adalet.az header logo
  • Bakı 18°C

Tarixi yaddaşın saxlanc yeri - Adilə Səfərova yazır

17666 | 2020-02-27 09:35

Muzeyin mənası, əhəmiyyəti xalqın tarixini təbliğ etməkdən, mədəniyyətin səviyyəsini göstərməkdən ibarətdir.

Heydər Əliyev

Hər millət genetik bağı, hər etnos öz tarixi kökü üzərində pərvəriş tapar. Xalq kimi formalaşıb inkişafının, tərəqqisinin, yüksəlişinin rişələri də milli şüurunun yaratdığı tarixi keçmişinə söykənər. Və daha dayanıqlı, sarsılmaz olar. Tarix unudulanda, genetik yaddaş itəndə isə səmti, yönü bilinməz yolsuzluq başlar. Milli şüur katasdrofa uğrar, milli varlıq fəlakətə məruz qalar, xalq millət kimi, heçliyə yuvarlanar. Yurd, Vətən məvhumu önəm daşımaz, yurd təəssübü, vətənpərvərlik hissi öləziyər. Haqlı olaraq deyilir ki, tarixi yaddaşszılıq faciələrin, fəlakətlərin də daha amansız təkrarına səbəb olur, xalq, millət soyqırımlara düçar olur... Odur ki, tarixi- mədəni irsin qorunmasına, təbliğinə xidmət edən muzeyşünaslığın kəsb etdiyi önəm, əhəmiyyət danılmazdır.

Bəli, muzeylər tarixi yaddaşın saxlanc yeri, milli-mədəni, mənəvi irsin daşıyıcısı, keçmiş dövrlə çağdaş zamanı birləşdirən mənəvi körpüdür. Ölkəmizdə, o cümlədən qədim mədəniyyət beşiklərindən olan Naxçıvanda muzeyşünaslığın inkişafına, tariximizin saxlanc yerlərinə hərtərəfli diqqət və qayğının böyüklüyü təqdirolunasıdır.

Bu mənada bu ilin avqust ayında Naxçıvan MR-sı Ali Məclisi

Sədri Vasif Talıbovun "Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncam tarixi-mədəni irsin qorunub tədqiq və təbliğinin gücləndirilməsində müstəsna əhəmiyyəti olan bir hadisədir.

Sərəncamda deyildiyi kimi: "Hər qarış torpağında tarix yaşayan, hər qayası, hər daşı ulu keçmişimizin izləri ilə naxışlanan qədim diyarda ilk muzey 1924-cü ilin 30 oktyabr tarixində yaradılıb. O vaxt Naxçıvan MSSR Xalq Komissarları Sovetinin qərarı ilə "Tarix-etnoqrafiya muzeyi” kimi əsası qoyulan muzeyin təşkilində dövrün mütərəqqi fikirli ziyalılarının rolu böyük olub. Belə ki, muzeyin ilk eksponatlarını o vaxt Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun tarixi əhəmiyyətli əşyaları, şəxsi kolleksiyası təşkil edib. Bunlar əsasən qızıl və gümüşdən hazırlanmış antik bəzək, saxsı və misdən hazırlanmış məişət əşyalarından, qədim qələmdan, silah, eləcə də, regiona məxsus xalça, Şərq parça növlərindən, Səfəvi dövrünə aid sikkələrdən ibarət olub. Elə ilk direktoru həmin şəxs olan muzey də onun iki otaq və kiçik dəhlizdən ibarət evində yerləşib”.

1926-cı ildə yaradılan "Naxçıvan Tədqiq və Tətəbbö cəmiyyəti” və onun arxeoloqlarının muxtar respublika ərazisində apardıqları qazıntılar nəticəsində əldə etdikləri maddi-mədəniyyət nümunələri sayəsində muzey eksponatları daha da zənginləşmişdir.

Həmin dövrdə tarixi keçmişin öyrənilməsi, tədqiq və təbliğinin müstəsna əhəmiyyətli iş olduğuna diqqət yetirən cəmiyyətin fəal üzvlərindən: M. Mirheydərzadə, Ağa Məhəmməd Ərbab, İ. Hüseynzadə, romantik şair H. Cavid, onun böyük qardaşı M. Rəsizadə və başqa ziyalılar fəallıq göstərmiş, muzeyin təşkilində, formalaşıb fəaliyyətinin tənzimlənməsində böyük əmək sərf etmişlər. Sonralar Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin adı verilən muzey Tarix və Ölkəşünaslıq, 1968-ci ildən isə Dövlət Tarix Muzeyi adı ilə fəaliyyət göstərmişdir.

Qeyd etmək yerinə düşər ki, bu mədəniyyət müəssisəsi 1967-ci ilədək Naxçıvanda fəaliyyət göstərən yeganə muzey olmuşdur. Azərbaycanda, eləcə də muxtar respublikada milli-mədəni irsin qorunmasına, təbliğinə xidmət edən, tarixin dialektikasını inikas etdirən muzey şəbəkəsinin yaradılması, muzeyşünaslığın inkişafı da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Onun 1970-ci ilin yanvarında "Respublikada muzey işinin təkmilləşdirilməsi haqqında” imzaladığı qərar Naxçıvan Dövlət Tarix Muzeyinin də maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi rol oynayıb. Muzey eksponatlarının zənginləşdirilməsinə, onun fəaliyyətində dönüşə səbəb olub, inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Daha sonralar "Respublikada muzeylər şəbəkəsinin genişləndirilməsi haqqında” qəbul edilən qərar isə diyarda muzeylər şəbəkəsinin yaradılmasına stimul verib. Tarix etibarı ilə qısa zaman kəsiyində Naxçıvanın şəhər və rayon mərkəzlərində müxtəlif profilli 30 muzey yaradılıb.

Genetik, etnik yaddaşın bərpasına, milli şüurun oyanmasına, milli düşüncənin formalaşmasına və onun yad ideologiyalardan, təqiblərdən qorunmasına daha çox diqqət yetirən ümummilli liderimiz Heydər Əliyevin tarixi irsin mühafizəsi, tədqiqinə, təbliğinə xidmət edən muzeyşünaslığın inkişafına göstərdiyi qayğı, bu istiqamətdə apardığı siyasət müstəqillik dövründə daha geniş miyasda davam etdirilmiş və bu gün də yürüdülməkdədir.

Muxtar Respublika Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə ötən il 95 illik yubileyi geniş qeyd edilən muzeyə də bu diqqət və qayğıdan daha çox pay düşüb.

Belə ki, tarixi irsin, etnik yaddaşın, arxaik təfəkkürün güzgüsü olan bu mədəniyyət müəssisəsinin öz işini dövrün, zamanın tələbi, günün aktuallığı səviyyəsində qurması üçün dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. Muzey 2000-ci ildə əsaslı təmir və yenidənqurma işlərindən sonra daha geniş, münasib bina ilə təchiz edilib. Eksponatların saxlanılması, mühafizəsi, təbliği işinin yaxşılaşdırılması üçün lazımi şərait yaradılıb.

Bu sırada AMEA-nın Naxçıvan Bölməsinin yaradılması da digər sahələr kimi muzeyşünaslığın inkişafında, tarixi irsin daşıyıcısı olan muzeylərdə eksponat zənginliyinin yaradılmasında da müstəsna rol oynadığı xüsusi ilə qeyd edilməlidir. Burada fəaliyyət göstərən müvafiq institutların qədim diyarın ərazisində apardığı arxeoloji qazıntı, tədqiqatlar sayəsində tapılan maddi-mədəni irs nümunələri Dövlət Tarix Muzeyinin də zənginləşməsinə töhfələr verib. Bunun nəticəsidir ki, son 20 ildə muzey fonduna 12 minə yaxın eksponat daxil olmuşdur. Hazırda muzeydə sivilizasiya təsnifatına və eksponat çeşidinə müvafiq olaraq 10 şöbə fəaliyyət göstərir. Və bu şöbələrdə 49 mindən çox eksponat mühafizə olunur. Artıq yanvar ayının 1-nə olan məlumata görə eksponatların sayı 50 mini ötüb. 2019-cu ildə 712 eksponat artımı olub.

Bəli, bütün bunlar, eləcə də Naxçıvan Dövlət Tarix Muzeyinin yubileyinin geniş miqyasda qeyd edilməsi, bu muzeyin zənginləşdirilməsi, elmi-kütləvi tədbirlərin keçirilməsi tarixi keçmişə, milli, mənəvi, mədəni dəyərlərə diqqətin, böyük qayğının təzahürüdür. Obrazlı desək, milli kökə bağlılığın, əcdada, genetik şəcərəyə sadiqliyin, sivilizasiyaya sahibliyin nümunəsidir. Tarix çağdaş zamanın əlaqəsi fonunda, milli kökə bağlılıqla nail olunan sivil inkişafın dayanıqlı olmasıdır.

Qeyd edək ki, ötən il noyabrın 30-da C. Məmmədquluzadə adına Naxçıvan Dövlər Musiqili Dram Teatrında muzeyin 95 illik yubileyi qeyd olundu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: "Muzeylərə, sadəcə maddi-mədəniyyət nümunələrinin saxlanc yeri kimi baxmaq düzgün deyil. Muzeylər həm də elm ocaqlarıdır. Naxçıvan Dövlət Tarix Muzyeyi də ötən dövrdə tarixşünaslıq elminin inkişafına mühüm töhfə vermişdir. Hazırda muzeydə mühafizə olunan hər bir eksponat ayrıca tədqiqat mövzusudur. Xalq o zaman mütərəqqi dəyərlərə malik xalq hesab olunur ki, onun qədim tarixi, dövlətçilik ənənələri və zəngin mədəniyyəti olsun. Son illər Naxçıvan tarixi ilə bağlı araşdırmalar aparılmış, beynəlxalq konfranslar keçirilmiş, arxeoloji tədqiqatlar zamanı mühüm tarixi əhəmiyyət kəsb edən maddi-mədəniyyət nümunələri, elmi materiallar aşkar edilmiş və toplanmışdır. Həmin maddi-mədəniyyət nümunələrinin qorunub saxlandığı, təbliğ və nümayiş olunduğu mərkəz kimi Naxçıvan Dövlət Tarix Muzeyinin fəaliyyəti xüsusi qeyd olunmalıdır”.

Ali Məclis Sədrinin 2019-cu ilin 28 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə muzeyin əməkdaşlarından ikisi "Naxçıvan Muxtar Respublikanın Əməkdar mədəniyyət işçisi” fəxri adı, 5 əməkdaşı isə "Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşlar.

Elə milli özünüdərklə, xalqın min illər boyu yaratdığı, yaşatdığı maddi-mədəni sərvətlərə, dəyərlərə sahib durub qorumaqla, gənc nəslə çatdırmaqla yurda, torpağa, Vətənə sahiblik aşılanar. Tarixlə çağdaş zamanın əlaqəsi, milli kökə bağlılıq müstəvisində əsl inkişafa, yüksəlişə nail olmaq olar.

Adilə Səfərova,

Azərbaycanın əməkdar mədəniyyət işçisi


TƏQVİM / ARXİV