adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Fevral 2020 12:32
33013
ƏDƏBİYYAT
A- A+

Dünyanın ən dəhşətli fotosu - Rəbiqə Nazimqızı yazır

Mən ölümün sərhədindən qayıtdım,
savaşın o tayında qoydum anamı, atamı.
Doqquz yaşım vardı. Evimiz yandı...
Bircə bədənimi götürüb qaçdım alovlar içindən.
Bir də qardaşımı...
Güllü paltarımı soyundurdu müharibə,
çılpaq qaldım fotoqrafın çəkdiyi şəkildə.
Çığırtılarım düşməyib obyektivə,
bir də kürəyimdəki yanıq izləri.
Onları görməzsiz.
On yeddi cərrah bıçağının yeri də görünməz sizə,
kürəyimdə, sol əlimdə.
Allah göstərməsin də...
Mən ölümün sərhədindən döndüm,
Fotoqrafın məni hospitala aparan əllərində böyüdüm,
məni görməyə "gələn” gəlinciklərin donunu cırdım –
heç birində tapmadım savaşın izlərini.
Mənə gül gətirən kişinin gözlərini sevdim -
mənə gəlinlik geydirən ərimi deyirəm.
Uşaqlarım oldu, hamınıza qismət.
Dünyanı gəlincik oynadan qızlara,
topu qapıya qovan oğlanlara bağışladım.
Yaşadım... ümidin əlindən tutdum...
Unutdum demirəm...
Kəsib ata bilməz yaddaşımı cərrahiyyə,
yuxularıma tökülən bombaların səsi kəsilməz.
Ağrılarım artar gecələr uşaqların üstünü örtəndə,
gözüm sataşar yaddaşımdan asılan şəkilə.
Birdən bir səhər... pozar sərhədləri müharibə...