adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Fevral 2020 09:12
133796
MÜSAHİBƏ
A- A+

Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”

Son 200 il ərzində erməni millətçi-şovinistlərinin Azərbaycan xalqına qarşı apardığı təmizləmə, soyqırım siyasətinin ən dəhşətli nəticələrindən biri də Xocalı faciəsidir. Müsahibim, Xocalı şəhər sakini Ceyran Ələkbər qızı Əzizova ilə söhbətimizə də bu istiqamətdə başladıq. İlk sözü də bu oldu ki, aradan uzun illər keçməsinə baxmayaraq, dövlət bayramlarında, özəl günlərdə atəşfəşanlıq üçün atılan toplar, fişənglər onu 28 il əvvəlki kimi həyəcanlandırır, sarsıdır:” O an elə bil geriyə dönürəm, uçum-uçum uçalanıram, ürəyim şiddətlə döyünür, çox çətinliklə özümü ələ alıram”. Tanıtım üçün bildirim ki, Ceyran xanım 1964-cü ildə anadan olub. Orta məktəbi doğma kəndində başa vurub. 1989-cu ildə qonşusu, Xocalı dəmir yolu tikintisində krançı işləyən Vasif Məmmədovla ailə həyatı qurub. 1990-cı ildə ilk övladı dünyaya gəlib.

28 il geriyə

Bura qədər sakit-sakit danışan həmsöhbətimin gözlərini sanki bir qatı duman aldı. Bəlkə də, danışdıqca elə o illərə qayıtmışdı.

- Lap 1989-cu illərin sonundan başlayaraq ermənilərin hücumlarına tez-tez məruz qalırdıq. Təsərrüfatla, gündəlik işlərilə məşğul olan sadə sakinləri atəşə tutur, yaralayır, öldürürdülər. Otardığı sürüsünü oğurlayıb aparırdılar. Xüsusən ermənilər Noraguh kəndindən Xocalıya tərəf atəşi dayandırmırdılar. Ona görə də rayonun kişiləri camaatı müdafiə etmək üçün postlar qurdular, hər gün axşam saatlarından səhərə qədər həmin postlarda növbə tutdular, el-obanı xain basqınlardan qorudular. 1991-ci ildə Xocalıda özünümüdafiə taboru yaradıldı. Tabor silah-sursatla təmin olunduqdan sonra həyat yoldaşım Vasif Məmmədov və eyni zamanda əli silah tuta bilən hər kəs həmin taborda ermənilərə qarşı döyüşə atıldılar. Azərbaycanın Milli Qəhrəmanı, "Mixaylo" kimi tanınan mayor Tofiq Hüseynov tabora komandir təyin edildi.Yeri gəlmişkən, Tofiq mənim bibim oğluydu. Onun sayəsində Noraguh və Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası "Alazan" qurğusu ilə partladıldı, ferma darmadağın edildi. Bu əməliyyatdan sonra ona mayor rütbəsi verildi. Mixaylonun sonuncu döyüşü Xocalıda 26 fevralda oldu. O, neçə-neçə dinc sakini təhlükəsiz yerə çıxara bildi. Son nəfəsinə, sonuncu gülləsinə qədər vuruşan Tofiq onlarla erməni quldurunu məhv edib, son anda sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni faşistlərini də partlatdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin..


-Hadisələrin gərgin zamanında orada təxminən nə qədər əhali vardı, camaat çox idimi, sıx idimi?

-Ermənilər də hər vəchlə çalışırdı ki, Xocalını ələ keçirsin. Cünki Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük yaşayış məntəqəsiydi. Həm 1990 -cı ildə şəhər statusu almışdı, həm də burda əhalinin sayı 7 mini keçmişdi. 1988 -ci ilin sentyabrın 18-də Xankəndindən, 1988-ci ilin noyabrında Ermənistandan qovulmuş azərbaycanlıların əksəriyyəti, 1989 - cu ildə Fərqanədən qovulmuş nə qədər məhsəti türkü vardısa, hamısı burada məskunlaşmqaışdılar. Maraqlıydı ki, o çətin
günlərdə camaat bir-biri ilə o qədər doğmalaşmış, o qədər mehribanlaşmışdı ki, sanki yaxın qohum-əqrabaydılar. Xəstələnən, yaralanan olanda bir-birindən qayğılarını əsirgəmirdilər.

-Dinc sakinlər kəndi tərk etmək, müharibə zolağından uzaqlaşmaq haqqında düşünürdülərmi?

-Bilirsiniz ki, Dağlıq Qarabağda yeganə təyyarə meydanı da Xocalıda yerləşirdi. Erməni silahlı qüvvələri Xocalını hər tərəfdən mühasirəyə almışdılar, yolları, keçidləri tutmuşdular. Şəhərin quru yolla xarici aləmlə əlaqəsi kəsilmişdi. Elektrik enerjisi yox idi. Əlaqə 1991- ci ilin noyabrından etibarən ancaq radio-telefonla və mülki vertolyotlarla idi. 1992 - ci ilin yanvarın 28-də ermənilər tərəfindən bizim Mİ-8 markalı mülki vertolyot vuruldu. Vertolyot gözümüzün önündə iki yerə bölündü və yerə düşdü. Vertolyotun içərisindəki insanların qışqırtısı hələ də qulağımdadır. Çox dəhşətli mənzərə idi. 40-dan artıq qarabağlı həlak olduqdan sonra Xocalı şəhəri ilə hava əlaqəsi də kəsildi. Xocalının erməni kəndlərinin əhatəsində olması, yaxınlıqdakı azərbaycanlılar yaşayan kəndlərin (Malıbəyli, Quşçular) əhalisinin kütləvi qətli və kəndlərindən didərgin salınması camaatımızı narahat edirdisə də, heç kim yerindən tərpənmir, müharibə zolağından uzaqlaşmağı düşünmürdülər.



- Bayaq sözarası dediniz ki, siz soyqırımından bir az əvvəl evinizi tərk edib Ağdama gəlmişdiniz....

- Qazımızı, işığımızı kəsdilər. Qaranlıqda qaldıq. Çörək sexlərini generatorlarla işlətmək istədilər, o da alınmadı. İş o yerə çatdı ki, Xocalıya heç bir yardım gəlmədiyindən şəhərdəki çörək sexləri evlərə qablarda xəmir paylamağa başladılar ki, acından ölməyək. Xəmiri ocaqda qızardıb qənaətlə uşaqlara verirdik. Əli silah tutan kişilər hamısı səngərlərdə idi. Soyuq qış günlərində səngərdəkilər gündən-günə xəstələnir, azyaşlılar qızdıqmadan yanır. Körpələrin qızdırmasının qarşısını almağa heç bir dərman da yox. Allahın ümidinə qalmışdıq. Fevralın12-si saat 10-a işləmiş Xocalıda evlər iriçaplı silahlardan atəşə tutuldu. Evlərin divarlarına söykənib qaldıq ki, güllə dəyməsin. Güllələr yağış kimi yağırdı evin içərisinə. Heç kimin sağ çıxmaq ehtimalı yox idi. Bizimkilərdə silah yox idi. Təqribən 10 adamdan birində silah var idi. Elə o ərəfələrdə ikinci övladım dünyaya gəlmişdi. Qeyd edim ki, evimiz Xankəndi-Şuşa şosse yolunun düz üstündəydi. Yaxınlığımızda başqa ev-ailə də yox idi. Vasif də postdan gec-gec gəlirdi və mən 2 körpə ilə o tənha yerdə həyəcan keçirməyə başladım. Xüsusən, ən çox qorxduğum məqam kəşfiyyata gələn ermənilərin əlinə keçmək idi. Böyüklərin məsləhəti ilə faciədən 13 gün əvvəl 13 fevralda məni və uşaqlarımı vertolyotla Ağdama göndərdilər. Kaş ki, getməyəydim... (ağlayır)


-Həyat yoldaşınızın ölüm xəbərini nə vaxt aldınız?

-Fevralın 14-dən 26-dək Ağdamda Xocalı ilə əlaqə saxlamaq üçün xüsusi qərargah yaradılmışdı. Həmin qərargahın qarşısında yatırdıq. Hər an xəbər gözləyirdik, amma heç nə demirdilər. Hər gün Xocalıya poçta zəng vururdum, qonşularımıza zəng vururdum ki, həyat yoldaşımdan, hamilə bacımdan, qohumlarımdan xəbər bilim. Fevralın 25-də Xocalı polis şöbəsinə zəng vurub həyat yoldaşımı soruşdum, çünki yoldaşımın ağciyərində problem var idi. Qonşularımızdan biri gəlib telefonda dedi ki, həyat yoldaşım postdadır, vəziyyəti yaxşıdır. 26 fevralda isə Ağdam məscidinin qarşısında meyidlərin arasında Vasifi axtarırdım və...Ay Allah!!Mənə doğma-əziz olan insanların başına nələr gətirmişdi bu xain ermənilər..Soyulmuş ... dəriləri, kəsilmiş əzaları, yandırılmış cəsədləri görəndə huşumu itirdim.

-Tanıdıqlarınızdan-yaxınlarınızdan kimləri gördünüz?

-Qadınların ah-naləsi bəlkə də, Allahın yanına gedib çıxırdı. Elə orda eşitdim ki, qohumum Firəngül Kərimovanın əvvəl döşünü, sonra qulaqlarını kəsiblər. Sonra gözlərini çıxarıblar, daha sonra da bədənini doğrayıblar. Sinif yoldaşım, milli ordunun əsgəri Hidayət Eyvazovun da başını kəsibilər. Cəbrayıl Rəcəbovu əsir alıb əl-ayağını məftillə bağlayıb, sonrada üstünə benzin töküb yandırmışdılar. Həyat yoldaşımın silahdaşları Təvəkgül, Yelmar milli orduda döyüşürdü. Həmin gün ermənilər onları da yandırıblar. 1988-ci ildə Göyçə mahalından ermənilər tərəfindən didərgin salınmış, Xocalıya pənah gətirmiş Narxanım xalanın həyat yoldaşı 45 yaşlı Məmməd Məmmədovu, oğlu Söhbəti vəhşicəsinə qətlə yetiriblər. Qonşumuz Şuxaddin Abışovanın 3 övladının hər üçünü də- Etibar, Habil, Mobil işgəncələrlə öldürmüşdülər. Şuxəddin xala o hadisədən sonra özünü bir otağa həbs etdi və 20 ildən sonra elə o otaqda da öldü. Amma Telmanla qardaşı Fazilinin işgəncəylə öldürüldüyü, başlarının kəsildiyi deyilsə də, yaxınları indiyə kimi onların meyitini ala bilməyiblər. Camaatın çıxarılmasında xüsusi fəallıq göstərmiş Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun nəşini gördüm. İlahi o məscidin həyətində nələrə şahid olduq... O gecə ümumilikdə 68 qohumumu itirdim. Martın 2-də gecə Xocalıdan 86 meyit yüklənmiş "Kamaz" gəldi və nəhayət, Vasifin cəsədini tapa bildik: qarnı cırılmış, boynu qırılmış vəziyyətdə, qolunda güllə yerləri . Onu Ağdam rayonunun Tərneft kəndində torpağa tapşırdıq. 1993-cü ildə orada işğal olundu. Düz 28 ildi əzizlərimin qəbrini ziyarət edə bilmirəm. O boyda nəsildən bir qəbir var - Bakıda Şəhidlər xiyabanında Milli Qəhrəman Tofiq Hüseynovun qəbri. Qalan əzizlərimizin meyitlərindən xəbərimiz yoxdur.


-çkünlüyün acıları ilə harda tanış oldunuz?

- Əvvəl Naftalana, sonra Sabribada üz tutduq. Öhdəmdə iki azyaşlı körpə ilə çox çətin günlərdən, ağır imtahanlardan ecdim. Buna baxmayaraq, övladlarımın xatirinə mübarizə etmək, ayaqda qalmağa borclu idim. Öncə ali təhsil almaq üçün 1996-cı ildə Bakı Dövlət Universitetinin qiyabi hüquq fakültəsinə daxil oldum. Ondan iki il sonra Azərbaycan Respublikası Ədliyyə naziri Südabə Həsənovanın tapşırığı ilə Sabirabad rayon Notariat kontorunda məsləhətci vəzifəsinə təyin edildim. Elə orada yerləşən Güdəcühür köçkünlər qəsəbəsində evlə təmin olundum.Yenə də deyirəm , bütün əzab-əziyyətlərə baxmayaraq Vasifin yadigarlarını böyütməli idim və böyütdüm.



-Bəs, Bakıya hansı səbəbdən gəldiniz?

-Böyük oğlum Bakıda, kiçik oğlum Mingəcevirdə ali məktəbə daxil oldular. Məcbur qalıb, mən də Bakıya köçməli oldum. 2007-ci ildə çox axtarıb arayandan sonra Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı Evtikmə Kombinatına məxsus İstirahət mərkəzindəki təkadamlıq evlərin birində yerləşdik. Elə indiyənə qədər də burda yaşayırıq. Min cür əziyyətə qatlandım bu "domik”də. Ömrümü aldı , məni xəstə saldı bu dar, rütubətli, uçuq-sökük, şəraitsiz daxma... Hər iki oğlumun səhhətində də bu daxmanın izləri var. İndidə nəvələrim o zülümü çəkir.Mən rahat ömür yaşamadım, övladlarımda ...indi də nəvələrim...

-Ürəyinizdə hansısa arzunuz qalıb?


- Bir ana kimi övladlarımdan çox razıyam, onları bütün çətinliklərə rəğmən böyüdülər, ailə sahibi oldular. Amma ən böyük arzum hələ ki, ürəyimdədi. Vasifin və minlərlə şəhidimizin qanı töküldüyü o torpaqları murdar ermənilərin tapdağından xilas olduğu günü görmək nəinki arzumdu, həmdə amalımdı, yaşamaq səbəbimdi. O torpaqlar azad olunan gün şəhidlərimizin qisası alınan gündür. Ailəlikcə ən böyük arzumuz ordumuzun qələbə bayrağını Şuşada, Laçında , Xocalıda dalğalanması- dır. Məncə, bütün Azərbaycan xalqı o günü ümidlə gözləyir.

-Ceyran xanım, kolletivimiz adından sizin və eyni zamanda xalqımızın Qələbə arzularının tezliklə reallaşmasınıi diləyirik!Müsahibəyə görə də, sağ olun!


Əntiqə Rəşid

.