adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: ÜSTÜMƏ DÜŞƏN İŞIQ

14550 | 2020-02-24 09:12

Bəli, həyat bir andı. Onu ilə, hətta günə çevirmək mənəvi baxımdan məcazi anlamda insanın gücü daxilindədi. Amma onu bir anlayış olaraq illərə çevirmək Tanrının qüdrətindədi. Məhz Allah bir anı yüz il ömür də edə bilər, elə bir anın içərisində də, elə göz qırpımında heçliyə, xatırlanmayan bir zaman kəsiyinə də çevirə bilər. Mən bunu filosofluq etməklə qabartmıram. Sadəcə, istəyirəm ki, yazacağım mövzuya düzgün yanaşasınız. Çünki mən yaşadığımı və yaşamaq arzusunda olduğumu yazıram...

Bəli, 60-ı yola vermişəm. Bu zaman baxımındandı. Qarşıda nə var, nə yoxdu, onu Allah bilir. Lakin 60-ın içərisində həyatımı mənalandıran, anımı ilə çevirən elə çalarlar var ki, yaşadığım üçün onlara minnətdaram. Yəni onlar mənim həyatımın, ömür yolumun stimullarıdı. Obrazlı desəm, ülkərləridi, yəni ulduzları. Xalq yaddaşında belə bir ifadə var. Buna astroloqlar da eyni prizmadan baxırlar. Söhbət Dan ulduzundan, bizim xalq dilində desək, Zöhrə ulduzundan gedir. O, karvanlara, gecə yolunu çaşanlara bir mayaq olur. Səmti müəyyənləşdirməyə, istiqaməti götürməyə kömək olur, dəstək verir. Bax, bu İlahinin bəndəsi üçün etdiyi seçimdi, ipucudu. Mənim ömrümün ülkərləri də, yəni ulduzları da yoluma işıq kimi düşüblər. Və o işıqların istiqamətində getmişəm. Etiraf edim ki, büdrəməyim də, yıxılmağım da, hətta yorulub usandığım vaxtlar da olub. Lakin o işığın parıltısı mənə əlavə bir güc verib – uzadılan əl olubdu. Yapışmışam o əldən və...

İndi ömrümün bu çağında həmin ulduzları düşünürəm, həmin ulduzları xatırlayıram. Onların sırasında orta və ali məktəb müəllimləri, Azərbaycanın dəyərli ziyalılarından Nəriman Zeynalov, Əlfi Qasımov, Əlisəfa Məmmədov, Nüsrət Kəsəmənli, Nurəngiz Gün, Vahid Əlifoğlu, Vaqif Cəfərli xüsusilə yaddaşıma yazılıb. Bu gün hər bir zənginə "bəli”, "baş üstə” dediyim Seyran Səxavət, Çingiz Əlioğlu da həyatıma möhürlənmiş insanlardı. Bax, bu bucağın altında ömür yoluma və bütün ətrafıma baxanda keçirdiyim hissləri ifadə etməkdə çətinlik çəkirəm. Çünki üstümə düşən bu qədər işığın altında mən həyatda bir iynə boyu da olsa onlara yaxınlaşa bilməmişəm. Onlar yenə ulduz olaraq işıq saçırlar. Və mən də o işıqda yol gedirəm. Deyə bilərsiniz ki, bu, Tanrının məsləhətidi və yaxud da hər kəs öz taleyini yaşayır. Razılaşıram sizinlə. Lakin içimdə bir qəribə hiss də var. O da mənim kiminsə və yaxud kimlər üçünsə işıq olub ola bilməməyimdi. Əgər belə bir şans üzümə gülərsə, onda 60 ili küləyə verməmişəm. Buna isə hələlik ümid edirəm və üzümü göy üzünə tutub sənə yazdığım misraları təkrarlamaq istəyirəm:


Təbəssümü hiss edərkən baxışda

İşıqlanıb ümidlənir gözlərim...

Fərq qoymadan gündə, qarda, yağışda –

Gözlərinə kilidlənir gözlərim...


Dil yorulur, göz dincəlir bir an ki

Adın, özün müqəddəsdi bil, sanki!

Səndən gələn hərarətlə inan ki –

Kitab kimi cilidlənir gözlərim...


Yuxu olub ömrə, günə gəlişin

Baldan şirin təbəssümdü əl işin...

Vaxt uzadır gül ətirli gülüşün –

Sənə baxıb, gül dilənir, gözlərim!

***

Bəli, mən məhz elə bu auranın içərisində bir məqamı da həm özüm üçün, həm də məni izləyən oxucum üçün araşdırmaq, əyər-əskiyini müəyyənləşdirmək istəyirəm. Bu istəyin özü də üstümə düşən işığın təsiridir, - desəm yanılmaram. Bilirsiniz, işıq hər şeyi göstərmək gücündədir. Amma işığın başqa bir qüdrəti də var. O da göstərdiyinin kölgəsini yaratmaqdı. Ən maraqlısı da budur ki, yaratdığı kölgəni elə işıq özü idarə edir. Yəni işıq batanda kölgə itir... işıq istiqamətini dəyişəndə kölgə artıb azalır. Və beləcə, kölgə bir növü şikəst olur, asılı olur. Ən dəhşətlisi isə həmin kölgənin özünə sığınanın faciəsidi. Yəni kölgə itəndə ona sığınan qalır çölün düzündə. Hətta saman çöpü də tapa bilmir ki, ayaqda dursun. Mən də elə bu nöqtəyə istinad edərək düşünürəm ki, kiminsə kölgəsində olmaqdansa, üstünə düşən işığın oduna yanmaq və yaxud da qaranlığı öz gözlərinin, ürəyinin işığında yarıb keçmək daha yaxşıdı. Çünki bu məqamda asılılıq olmayacaq. Və sən heç kimdən nə gözlərini, nə də özünü gizlətməyəcəksən. Deməli, özün olacaqsan. Zənnimcə, dünyada özü olmaqdan böyük güc, sevinc, fəxarət yoxdur. Və nəhayət, bu özü olmaq həm də hər yerdən görünməkdi. İstəyənin də, istəməyənin də gözünün önündə olmaqdı. Deməli, bütün məsələlərin mayasında "olmaq” anlayışına söykənən ÖZÜN OLMAQ dayanır. Mən də bütün duyğularımın, istəklərimin ünvanı kimi Özünü – yəni özü olan Səni sevdim. Çünki sən də məni özüm etdin, təbii ki, Sevginlə. Və mən də yazdım:


Məndən desin, bir də dərdim özümdən

"Ah” tökülür günlərimin gözündən...

Od götürüb həsrətimin közündən –

Ocaq çatdım, dilim, ağzım alışdı...


Qəm kölgəsi çətirləndi üstümdə

Qəm yoludu ürəyim də, üstüm də!

Bələndiyim – üz qarsıyan tüstümdə -

Nəm olsa da, kipriklərim yanmışdı.


Məcnunluqdu zirvəsinə çıxdığım

Məhəbbətdi qazandığım, yığdığım...

Kövrələndə mən sinəmə sıxdığım –

İllərdi ki, qurumayan balışdı...


Əbülfətəm, ocaq yeri ürəyim

Hələ baxır üzü geri ürəyim...

Köçürəndə bu şeiri ürəyim –

Adın yazdın, mən, kağızım alışdı.

Bəli, mən bu şeirin ovqatıyla özüm-özümə təsəlli verməyə çalışsam da, amma etiraf etmək zorundayam. Birtərəfli istək, qarşılığı olmayan istək bəzən elə xəyal olaraq qalır... bəzən də insanın gülünc obyektinə çevrilir. Axı istək dəlisi olmaq o qədər də önəmli sayılmır. Necə ki, zamanında Qeys Məcnun oldu və... Sonrası məlumdu.

***

İndi özümün misralarımdakı ümidli məqamları ipucu edib istəyimin dalınca gedirəm. Özü də bu istəyin hardasa xəyal, hardasa yuxu olduğuna da, bir az şübhəm var. Amma bu mənə yolundan qalmağa, yolumu dəyişməyə təsir etmək gücündə ixtiyarında deyil. Ən azından ona görə ki, mənim yoluma düşən işıq və içimdəki istək Haqdandı, Tanrı töhfəsidi. Hər kəsə də Tanrı töhfəsi arzusuyla çıxdığım yolu şərəfləndirmək və onu gerçəyə çevirmək, hətta onu bir ağ yol kimi diqqətə təqdim etmək istəyimi də gizlətmirəm. Çünki günümün reallığı sevgi yollarını dumanlı, çənli və hətta unudulan edibdi. Görünür, bu günün adamı, təbii ki, söhbət gənclərdən gedir, sevgiyə çiyin verməkdə, ona dilək bağışlamaqda hələ də tərəddüd içərisindədilər. Bu yerdə onu da deməyi özümə borc bilirəm - yəni tərəddüdlər həm də zaman itkisidi. Zaman isə ömür deməkdi...

Hər bir halda yaşadığını özününküləşdirmək və onu həm yaddaşında, həm həyatında unudulmaz etmək insanın özündən daha çox asılıdır, nəinki ona edilən təsirlərdən. Demək istəyirəm ki, ruhuna, ürəyinə hopanı əgər sən istəmirsənsə, ordan yalnız son nöqtə çıxara bilər. Sevdiyinin, sevənin cismən harada, hansı məsafədə olmasından asılı olmayaraq, o hər zaman içindədi, həm elə üstünə, ömrünə düşən işıqdı. Mən bu işığı, bu dediyim fikirləri bir vaxtlar şeirə çevirməyə çalışmışam və yazmışam ki:


Çırpınan ürəyinin

Səsin duyuram burda...

O səsi ruhuma da –

Aşkar yayıram burda!..


Əriyən, sönən sisdi

Döngələr dönəmsizdi...

Məsafə önəmsizdi –

Səni duyuram burda...


Ayrılıqda bir qəmlə

Ömrə edirik həmlə!..

Kipriyindəki nəmlə -

Kiprik yuyuram burda...


Alışdığım çaxmaqdan,

Öz içimi yaxmaqdan...

Öz şəklimə baxmaqdan –

Daha doyuram burda...


Dədr məni qabaqlayır

Həsrətim qabıqlayıb...

Əlimi də bağlayıb –

Ürək soyuram burda...

***

Hə, bütün hallarda mən işıq pərvanəsiyəm... mən o işığın hər yerdə ömrümə, həyatıma düşməsini Tanrıdan diləmişəm və bu gün də diləyirəm. Ona görə ki, görünmək istəyirəm – təbii ki, sənə, yəni həyatımın İŞIĞına!

Zaman-zaman təkrarladığım istəyimin sizi və yaxud da yazılarımı izləyini yoracağını heç vaxt düşünməmişəm. Bunun yeganə səbəbi hər bir insanın içindəki sevgi hissidi. Mən də hamının sevgisinə ehtiramımı qoruya-qoruya öz sevgimi öz iç dünyamın tacına çevirmişəm. Birmənalı olaraq, qəbul etmişəm ki, məni yaşadan məhz budur! Ona görə yazmışam ki:


İlıq yaş yanağı səssiz duzlayır

Əlim tellərinə çatmır, buzlayır...

Bu ürək andırım necə sızlayır?!

Təkcə Allah görür, bir də ki, ruhum!


Hayıma hay çatmır, ünümə də ün

Ayıma ay çatmır, günümə də gün...

Sənin varlığını canımda bütün –

Təkcə Allah görür, bir də ki, ruhum...


Hər gün azalsa da səbr, dözüm də

Cənnət bu dünyadı sənlə gözümdə...!

Elə gizlətmişəm səni özümdə -

Təkcə Allah görür, bir də ki, ruhum...


Üstümə əyilsin indi ha bulud

Ayağım yer tutmur, əlim ta, bulud...

İçimdən çəkilsin, yağsın ya bulud –

Təkcə Allah görür, bir də ki, ruhum...

***

Düşünürəm ki, mənim bu yazımda toxunduğum məqamların yozumu da, ifadə etdiyi fikir də elə öz həyatımın gerçəkliyidi. Və mən də bu gerçəkliyin içərisində başqa kimsəni axtarmıram. Həyatıma düşən işıq, yəni ömrümün ülkərləri məni yaşatmaq gücündədi, buna inanıram. Elə o inamla da atüstü yazdığım şeirlərin birindən bir məqamı önə çəkirəm. Yəqin ki, oxuyanda (təbii ki, oxuyan olsa – Ə.M.) sözü sahibi götürəcək. Atüstü yazmışdım ki:

Gözün sorağında gözüm olacaq

Kölgənə çevrilən özüm olacaq!

Könlünü isidən sözüm olacaq –

Səni gözləyəcəm bütün anlarda!

Və nəhayət, bir bəndini təqdim etdiyim şeirin işığında hər birinizin həyatına bol-bol işıq arzu edirəm.



TƏQVİM / ARXİV