adalet.az header logo
  • Bakı 18°C
25 Fevral 2020 12:41
34598
MARAQLI
A- A+

Yalan dünyadan doğru xəbərlər

Heç oğlum Yadullanın müsibəti belə olmamışdı. Çox kədərləndim. Yaponiyada yaşayan dünyanın ən yaşlı kişi sakini Titesu Vatanabe 112 yaşında vəfat edib. T.Vatanabenin adı 2020-ci ilin fevral ayında dünyanın ən yaşlı kişi sakini kimi qeydiyyata alınıb və Ginnesin Rekordlar kitabına salınıb. 5 uşağı, 12 nəvəsi və 16 nəticəsi olan Titesudan uzunömürlülüyünün sirrini soruşanda deyib ki, əsəbiləşməyin və gülümsəyin. 




Amma yadından çıxıb ki, o vaxt nənəsinə su gətirəndə nənəsi ona "Titesu, su qədər ömrün olsun” deməsəydi 112 il yaşamazdı. Sizə deyim ki, bu itki məni çox qorxudur. Bilmirəm, bilirsiniz, ya yox, hazırda dünyanın ən yaşlı qadın sakini də yaponiyalıdır. 117 yaşlı Kane Tanakanı deyirəm. Titesu Tanakanı arxasınca aparmasa yaxşıdır.

Bu ölüm xəbərinin ardınca sizə şad xəbərim var. Bir ölürsə, biri də mütləq ki doğulur. Üzr istəyirəm, ingiltərədə 21 uşaq anası Sue Radford 22-ci uşağını dünyaya gətirib. Xəbəri instagramda onun öz profilindən almışam. Sue "Instagram” hesabında uşaqları ilə birlikdə fotosunu paylaşıb. 


44 yaşlı Sue Radfordun 22-ci uşağını dünyaya gətirməsi ingilislər üçün də maraqlı hadisə olub. Biri yazıb ki, "arada nəfəs al”, o biri yazıb ki, azərbaycanlılar olsaydı, adını Kifayət qoyardılar. Deyirəm, bu ingilislər də vedrə qoşmaqda bizdən geri qalmırlar ha.

Biraz əvvəl üzr istədim, amma psixoloq-alimlər heç vaxt üzr istəməyən insanların daha xoşbəxt olduğunu müəyyənləşdiriblər. Araşdırma "European Journal of Social Psychology” dərgisində dərc edilib. Tayler Okimotonun rəhbərliyi altında bir qrup avstraliyalı psixoloq insanların üzr istəməkdən qaçdıqları zaman niyə mənəvi məmnunluq aldıqlarını araşdırmaq qərarını verib.

Onlar 228 amerikalıdan indəyədək törətdikləri həm xırda (məs., yol-nəqliyyat), həm də ciddi (məs., oğurluq) qanun pozuntularını yada salmağını istəyiblər. Bundan sonra könüllüləri 2 qrupa ayırıblar: birincilərdən üzr istəməklə, ikincilərdən isə bundan imtina ilə bağlı məktub yazmağı istəyiblər. Psixoloqlar gözləntilərin tam əksi bir qənaətə gəliblər: üzr istəməkdən imtina edənlər daha çox məmnunluq hiss ediblər, nəinki günahı boynuna alanlar. "Siz üzr istəməkdən vaz keçəndə özünüzü daha güclü hiss edirsiniz, özgüvəniniz artır”, - Tayler Okimoto açıqlayıb. Araşdırmaçılar üzr istəməkdən imtinanın heç də düzgün olduğunu iddia etmirlər. Günahı boynuna almağın faydaları çoxdur – bu, nəinki insanlar arasında, hətta ölkələrarası münasibətlərin də bərpasına kömək edir. T.Okimoto eksperimentlərin insanları üzr istəməyə necə təkan verməyə yardımçı olacağını güman edir.

Bu vurhavurda britaniyalı Li Tekkaberri qardaşımız "eBay”da satışa qeyri-adi lot təqdim edib. O, 10 il öncə düzəltiyi qar topunu satır. Li 10 il soyuducuda saxladığı qar topunu yaxşı qiymətə satmaq fikrindədir. İnanmazsınız, amma bu lota görə 900 funt sterlinq təklif ediblər. Təsəvvür edirsiz də?



İndi deyərsiniz ki, camaat pulunu xərcləməyə yer tapmır, amma həqiqətən də elədir. Budey, Koronavirusun meydana gəldiyi Çinin Uhan şəhərində evdən çölə çıxa bilməyən uhanlılar özlərinə yeni "əyləncə” növü tapıblar. Onlar xərcləyə bilmədikləri pullardan "təyyarə düzəldərək” pəncərədən atırlar.