"QARABAğ"I AğDAMA QAYTARA BiLMƏYƏNLƏR AğDAMI QAYTARA BiLƏCƏKLƏRMi?!

AQİL ABBAS
47390 | 2012-08-18 09:22
Adı Ağdamın, özünün Ağdama dəxli olmayan "Qarabağ" komandası yenə Ağdama (Quzanlıya) getməkdən imtina etdi. Səbəb: yolun uzaq olması, futbolçuların gedib-gələrkən yorulmaları! Qəribə səbəbdi, məgər futbolçular Ağdama piyada gedib-gəlirlər?!
   
   Onda gərək AFFA və PFL birgə qərar çıxarsınlar ki, "Qarabağ"ın futbolçularının əziyyət çəkməməsi üçün onlar Gəncəyə, Tovuza, Lənkərana da getməsinlər. Qoy zəhmət çəkib "Turan" da, "Kəpəz" də, "Xəzər-Lənkəran" da gəlsinlər Bakıya.
   
   Xatırladaq ki, "Qarabağ" ev oyunlarını Bakıda oynayırdı. Ağdam ictimaiyyətinin uzun sürən tələbləri və Rövnəq Abdullayevlə Ramin Musayevin ciddi-cəhdilə komanda Ağdama qayıtdı.
   
   Bir müddətdən sonra komanda yenə Ağdamda oynamaqdan imtina etdi, Suraxanı stadionu ilə 20 illik müqavilə bağladı. 20 illik! Bu müqavilədən belə çıxırdı ki, və çıxır ki, komandanın rəhbərliyi ən azı 20 il müddətinə Ağdamın azad olunmağına inanmır. Olsun, qoy inanmasınlar!
   
   İctimaiyyət ayağa qalxdı, mətbuat məsələni gündəmdən çıxarmadı. Və rəhbərlik bu qınağın qarşısında geri çəkilməli oldu. Və yenə üzü Ağdama!
   
   Buyurun, yenə "Qarabağ" Ağdamda oynamaqdan imtina etdi. Etsin! Bu komandanın hüququdur, harda istəyər orda da oynar, necə deyər, çarpayı onlarındı, istərlər altında yatarlar, istərlər üstündə.
   
   İndi baxıram "Qarabağ"ın Ağdama qaytarılması üçün mübarizə aparan ictimaiyyət də yorulub, mətbuat da, qələm sahibi olan ziyalılar da, elə mən də!
   
   Və heç bu məsələnin üstünə qayıtmaq fikrim də yox idi və sözümü 23 iyul İctimai Televiziyanın "Yeni gün" proqramında da demişəm, təkrar etməyə də həvəsim yoxdu.
   
   Dediyim kimi, bu məsələyə qayıtmayacaqdım, amma bir həmkarımın mənə güllə kimi dəyən sözləri olmasaydı: ""Qarabağ"ı Ağdama qaytara bilməyən ağdamlılar, Ağdamı qaytara biləcəklərmi?!". Həm çox ağrılı, həm də çox ağıllı sualdı!
   
   Bu yazını da bu suala cavab üçün qələmə aldım.
   
   Ağdamda həmişə futbol da olub, futbol məktəbi də. Və bu futbol məktəbi təkcə "Qarabağ"ın deyil, ölkəmizin şərəfini qoruyan idmançılar yetişdirib. Müstəqilliyimizi qazanandan sonra evsiz-eşiksiz "Qarabağ" yataqxana küncündə yaşayan, ailəsinə doyunca çörəkpulu tapmayan futbolçuları ilə ölkə çempionatında da, ölkədən xaricdə də şərəflə mübarizə aparıblar. Və komandanın üzvlərinin də 80-90 faizi Ağdam futbol məktəbinin yetirmələri olub.
   
   İndi gələk suala. Əvvəla, Ağdamı ağdamlılar deyil, Azərbaycan xalqı qaytaracaq. Və təbii ki, ağdamlılar da o müqəddəs döyüşdə ön cərgələrdə olacaqlar. Bu belə!
   
   "Qarabağ"ı Ağdama qaytara bilməyən ağdamlılar...
   
   Abbasqulu bəyin nazı ilə çox oynayırsan ha, Kərbəlayı!..
   
   Deyəsən, "Qarabağ"ın nazı ilə çox oynayırsız ha, ağdamlılar!
   
   Kiminsə nazı ilə oynamaq, kimdənsə xahiş eləmək, kiməsə yalvarmaq və ya kimdənsə nəyisə tələb etmək lazım deyil.
   
   Toparlanıb öz "Qarabağ" komandanızı yaratmaq lazımdır. Allaha şükür, ölkədə Ağdamın yetirməsi olan layiqli məşqçilər də var, futbol mütəxəssisləri də, futbolçular da. Və Quzanlıda hər cür şəraiti olan Olimpiya kompleksi və Bakı stadionlarından heç də geri qalmayan stadion da!
   
   Və futbolçu olmaq eşqi ilə yaşayan, alışıb-yanan yüzlərlə uşaq da, gənc də!
   
   Qaldı pul məsələsinə. Bunun da yolu var, özü də çətin deyil.
   
   Türkiyədə TRT vergisi var. Və TRT-lər əhalidən tutulan həmin verginin hesabına yaşayırlar. Qoy hər bir ağdamlı da "Qarabağ" komandasına ayda bircə manat ödəsin. Bu rəqəm də heç bir ailənin büdcəsinə zərər vura bilməz. Bu ayda təxminən 180 min manat edir. Hələ mən imkanlı ağdamlıların könüllü ianələrini demirəm.
   
   "Qarabağ" "Azərsun"undur, qardaşlar, bunu birdəfəlik qəbul edin.
   
   "Qarabağ"ı Ağdama qaytarmaq lazım deyil, Ağdamın öz "Qarabağ" komandasını yaradın! Vəssalam.

TƏQVİM / ARXİV