adalet.az header logo
  • Bakı 12°C

TACLI VİRUS - Şahnaz Şahin yazır

21353 | 2020-02-27 09:27

Esse


Sən demə insanlar həyatı sevirmiş, yaşamaq eşqi güclüymüş, döyüş meydanından qalib dönməyin yollarını araya, tapa və həyata tətbiq edə bilirmiş. Bəs əcəba nədən bu vaxtacan malik olduğunu dəyərləndirə bilmir, sağlamlığını başına tac etməkdə xəsislik edirmiş!?..Bundan ötrü mütləq idimi taclı virus gələ...Deyirəm adı da maraqlıdı e, Taclı!..Yoxsa ki, göbələk, sitomeqalo ya da xlamidiya, eşidəndə adamın əti çimçəşir...

Bu ərəfələr daha çox müşahidə edirəm, insanlar əməlli başlı "panik "olub. Elə təkcə bu gün nə qədər "qara maska”lı görmüşəm şəhərdə, hələ çantasında aerozol spirt gəzdirənləri demirəm, iki nəfərin həyəcan dolu söhbətini də eşitdim üstəlik, biri o birinə deyirdi ki, xəbərin var, apteklərdə maska qalmayıb e...Yadıma bir iş yoldaşım düşdü. Cavan oğlan idi, heç nədən arterial təzyiqi qalxır, nəbzi sürətlənir, halı pisləşirdi. Həkimlər də baş aça bilmirdilər, eləcə tibbi yardım edilir, özünə gəlirdi. Bir gün əməlli-başlı müayinədən keçməyi qərarlaşdıran bu oğlana şəhərin ən məşhür klinikalarından birində hansı diaqnozu qoysalar yaxşıdı..”Panik atak !..” Hələ əlavə olaraq məlumatlandırmışdılar ki, bu vaxtacan bu adda, bu sortda xəstəlik bəlli olmayıb, adı təzə qoyulub. İş yoldaşlarına xəstəliyi haqqında ağızdolusu danışanda ürək-dirək verib dedilər heç adıyla qalmasın və gülüşdülər. Həm də həkimlər anlatmışdılar ki, əslində bu xəstəlik də deyil, sadəcə özündə fikrən xəstəlik yetişdirmək kimi bir şeydi... Olmasa olmazmış yəni.!..Belə işlər...

İndi də bu virus paniki...”Gəldi” deyib biri küy qaldırır, qalanları heç düşünmədən bunu təsdiq edir, bu eşidənləri bir az da vahiməyə salır...Yaxşı ki, televiziya var, axşamdan bəri durmadan məlumat ötürür ki, Taclı Azərbaycana gəlməyib, gəlməyib, gəlməyib, yoxdur, vəssalam!. İnandılarmı, haşa!.. Elə özcə qızım evə gəlib çatan kimi "qızdırmam var, aptekdə də maska tapa bilmədim, yox e, mən xəstələnmişəm..” deyə tez hücum çəkdi evin "ilk tibbi yardım şöbəsinə”, termometri üsulluca çırpıb qoydu qoltuğuna, bir az gözləyəndən sonra qorxa-qorxa çıxarıb baxdı vəə..: 37 dərəcə !!

Deyim ki, qorxu bir çox xəstəliyin açar-kilididir, əhvalın pozitiv köklənməsi bütün sinir sistemi vasitəsilə nəql olunur baş beyinə, beyin də öz növbəsində orqanizmin lazımi "post”larına xəbər göndərir və bədənin anadangəlmə özünü müdafiə aparatı işə qoşulur.. "Bizim qorxudan başqa heç bir qorxumuz yoxdur !” söyləmişdi Ruzvelt. Dilimizdə "qorxudan ölmüşdüm..” deyə bir ifadə də var. Hamı bilir, uşaqların bir ilanboğan vaxtı olur, yəni bəlli yaşlarda onlar heç nədən qorxmur! Əlini itin ağzına salır, pişiyi qucağına götürür, qaynar çayı ağzına aparır, yanar odu əlinə alır və s... Normal halda beynin heç on faizindən belə istifadə etmir insan, o gün bir film izlədim, orqanizmə yerləşdirilən xüsusi təhlükəli maddənin az miqdarı dağılır və qana keçir. Nəticədə beynin işi sürətlənir, getdikcə istifadə faizi yüksəlməkdə davam edir...Bəlli bir həddə çatanda artıq nə qorxu hissi qalır, nə də ağrı. Adam bütün hadisələri öncədə bilir, insanları, onların fikirlərini çox uzaq məsafələrdən belə görür, eşidir və anlayır, onları idarə edir, keçmiş, indi və gələcək artıq onun üçün sirr deyil. O artıq öz maddi ömrünün də sürətlə sona yetdiyiniə əmin olduğundan biliklərindən bacardıqca yararlanmağa və insanlar üçün faydalı olmağa qərarlıdır. ..

Baş verənləri xaos kimi dəyərləndirənlərə isə: -Xaosu cəhalət yaradır, mən isə bütün bildiklərimi bilgisayara yükləyib insanlar üçün qoyacam...

Mən də bu yazımla sizə pozitiv enerji ötürmək istədim, bir də demək istədim ki, materiya zamanla mövcuddur, hər şey də elə o sirli zamana möhtacdır...

Zaman olmasa biz özümüz də olmarıq...

Bir az da səbr edək...



TƏQVİM / ARXİV