim".

TƏQVİM / ARXİV