adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Fevral 2020 20:07
17779
MƏMLƏKƏT
A- A+

Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

Fevralın 24-də AMEA N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı Atakişili kənd tam orta məktəbi ilə birgə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirmişdir.

Tədbirdə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan dövlət himni səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə açan AMEA N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri Yaqut Bahadurqızı xalqımıza qarşı törədilən bu faciənin tarixi kökləri haqqında ətraflı məlumat vermişdir. O, çıxışında 90-cı illərin əvvəllərində ölkəmizdə yaranan xaos və anarxiya nəticəsində bir çox bölgələrimiz kimi Xocalı şəhərinin də nəzarətdən kənarda qalmasından, bundan istifadə edən erməni hərbi birləşmələri 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalıda misli görünməmiş faciə törətməsindən, nəticədə minlərlə Xocalı sakininin qətlə yetirilməsi, yaralanması və əsir götürülməsindən bəhs etmişdir. Bu soyqırım hadisəsi yalnız Ümummilli Lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra öz həqiqi qiymətini almışdır.



Monitorda Xocalı soyqırımının dəhşətlərini əks etdirən kadrların nümayişi, şagirdlərin təsirli çıxışları, dəhşətli soyqırıma həsr olunmuş şeirlər, qəmli musiqilər tədbir iştirakçılarına kədərli anlar yaşatmışdır.

Sonda Kürdəmir rayon Atakişili kənd tam orta məktəbin direktoru Aytən Əkbərova çıxış edərək şagirdləri xalqın qan yaddaşı olan Xocalı soyqırımını, eləcə də, işğal olunmuş digər torpaqlarımızda törədilmiş qanlı cinayətləri, vəhşilikləri unutmamağa, Vətən, torpaq uğrunda mübarizəyə hər zaman hazır olmağa çağırdı. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiə olunmasında, xalqımızın tarixi, başına gətirilmiş faciələrlə bağlı tədbirlərin keçililməsinin böyük əhəmiyyətindən bəhs etmiş və tədbir iştirakçılarına və qonaqlara minnətdarlığını bildirmişdir.

Tədbir iştirakçıları Atakişili kənd tam orta məktəbinin şagirdlərinin Xocalı soyqırımına həsr etdikləri əl işləri və rəsmlərdən ibarət sərgi ilə tanış olmuşlar.