adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BU QURGEN NƏ çOXQOHUMLU BƏXTƏVƏRMiŞ?!

AQİL ABBAS
50850 | 2012-09-07 00:11
Ramil Səfərov azadlıqdadı. Və bütün məsələlər beynəlxalq hüquq çərçivəsində həll olunub. Bu barədə hüquqşünaslar, mütəxəssislər rəylərini bildiriblər. Ona görə bu məsələyə toxunmaq istəmirəm.
   
   Sadəcə olaraq bildirmək istəyirəm ki, dünya hüquq praktikasında belə bir fakt mövcud deyil ki, affekt vəziyyətdə baş verən bir cinayətə görə (bunun da necə baş verdiyi haqda çox yazılıb, təkrara ehtiyac yoxdur) kiməsə ömürlük həbs cəzası verilə. Belə hallarda cəza 6 il, ən uzağı 8 il olur. Bəzən isə lap az.
   
   Məşhur bir amerikan filmi var. Bir nəfər azyaşlı qızını zorlayan iki gənci qətlə yetirir. Və məhkəmə hətta ona bəraət verir.
   
   Ramil Səfərov da Xocalıda, Qarabağın başqa bölgələrində azyaşlı balalarımızı zorlayan, uşaqları süngüyə keçirən bir nəfəri affekt vəziyyətdə qətlə yetirib.
   
   ABŞ məhkəməsi belə hadisəyə görə öz vətəndaşına bəraət verdi, amma indi tumanını başına keçirib düşüb ortalığa.
   
   O vaxt Ramilə ömürlük həbs cəzası verilməsi ermənilərin üzərimizdə böyük qələbəsi idi. Və bu xalq neçə illərdi bunun ağrı-acısını çəkirdi.
   
   İndi də Ramilin azadlığa buraxılması bizim ermənilər üzərində təkcə qələbəmiz deyil, həm də dünyadakı erməni mifini darmadağın etməyimizdi.
   
   Qəzetlərə baxıram, mətbuatı izləyirəm, çox qəribə fikirlərlə rastlaşıram. Kimi deyir Macarıstana rüşvət vermişik, kimi deyir investisiya qoymuşuq, hətta rüşvətin məbləğini 3 milyard dollara qaldırırlar. Day nə bilim, at gəldi örkən apardı...
   
   Boş-boş sözlər. Bu beynəlxalq hüquq çərçivəsində həll olunmuş məsələdi. Və ən başlıcası möhtərəm prezidentimizin nüfuzunun sayəsində, yalnız və yalnız nüfuzunun sayəsində bu gün Ramil görəvinin başındadı.
   
   İndi qayıdaq söhbətimizin məğzinə və yazılanlara.
   
   Bir məşhur lətifə var.
   
   Abdal Qasım meşədən odun qırıb gətirirmiş. Bəyin evinin yanından keçəndə zarafatla deyir:
   
   - Toş-toş, ay bəy, toş-toş.
   
   Bu vaxt bəyin nökərləri tökülüb onu döyürlər.
   
   Döyüləndən sonra üst-başını çırpan Abdal Qasım bu dəfə eşşəyi dəhmələyib belə deyir:
   
   - Toş-toş, ay çoxqohumlu bəxtəvər, toş-toş.
   
   İndi Qurgenin amerikalı, avropalı qohum-əqrəbasını başa düşürük və bilirik.
   
   Amma şəxsən mən Qurgenin Azərbaycanda bu qədər qohum-əqrəbası olduğunu anlaya bilmirəm. Söhbət Azərbaycanda yaşayan 30 min ermənidən getmir, söhbət özümüzünkülərdən gedir. Nəinki bəzi üzdəniraq ziyalılar, yazıçılar, jurnalistlər, hətta prezidentlik iddiasında olan siyasətçi də Ramilin azadlığa buraxılmasından narahat olub, dilxor olub. Bunları ağrıdan nədir? 14 yaşından özünü orduya bağlayan, ürəyi Qarabağı azad etmək üçün çırpınan talesiz bir gəncin azadlığa çıxması bunları niyə yasa batırıb? Axı, ilana ağu verməkdə məqsədiniz nədir?!
   
   Siz təkcə Ramili incitmirsiz ey, həm də bu xalqın ruhuyla oynayırsız.
   
   Ramil həbs olunan dönəmlərdə də bəxtəvər Qurgenin Azərbaycandakı çoxqohumları ilə mətbuatda davam düşürdü. Bu yazıları onda da yazırdılar və "Ədalət" qəzeti də həmişə onları yerində oturtmağı bacarıb və həmişə də Ramilin müdafiəsinə qalxıb. Bir arzumuz vardı, o da həyata keçib - Ramil azadlıqdadı. Sevincimizi də bildirmişik, amma day bu mövzu ilə qəzeti oxutmaq xətrinə o qədər də çox oynamıram. Heç bəlkə bu mövzuya özüm toxunmayacaqdım, çünki dedim zamanında çox toxunmuşam və Ramilin müdafiə komitəsinin də üzvü olmuşam.
   
   Amma neyləyək ki, bəxtəvər Qurgenin qohum-əqrəbası qoymurlar rahat oturmağa.
   
   Toş-toş, ay çoxqohumlu bəxtəvər, toş-toş.
   
   Və sonda. Ramili qınayırlar ki, o çoxqohumlu bəxtəvəri yatmış vəziyyətdə öldürüb. Bu da ermənilərin düzəltdiyi yalançı şoudan başqa bir şey deyil. Ermənilər bütün yalanlarını dünyaya yedirtdikləri kimi, bu yalanı da dünyaya yedirdə bildilər.
   
   Sən durursan gedirsən bir otağa. O otağın qapısı bağlıdı, ya sən o qapını döyməlisən açmalıdılar, ya da qırmalısan açmalıdılar. Məntiqlə Ramil çoxqohumlu bəxtəvərin otağına daxil olarkən o ayıq olmalıydı. O ayıq olub, əlbəyaxa olublar və Ramil də maşallah, pələng kimi oğlan. Tamam.
   
   Və bəxtəvərin bizdən olan qohumları ələlxüsus da bundan yapışıblarmış ki, bəxtəvər yatılı imiş. Və elə də deyirlər ki, elə bil onlar da bəxtəvərin yanındaymışlar.
   
   Sual olar ki, sən də orda olmamısan, amma hər halda rəhmətlik Mustafa Güliyevdən məntiq dərsi almışam.
   
   Pəyədəki eşşəyin səsinə inanmaqdansa...

TƏQVİM / ARXİV