adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Fevral 2020 10:14
27298
MƏMLƏKƏT
A- A+

28 ilin vaxt axarı - 28 illik acılar...

Xocalı danışır, xocalıya aid fotolar danışır, xocalılılar danışır...28 il illik zaman kəsiyində nə qanı süzən yaralar qaysaqladı, nə də faciə yaşayan insanların ah-naləsi səngidi. Aradan 28 il keçdi, amma hansı Xocalı soyqırımı şahidini dindirirsən-danışdırırsan, yenə o günü yaşayır, yaşaya-yaşaya sənə də yaşadırlar. Sıxılmış yumruqları, dolmuş, bir himə bənd kimi selə dönən göz yaşları, həyəcan, qorxu, ümidsizlik bürümüş simaları, ağğappaq bət-bənizləri ilə o günə dönürlər. Bir dəfə Həmayil adlı yaşlı qadından müsahibə götürürdüm. Söhbətə sakit-sakit başladıq, amma yarıda Həmayil xalanın dizlərinə çırpa-çırpa ağlaması, haray çəkməsi məni müsahibə almağıma peşman elədi. Bilmədən yaralarını təzələmişdim, sağalmamış- sağalmayacaq yaralarını...O, döyüşçü oğlunun- Tahirin, həyat yoldaşı Qaçay əminin, gəlini Zərifənin, nəvəsi Lalənin cəsədlərini sanki yenidən yüzlərlə cəsədin arasından tapıb çıxartmış, boylarını sevə-sevə əzizləməyə, ağı deməyə başlamışdı. Anladım... Onlar həyatlarına, əzizlərinə, psixologiyalarına zərbə vurmuş XOCALI SOYQIRIMInı unutmayacaqlar... Torpağa qarışsalarda, məzarlarının üstündə bir qarış ot bitsə də... unutmayacaqlar...

Danışır fotolar, danışır xocalılar...

Adalet.az xəbər verir ki, 1992-ci ilin soyuq fevral günlərinin acı xatirəsini yaşadan bu şəkillər dünyaya Xocalı faciəsini anladan ilk məlumatlar olub.


Xocalı sakini Tacirə Hüseynovao dəhşətli gecənin şahidlərindən olub:”Həyat yoldaşım Rəşid Hüseynov 26 fevral 1992-ci ildə Xocalı soyqırımı zamanı şəhid olub. Rəşidin, atasının və anasının meyidləri 2 mart 1992-ci ildə Ağdamdan gətirilərək Bərdə rayоnunun Yeni Daşkənd kəndində dəfn оlunub. Amma elə ailələr var idi ki, bütün üzvləri şəhid oldu, qapıları bağlı qaldı. Bizim ailə də həmin ailələrdən biri idi. Bizim ailədən atam, qardaşım, qardaşımın ailəsi, həyat yoldaşım, qayınatam, qayınanam, əmimin 16 yaşlı oğlu itkin düşdü. Əmim Zaman və oğlu əsir düşüb. Əsirlikdə oğlu görüb ki, atasını ermənilər döyürlər, amma heç nə deyə bilməyib. Hardansa biliblər ki, bu kişinin oğludur və onu ermənilər əsirlərin arasında harasa aparıblar. Bu gün də 16 yaşlı əmim oğlundan xəbər yoxdur. Əmim əsirlikdən azad ediləndən sonra oğlunun yoxluğuna dözə bilməyib dünyasını dəyişdi. Qardaşım Tahir altı yaşlı qızı Həmayili apardığı yerdə arxadan ona dörd güllə vurublar”.



Hüseynağa Quliyev Xocalı soyqırımının canlı şahididir. Hazırda 51 yaşı olan H.Quliyev Qarabağ döyüşləri zamanı 26 gün erməni əsirliyində qalıb. O, yaşının gənc olmasına baxmayaraq, Xocalı özünümüdafiə taborunun post komandiri olub və düşmənlə qızğın döyüşlərdə iştirak edib:” Məni döyəndən sonra özümdən getmişəm. Ermənilər elə bilib ki, ölmüşəm, məni ocağın üstünə atıblar. Elə vəziyyətdə olmuşam ki, yanmağımdan da xəbərim olmayıb”. Girovluğun 26-cı günündə soruşdular ki, Hüseynağa kimdir? Əlimi qaldırıb deyə bilmədim ki, mənəm. Halım yox idi. Yanımda olanlar məni göstərdilər. Dəyişdirilən zaman çox gedə bilmədim, bir neçə addım getdikdən sonra yerə yıxıldım. Öldüyümü zənn edib, məni Ağdamdakı meyitxanaya apardılar. Anamla dayım məni orada tapdılar. Anam görmüşdü ki, nəfəsim az da olsa gedib- gəlir, ölməmişəm. Məni morqan çıxarıb, Bakıya apardılar.Həyat yoldaşımı dəyişərkən isə onlara lazım olan erməninin adını yazıb vermişdilər ki, əgər bizimkilər o ermənini verməslər, oğlanlarımı geri qaytarmayacaqlar. Çox şükür ki, uşaqlarımı da geri ala bildik”.


O gecə 11 yaşlı Əhməd Məmmədov doğum günündə ermənilər tərəfindən sağ əlindən güllələnib. Düşmən bunu azyaşlı uşağa doğum günü hədiyyəsi etdiyini bildirib. Sonra isə sobanın üstündə olan qaynar çayı yaralı əlinin üstünə tökərək uşağın iniltisindən həzz alıblar:"Ermənilər qonşu Əhmədin başını kəsib futbol oynayırdılar...Birdə sonradan bildik ki, ermənilər atam Məmmədin, qardaşlarım Möhlət və Söhbətin erməni qəbirlərinin üstündə başını kəsiblər. Nə qardaşlarım, nə də atam kəfən görmədi. Onların meyitini də bizə vermədilər”.


Sevda Məmmədova1971-ci ildə Xocalıda anadan olub. İyirmi yaşında ailəsi ilə birlikdə Xocalıdan didərgin düşüb. Hazırda Pirşağı qəsəbəsində yerləşən Xocalı 2 saylı tam orta məktəbində müəllim işləyir. Ailəlidir, bir övladı var:” Meşə yolu ilə gələrkən yolda ermənilərin pusqusuna düşdük. Kimi gizlənə bildi, kimi də düşmənin gülləsinə tuş gəldi. Gənc qız idim və qorxurduq ki, ermənilərə əsir düşsək, bizə olmazın işgəncələr verərlər. Atışma zamanı yanımızda olan adamların çoxu öldürüldü. Biz də bir neçə nəfər sakinlərlə gizləndik. Həmin döyüşdə qardaşım 14 yaşlı İlham itkin düşdü. Düşünürdük ki, onu da öldürdülər. Amma biz Ağdama gəlib çıxandan bir neçə gün sonra qardaşım öz müəllimi ilə birlikdə başqa yolla gəlib çıxdı. Fevralın 26-da axşama doğru gəlib Ağdama çatdıq".


Xocalı soyqırımında iki oğlunu və həyat yoldaşını şəhid verən Narxanım Məmmədovaailəsi ilə birlikdə səkkiz gün erməni əsirliyində işgəncələrə məruz qalıb:” "Fevralın 25-dən 26-na keçən gecə ermənilər bizi bütün ailə üzvlərimlə birlikdə əsir götürdülər. Evin içinə əl qumbarası atdıqlarına görə mən kürəyimdən, oğlum Mürvət isə ayağından yaralandı. Həyat yoldaşım 45 yaşlı Məmməd Məmmədov, oğlanlarım Möhlət 17, Söhbət isə 16 yaşında idi. Onlar ataları ilə birlikdə Xocalı uğrunda gedən döyüşlərdə könüllü vuruşurdular. Əsirlikdə məni balalarımdan və həyat yoldaşımdan ayırdılar. Hər üçünün aparıb başını kəsdilər. İndiyə kimi onların meyitini ala bilməmişik”.
Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədriŞamil Sabiroğlumüharibənin qızğın zamanında Xocalıda müəllim işləyib və hadisələrin şahidi olub: ”Təəssüflər olsun ki, bizə silah-sursat vermədilər. Bir-iki dənəsini özümüz tapdıq. Hərçənd bizə vəd vermişdilər ki, silah olacaq. Silahı yalnız özümüz axtarıb tapırdıq. Amma çox çətin idi. Həmişə mən yazılarımda yazırdım ki, Xocalıya kömək göstərilməsə, işğal olunacaq”.

Şəkildə gördüyünüz bu şəxs Xocalı faciəsi zamanı bacısı uşağını qucağına alaraq fəryad edir. Həmin şəxsin 27 il sonrakı fotosu da yayımlanıb. Fotoda fəryad edən şəxs illər sonra bacısı nəvəsini qucağına alaraq şəkil çəkdirib..


 Əntiqə Rəşid