adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Fevral 2020 09:00
72407
ƏDƏBİYYAT
A- A+

Arzu Hüseyn: Adam elə darıxır ki...

Qadın... poeziya...


Son iyirmi ildə kişi simalı ədəbiyyatımızda qadın səsləri daha aydın eşidilməyə başladı. Baxmayaraq ki, tarixdə qadın imzalar hər zaman olub... Güclü siyasi dəyişmələr fonunda qadın əbədi dəyərlərin qoruyucusu kimi çıxış etdiyindəndir bəlkə də... Ehtiyac yarandı.

Bir hərf artıraraq ünvan yaradırıq – şair və şairə ... ”Ə” hərfi... RəssamƏ demirik, həkimƏ demirik... ŞairƏ deyirik... Məncə, fərq eləmir, zira fizioloji tərəfdən yanaşmadan olmur, real deyil yəni... Poeziya birinci şəxsin lirik "MƏN”inin ifadəsidir. Bu ifadədə təkcə ağıl görünmür, həm də bədən dili var. Deməli, vacib olan poetik ifadənin keyfiyyətidir.

Söhbət böyük hərflə təqdim etdiyimiz POEZİYAdan gedirsə -bəlkə şairləri heç cinsinə görə ayırmayaq?! Ürəyində yaranmış çatlardan süzülüb bizə gələn şeirlərə qiymət verməyə çalışaq?!

Arzu Hüseynin ürək çatlarını aralayın lütfən. Arzu şairdir...


İradə TUNCAY




Adam elə darıxır ki...

Salam, ömrüm, biz tərəfə qar yağır,
Don vurubdu üst qatını dənizin.
Adam elə köpək kimi darıxır,
Adam elə darıxır ki, əzizim...

Baxırsan ki, quş yuvası yiyəsiz,
Baxırsan ki, ağacların barı yox.
Yaşayırsan "bəlkə"lərsiz, "niyə"siz,
Yaşayırsan, yarı varsan, yarı yox.

Bürünürsən keçən ilki pencəyə,
"Üşüyərsən" - deyənin yox sazaqda.
Gizli-gizli ağlayırsan gecəyə,
Gülür sənə küçədəki uşaq da.

Baxırsan ki, dağınıqsan, pintisən,
Yaşadığın qəfəsmidir, odamı?
Tanımırsan öz-özünü indi sən,
Tanımırsan güzgüdəki adamı.

Salam, ömrüm, biz tərəfə qar yağır,
Don vurubdu üst qatını dənizin.
Adam elə köpək kimi darıxır,
Adam elə darıxır ki, əzizim...


Qorxma


Qorxma, daha bir kimsəni sevmirəm,
İsidən yox fəsillərin qışında.
Qorxma, daha gücüm də yox gəzdirəm,
Başqasını ürəyimin başında.

Qorxma, daha telefonum hey susur,
Gizlətmirəm zənglərimi birindən.
Qorxma, qəlbim həsrətinə uduzur,
Bağlanmıram adamlara dərindən.

Qorxma, indi soluxubdur bənizim,
Kim tanıyar məni belə görəndə?
Qorxma, gülüm, gecə kimi səssizəm,
Gülüşümü itirmişəm dünəndə.

Qorxma, hələ bəriyədir yollarım,
Səfərimi uzaqlara salmıram.
Qorxma, hələ sağalmayıb qollarım,
Özgəsini ağuşuma almıram.

Qorxma, gözüm açılmır ki, gün görəm,
Göz yaşımı şeirlərə sıxıram.
Bax beləcə hər gün biraz ölürəm,
Hər gün biraz həyatından çıxıram...


Bundan sonra alınmaz


İçkilərdə ovudursan qəlbini,
Duman-duman siqaretdə itirsən.
Min bir dəfə qayıdırsan yanıma,
Min bir dəfə üz çevirib gedirsən.

Yollar daha əzbərləyib izini,
Telefonun zənglərimə qapalı.
Hələ məğrur aparırsan özünü,
Hələ səndə ürəyimin açarı.

Məktublarım giley dolu fikirlər,
Məktublarım ürəyimin qisası.
Aramızda məsafələr tikilər,
Xəbərimiz olmaz belə, qadası.

Heyrətimdən yıxılmısan heçliyə,
Ümidimin qanadı yox uçmağa.
Ürəyində küçə yoxdur keçməyə,
Ürəyinin qapısı yox açmağa.

Bizim üçün bitib daha kəlmələr,
Hisslərimiz min vüsalla ovunmaz.
Çox çalışdıq, bu qədəri bəs edər,
Bundan sonra alınmaz e, alınmaz.



***

Bilmirəm nə vaxt itirib,
Nə vaxt unutmuşam məni.
Bilmirəm hansı qapıdan,
Küçəyə atmışam məni,

Alnımda bəxtim yazılıb,
Qazılıb qəbrim, qazılıb.
Görəsən kimə qısılıb,
Kimdə ovutmuşam məni?

Qəliz sirr deyil ki, qanım,
Çoxdan bəlli idi sonum.
Məni sorma, qurban olum
Ucuza satmışam məni.

Ümid varmıdır sabaha?
Bürünmüşəm dərdə, aha.
Məni tapşırıb Allaha,
Göylərə tutmuşam məni.

***

Bizim küçələrdə xəzandı yenə,
Nə yağış kiriyir, nə bulud susur.
Hardasa bir nəvə yuxusun deyir,
Hardasa bir nənə tərsinə yozur,
O pis yuxunu...

Susdum, sükutumda öldü arzular,
Dondu baxışımda son ümid, son iz.
Gözümün yaşına qarışdı sular,
Qorxdum ağlamasam quruyar dəniz
Ölər balıqlar...

Mən ki bu payıza, qışa alışdım,
Kim deyir əllərim hələ bahardı?
Bilmirəm nə zaman alnım qırışdı,
Bilmirəm haçandan saçım ağardı.
Bəlkə o gündən...
Bizim gecələrin ayı bulanıq,
Bahar qış ömrünə çatandan bəri.
Görən ad günümə kim gətiribdir,
Bu matəm qoxulu qərənfilləri?
Dedilər Atandı...


***

Yaxşı ki, o səhər ölmədim,
O sən gedən səhəri deyirəm.
Yadındadır, mən topladım
əşyalarını hələ?
Hıçqırıqlar içində pıçıldadım da:
"Get, gülə-gülə"

Yox e, sözüm onda deyil,
Yaxşı eləyib getdin.
Qalıb nə edəcəkdin ki,
Viranə ürəyimdə?
Onsuz da əzəl gündən
Yalançı məhəbbətdin.
Onsuz da düşmən bıçağı idin
kürəyimdə...

Bax, heç zəng də etmirəm,
Nə də axtarıb, sormuram...
Həvəsində deyiləm qapalı dəftərin-
Çoxdan külünü sovurmuşam
Lənətə gəlmiş vərəqlərin.

Sonra demə, unuda bilmədin məni,
Lovğalıq qatma gülüşünə.
Danışmağı sevmirsən, bilirəm,
Susmağın da anlam verir
gedişinə.


***

Sığınmağa bir qucaqlıq yer ola,
Boşluğunu unutdura görüşlər.
Ürəyimin yanan yeri qar ola,
Sərinlədə ciyərimi öpüşlər.

Etmədiyim günahların naminə,
Getmədiyim uzaqlardan qayıdam.
Əcəb vurdun zəifimdən, Birdənəm,
Əcəb qırdın qanadımı, ay Adam.

Necə keçir saatların, günlərin?
Mən ki hələ ayılmadım yaradan.
Üşüyürmü yoxluğumdan əllərin
Ay vəfasız, ay duyğusu qar Adam.

Sığınmağa bir qucaqlıq yer ola,
Sığallayan əllər ola bir də ki,
Yatağımız zaman qədər dar ola,
Döşəmədə güllər ola, bir də ki...

Nəfəs-nəfəs əridikcə odada,
Viranədən özünə taxt hörəsən.
Bacarasan ürəyini arada,
Özgəsində ovundura biləsən.

Bacarasan unudasan, atasan.
İnanmağı unudasan dərindən.
Ölüm bilib yaran üstə yatasan,
Diriləsən vurulduğun yerindən.

Sığınmağa bir qucaqlıq yer ola,
Sığallayan əllər ola, bir də ki,
Yatağımız zaman qədər dar ola,
Döşəmədə güllər ola, bir də ki...


Ümidsiz


Mən bu kainatdan üzüb getməyə,
Bəmbəyaz yelkənli gəmi istədim.
Əl açıb Tanrıdan xəstə qəlbimi,
Körpəcik istədim, yeni istədim.

Baxtım göy üzünün aydınlığına,
Baxdım qollarımı qanad görmədim.
Verdiyim qisməti, verdiyim bəxti,
Geri qaytaranda abad görmədim.

Eləcə Allaha tapşırdım məni,
Eləcə payıza əmanət dedim...

Bu yolu, cığırı ziyan dünyada,
Bircə yol səadət bəri olmadı.
Bu qədər adamı olan dünyada,
Bağrıma basmağa biri olmadı.

Addımım qısaldı yol ayrıcında,
Addımım itirdi qətiyyətini...


Arxasınca ağladığım


Arxasınca ağladığım o bahar,
Bitirilmiş bir siqaret qutusu.
Üfüq boyu qatarlanan durnalar,
Yarpaqların sarı xəzəl qorxusu.

Tramvaylar boş tərpənir bu dəfə,
Yaxınların sərnişini azalıb,
Bax yenə də yağışlara hədəfəm,
Saatı qur, ayrılığa az qalıb.

Çox çətindir nəfəs almaq gümansız,
Hər inamın arxasında aldanış.
Dənizlərin dərinliyi amansız,
Balıqların baxışında yalvarış.

Badə-badə şərab olub ağrılar,
Sərxoşluğun faydası yox kədərə.
Bax, gözümdə dünya boyda ağrı var,
Bax, özüm də ağrılardan betərəm.

Dodağımda tüstüləyən zəhrimar,
Döşəməyə sındırdığım güzgülər,
Nə bilir e, küçədəki adamlar,
Nə anlayır duruşumdan özgələr?

Çox çətindir təkliyimi ovutmaq,
Sətir-sətir şeir etmək həsrəti.
İnsanların adətidir unutmaq,
Yarpaqların intihardır adəti.

Arxasınca ağladığım o bahar...



Sevməsən də, unutma


Yoxdur daha baxışında doğmalıq,
Xəyanətlər sildi səndə izimi.
Adam kimi sevgili də olmadıq,
Adam kimi nə olduq ki..,
düzdümü?

Unutdunmu qoxladığın telləri?
Darıxdımı gözlərində uzaqlar?
Gəlirsənsə, yarı yoldan dön geri,
Qollarımda bir gecəlik qonaq var!

Boğazıma dirəndikcə yalanlar,
Qabığımdan soyuluram, çıxıram.
Yastığımda uyuyurlar ilanlar,
Yastığıma baş qoymağa qorxuram.

Nə qalıbdı dünənindən əlində?
Xatirələr qan gölüdür, uzaq dur!
Bilirəm ki..,
bilirəm ki, sənin də
Yatağında elə həmin sazaqdır.

Mən vüsalı gətirmirəm dilə də,
Demirəm ki, qaranlıqda çıraq var.
Qarşılaşsaq, ürəyimdə hələ də,
Üşüməyə ikimizə otaq var...