adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Yanvar 2020 09:07
129131
MÜSAHİBƏ
A- A+

Xaricdə təhsil alan azərbaycanlı: "İnsanlar burada daha açıq fikirli və azaddırlar" - MÜSAHİBƏ

Adalet.az "Xaricdə oxuyan azərbaycanlılar” adlı yeni rubrikaya start verir. Müsahibimiz İtaliyada, Venesiya Ca Foscari Universitetinin Beynəlxalq münasibətlər fakültəsində magistr təhsili alan Türkan Həsənovadır.


"Berlinə gedirəm Xocalı həqiqətləri üçün"


- İxtisasınız,təhsiliniz haqqında danışardınız?

- Venesiyanın Ca Foscari Universitetində Beynəlxalq münasibətlər üzrə magistr təhsili alıram. Azərbaycanda Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsini bitirmişəm.

- Niyə məhz Venesiya?

- Mənim iki seçimim var idi. Romada və ya Venesiyada təhsil ala bilərdim. Venesiyanı seçmə səbəbim burdakı universitetdə təhsil alma haqqı qazandığım fakultə daha yaxşı idi, digər səbəb isə mənim dəniz sevgim oldu. Dəniz olmayan bir şəhərdə yaşamaq mənə çətin olar deyə düşünürəm. Seçimimdən peşman deyiləm. Venesiya kimi bir şəhərdə yaşamaq fərqli təcrübədir ki, hər adama qismət olmur. Düşünün dünyanın hər yerindən bu şəhəri görmək üçün insanlar gəlir, amma sən hər səhər gözünü bu gözəlliyə açırsan. Buna görəüçün çox şanslı sayıram.


- Sizi tez-tez müxtəlif ölkələrdə, ekzotik yerlərdə görürəm. Bu, işlərlə əlaqədardır, yoxsa dünyanı gəzirsiniz?

- Bir dəfə bir dostum mənə demişdi ki, yaşadığımız hər an sabaha xatirədi, ona görə çalışdığımız qədər qəşəng və xoş xatirələr yaratmalıyıq. Səyahət isə bunun üçün ən gözəl vasitədi. Boş yerə deməyiblər, adama gəzmək qalır. Həqiqətən də keçmişə baxanda ən gözəl və maraqlı günlərim gəzintilərimdə keçib. Hətta instaqramda səyahət xatirələrimi bölüşdüyüm bloq səhifəm də var.. Yeni ölkə, şəhərlər gəzmək, onların mədəniyyəti ilə tanış olmaq, mətbəxtini dadmaq, yeni insanlar tanımaq hər biri sizin düşüncənizə, dünya görüşünüzə, həyat tərzinizə təsir edir. Həyata baxışınızda yeni pəncərələr açır. Əslində, ilk başda sadəcə gəzməyi sevdiyim üçün səyahət edirdim. Amma indi onunla yanaşı müxtəlif konfranslarda iştirak üçün, layihələr və başqa məsələlərlə bağlı da olur. Məsələn, sonuncu dəfə Vyanada Diaspor gənclərinin görüşü keçirilmişdi, onunla bağlı mən də dəvət almışdım. Növbəti səyahətim isə Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı Berlinə üz tutacağıq.


- Azərbaycanlıların diaspor təşkilatı, fəaliyyəti İtaliyada nəvəziyyətdədir?



- Gedişatdan şəxsim adına razıyam. Xüsusilə son bir ildə görülən işləri yaxından izləyirəm. Səmimiyyətlə deyirəm ki, yaxın gələcəkdə daha böyük uğurlar əldə olunacaq. Mən özüm də bunun üçün əlimdən gələni edirəm. Nəticəsi olaraq Venesiyada sədri olduğum tələbə təşkilatımız yeni fəaliyyətə başlayıb. Burda sadəcə azərbaycanlı tələbələr deyil, eyni zamanda italyan tələbələr də böyük həvəslə çalışır. Çox maraqlı layihələrimiz var, növbəti aylardan başlayaraq həyata keçirəcəyik. Eyni zamanda Azərbaycan Gənclər Assosasiyasnın Venesiya koordinatoruyam. Son gördüyümüz və davam etməkdə olan layihəmiz İtaliyanın bütün şəhərlərində yerləşən kitabxanalarına Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ problemi və başqa mövzularda italyan və ingilis dillərində kitabları yerləşdirməkdir. Nəzərə alsaq ki, indiyə kimi Venesiyada heç bir kitabxanada bizim kitablardan yox idi. Bundan sonra italiyan və digər xarici ölkələrdən olan tələbələr araşdırmalar edərkən xüsusilə də Dağlıq Qarabağ həqiqətlərini bizim aspektən görmə şansları olacaq.


- Bu cür tədbirlərin azərbaycanlılara, Azərbaycana hər hansı əsaslı xeyri olur?

- Diaspor Komitəsinin bu kimi tədbirlərin və görüşlərin sayını xüsusi ilə keçən ildən etibarən artırdığını görürəm. Görüşlərin və tədbirlərin keçirildiyi ölkələrin səfirlikləri də öz dəstəyini əsirgəmir. Keçən ilin may ayında Romada bir görüş və bir tələbə formu keçirilmişdi. Həmin görüşün nəticəsidir ki, bizim bugün Venesiyada təşkilatımız var. Bu ayın əvvəli Vyanada keçirilən görüşün formatı fərqli idi. Daha düşünülmüş, çox yaxşı təşkil olunmuşdu. Dünyanın hər yerindən seçilən azərbaycanlı gənclər bir araya yığılmışdı. Bizim Diaspor Komitəsinin əməkdaşları ilə də, gənc soydaşlarımızla da geniş müzakirələr aparmağa imkanımız oldu. Bir çox yeni idealar, fikirlər ortaya çıxdı, təkliflər hazırlanıb, göndərildi. Mən əminəm ki, bu tədbirin nəticələri, effekti çox yaxşı olacaq. Çünki biz artıq digər ölkələrdə fəaliyyət göstərən təşkilatlarla, aktiv və savadlı gənclərimizlə ortaq layihələr hazırlayacağıq. Bizim növbəti görüşümüz Berlindədir. Ayın 22-si Berlində Xocalıya Ədalət aksiyası keçiriləcək. Venesiyadan 22 tələbə olaraq biz də bu aksiya üçün Berlinə yola düşürük.


- İtalyanlarla dostlaşa bilirsiniz? Məncə daha çox "Kio" ilə anlaşa bilirsiniz...

- İtalyanlar çox dost sevən, mehriban millətdi. Bir çox italyan dostlarım var. Kio isə tamam başqa. Kio mənim mütəmadi getdiyim kitabxananın yanıdakı kafenin sahibinin itidi. Mən mütləq dərs oxumağa başlamazdan əvvəl orda kofemi içib sonra keçirəm kitabxanaya. Mən heyvanları çox sevdiyimdən Kio ilə elə dostlaşmışıq. Səmimi desəm çox vaxt kofe bəhanəsi ilə Kio ilə oynamaq üçün gedirəm ora


"Ruhu olan hər şeyi sevirəm"


- Şeirə, ədəbiyyata meyllisiniz. Tez-tez Azərbaycan müəlliflərindən şeirlər paylaşdığınızı görürəm. Bəzənsə özünüz səsləndirirsiniz. Bu şeir həssaslığı Azərbaycan üçün darıxmaqdan irəli gəlir, yoxsa...

- Şeirlə olan bağım çox dərin və qədimdi. Bəyəndiyim şeirləri səsləndirmək mənə ayrı zövq verir. Bundan tək zövq alan mən deyiləm bu arada. Şeir sevən dostlarım bəzən mənə zəng edib şeir oxumağımı xahiş edirlər. Şeir empati deməkdi. Sənin empati bacarığın yüksəkdisə şeirdə yazan hisləri sən də yaşaya bilirsən. Bəzən darıxdığın hisləri xatırladır sənə, bəzən xatirələri, bəzən o şeirin sən olduğunu düşünə bilirsən, o ankı ruh halındam və emosiyalarımdan asılı olaraq dəyişir. Mən ruhu olan hər şeyi sevirəm.

- İtalyan dostları Azərbaycan mətbəxinin dadına öz əl işinizlə daddırmamış olmazsınız...

- Əlbəttə. Yemək bişirməklə aram çox yaxşıdı. Dediklərinə görə əlimin dadı da var. Mən paylaşmağı sevdiyimdən nə vaxt qəşəng yemək bişirsəm mütləq dostlarımı dəvət edirəm. İtalyanlar öz mətbəxtləri və kofeleri ilə fəxr edirlər. Dünyada ən yaxşı olduqlarını düşünürlər. Burda başqa ölkələrin restoranlarına nadir hallarda rast gəlmək olar. Hələ amerikan pizzasını və kofesini görən gözləri yoxdu. Bir dəfə bilməyib bir italyan dostuma demişdim amerikan pizzasını daha çox xoşlayıram, dəli olmuşdu. Bütün bunlara baxmayaraq mənim bişirdiyim yeməkləri bəyənirlər.


lk görüşdə aşiq olmuşam"



- Venesiya bir çox romantiklərin xəyallarda qurduğu şəhərdir. Şəhər öz sevgisi, romantikası ilə sehrinə sizi salmayıb?

- Mən Venesiyaya ilk görüşdə aşiq olmuşam. Mənim ağlım almır bir şəhərin hər küncü, hər nöqtəsi necə bu qədər gözəl ola bilər?! Şəhərin ruhu necə belə incə ola bilər? Şəhərə ayaq basdığınız an sizi qucaqlayır. Bura mənim üçün o qədər özəl və dəyərlidir ki. İkinci evimdi. Heç yerdə özümü burda olduğum qədər rahat və xoşbəxt hiss etmirəm. Romantik yerləri turist olmayan yerləri və gecələridi. Labirint küçələrində asanlıqla yolunu itirə bilərsən. Bir cütlüyün Venesiyada başına gələ biləcək ən qəşəng şeydi.


- Təhsilinizi bitirdikdən sonra Avropada qalmaq planınız var, ya Azərbaycana dönmək?

- Hazırda təşkikatın işləri ilə bağlı burda qalmağa davam etməyi düşünürəm. Sonrası qarşıma çıxacaq imkanlardan asılıdır.

- Əgər dönsəniz aldığınız təhsil, mədəniyyətə uyğun olaraq Azərbaycanda nə kimi dəyişikliklər etmək fikriniz var?



- Azərbaycana qayıtsam gender bərabərliyi, qadın haqları üçün işləmək istəyərəm. Əslində qayıtmasam belə bununla bağlı layihələr hazırlamaq planlarım arasındadır. Təəssüf ki, Azətbaycanda qadına qarşı zorakılıq, qadın cinayətləri, yaşadıqları problemlərin say-hesabı yoxdur. Bu mövzu həssas olduğu qədər çox önəmlidir. Qadın olmağın bizim cəmiyyətdə nə qədər çətin olduğunu mən özümdən bilirəm.



"Avroplalılarda ailə dəyəri yüksəkdir"


- Azərbaycanlılarla italyanların əsas fərqləri nələrdir?

- Ən böyük fərq mentalitet fərqidir. İnsanlar burda daha açıq fikirli, yeniliyə açıqdırlar. Heç kəs başqasının həyatına, işinə, qərarlarına qarışmır, yarğılamır. İnsanlar öz həyatlarını istədiyi kimi yaşayır. Bizdə isə elə deyil. Bizdə cəmiyyətdə bu baxımdan ciddi boşluqlar var. Başqalarının həyatını öz həyatlarından daha maraqlı gəlir. Digərlərinin həyatına müdaxilə etmək üçün verdikləri efortu öz həyatları üçün versələr bəlkə də dünyanın ən xəşbəxt insanları olacaqlarından xəbərləri yoxdu.

- Bəs oxşarlıqları?

- İnsanları bizə oxşayır. Mehriban, dostcanlıdırlar. Həm də ailə dəyərləri yüksəkdi və ailələrinə bağlıdırlar. Çox adam düşünür ki avropalılarda ailə dəyəri yox, uşaqların valideynlər və ya valideynlərin uşaqlar vecinə deyil. Mən bu fikirlə qəti şəkildə razı deyiləm. Bütün bayramları burdakı tələbələr mütləq ailələrinin yanına gedir, onlarla vaxt keçirirlər.

- Tələbə yoldaşlarınızla qalırsınız?

- Bəli, hal-hazırda Cənubi Koreyalı bir tələbə xanımla evi bölüşürük.

- Təhsil xərclərinizi kim ödəyir? Yəni dövlət hesabına getmisiniz ya şəxsi istək?

- Mən İtaliyanın region təqaüdü ilə təhsil alıram. Düzü Azərbaycandan gələn tələbələrin əksəriyyəti bu təqaüdlə İtaliyada təhsil alır. Bu səbəbdən İtaliyada azərbaycanlı tələbə sayı digər avropa ölkələrinə nisbətdə daha çoxdu.


"Orda tələbələr qayıb üçün dərsə getmir"


- Təhsilimiz arasında hansı fərqlər var?

- Bakı Dövlət Umiversitetində Boloniya sistemi olsa da sistem tam tətbiq olunmur. Məncə ən böyük fərq elə yanaşma fərqidir, həm müəllimlərim həm də tələbələrin. Azərbaycan bir çox müəllim sadəcə dərsə gedir ki, dərsimi keçim maaşımı alım. Tələbə isə qayıb almamaq üçün dərsə gedir. Burda isə elə deyil. Dərsə gəlmək tələbənin öz seçimidi və tələbə nəsə öyrənmək üçün gedir. Professorlar isə çox məsuliyyətlidilər. Və qəti şəkildə korrupsiya yoxdu. Hətta mənim burda bir sevimli müəllimim var, Ona Bakıdan suviner aparmışdım amma onu belə götürmədi ki, universitetin qaydalarına ziddi. Burda umiversitetdə müəllim olmaq üçün insanlar çox əziyyət çəkir, doktorantura oxumayıb müəllim olan demək olar ki yoxdur. Amma Azərbaycanda magistr təhsili alan da rahatlıqla gedib heç bir təcrübəsi olmadan müəllim işləyir.


- Su üzərində üzən şəhərdə nə vaxtsa boğulan vaxtınız olub?

- Yox, olmayıb. Amma yadıma Burano adasında yıxılmağım düşdü. Bir tanışım gəlmişdi Venesiyaya qonaq, sonrakı gün dedik gedək Buranonu da gəzək. Burano Venesiyanın nağıllar aləmidi. Rəngbərəng evlər, kanallar, hər evin qapısında asılan fərqli rəngli pərdələr, hər pəncərədə qoyulan dibçəklər fərqli abu-hava yaradır. Mənim həmin gün orda ayağım burxuldu yıxıldım. Sonrasında 10 gün yeriyə bilməmişdim. Bura ilə bağlı tək pis xatirəm odur.


- Azərbaycançün darıxanda daha çox nəyi, kimi və haranı özləyirsiniz?

- Ailəm, dostlarım və yeməklər üçün darıxram. Yemək bişirirəm, amma bizim yeməklər çox vaxt və əziyyət tələb etdiyi üçün tez-tez bişirmək alınmır. Adətən görəndə ki, orda nəsə yığıncaq var hamı yığışıb, amma sən onların yanında deyilsən, onda üzülürəm. Keçən il yaxın rəfiqələrimdən birinim toyu idi. İmtahanım var idi deyə gedə bilməmişdim. Kitabxanada Eyyub Yaqubovu dinləyib ağlayırdım. Bura da mənim ikinci evimdir və mənə doğma olan cox sayda insan var. Həyat çox sürətlə keçir. Artıq üç il olacaq, mən burada yaşayıram. Burdakı azərbaycanlı tələbələrlə yığışıb qonaqlıq edirik. Özümüz yeməklər bişirdik. Belə şeylər bizi burda birləşdirir. Məsələ yemək də deyil, hər kəs ora o doğmalığı hiss eləmək, kimisə hiss eləmək üçün gəlir. Nə qədər uzaqda da olsaq biz azərbaycanlıyıq. Bunu burda hiss eləmək, birgə olmaq bizə güc verir.

- "Venesiyaya məktublar” adlı silsilə şeirlər yazıram. Kitab kimi dərc olunacaq. Sizcə o məktublarım Venesiyada ünvanına çata biləcək? Venesiyalı qızlar sevgi və bu kimi məsələlərdə qəddar deyil ki?

- Xəbərim var "Venesiyaya məktublar” şeirlərindən. Hamısını oxumuşam, amma ən çox birincini sevmişdim. Niyə də çatmasın? Məncə çatacaq. Bunun üçün mən tərəfdən də nə köməklik lazım olsa edəcəm. İtalyanlar qəddar deyillər. Dedim axı, çox mehribandılar. Sevəcəklər.


Söhbətləşdi: Emin PİRİ