adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Fevral 2020 10:06
45791
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: GECƏLƏR YAZILAN MƏKTUB

Bu kitabı əlimə götürdüyüm zaman o qədər də uzaq deyil və kitabı müəllifdən hədiyyə kimi qəbul edərkən ilk diqqətimi çəkən onun üz qabığındakı şəkil oldu. Elə bu şəkil də məni dərhal köklədi. Özüm də hiss etmədən az qala bir neçə saata kitabı oxudum. Oxuduqca qəribə hisslər keçirdim. Və tam səmimi vurğulamaq istəyirəm ki, bu hisslər də müəyyən mənada kitabdakı şeirlər kimi, duyğular kimi bir az yaralı idi. Çünki müəllifin şeir dünyası mövzu baxımından rəngarəng olmaqla bahəm, həm də bir az tufanlı, bir az şehli və bir az da qayğılı təsir yaratmışdı məndə. Əslində tufan olan yerdə şehdən əsər-əlamət olmur. Amma qayğı o qədər güclüdür ki, tufanı ram edə bilir. Və onda tufanın şehə sərhəd çəkməyinə imkanı, qüdrəti çatmır. Elə arzuların da yaralı olması qayğıların çoxluğundan bəhrələnir. Yəni nişan verən, təqdim edən məhz qayğılardı.

Ülkər Nicatlının "Yaralı arzular” kitabına dəyərli şair dostum Balayar Sadiq həm redaktorluq edim, həm də ön söz yazıb. Mən yalnız şeirləri oxuyub bitirəndən sonra Balayar Sadiqin fikirləri ilə tanış oldum. Bunu ona görə etdim ki, redaktorun təsir bucağı altına düşməyim və doğurdan da şeirləri oxuyub onlarla həmsöhbət olandan sonra Balayarın fikirləri ilə razılaşdım. Və üstəlik, məndə bir oxucu olaraq iki fikir yarandı.

Birincisi, Ülkər xanımın mövzu tapmaq və həmin mövzunu şeirə çevirmək cəhdi ilə yanaşı, bacarığı da özünü göstərdi. İkincisi, tapılan mövzunun özünəməxsus şəkildə şeirləşməsi, yəni min illərdi şairlərimizin vəsf etdiyi gözəllikdən, sevgidən, təbiətdən tutmuş valideynə, insanlara ünvanlanan mövzuların içərisində itib-batmamaq, kimlərisə təkrarlamamaq, yamsılamamaq artıq öz sözünü demək nümunəsidi. Bax, mən də Ülkər Nicatlını oxuyanda gördüm ki, bu xanım fikri, təsvir etdiyi ünvanı özü gördüyü kimi mən oxucuya çatdırır. Məsələn, yazır:

Yenə xatirələr dəniz qoxuyur,

Könlümü oxşayır qırçın ləpələr.

Ruhumda uçuşan qağayı səsi,

Ömrümə, bir dəniz sevgi səpələr.

Bax, bu şeirdə hər şey adidi, hər şey göz qabağındadı. Və bütün yazan şairlər dənizi də, ləpələri də, xatirələri də bu və ya digər formada şeirləşdiriblər. Amma burada Ülkər Nicatlı ruhunun qanadlarındakı qağayı səsi ilə ömrünə dəniz boyda sevgi səpilməsini özünəməxsus şəkildə şeir edib. Məncə bu fikir onun özünəməxsusluğudur. Və yaxud:

Ömrümün yolları kəsəkli, daşlı,

Kövrək arzuların alnı qırışlı.

Mən Ülkər qızınam gözləri yaşlı,
Məzarın başında durmuşam, ata.

Bu şeirdə də valideynini itirən hər kəsin yaşadığı hisslər üstünlük təşkil edir. Amma bəndin ikinci misrasındakı "Kövrək arzuların alnı qırışlı” deyimi təzədi və Ülkər Nicatlıya məxsusdu. Ümumiyyətlə, bu şairənin şeirlərində səmimiyyət üstünlük təşkil edir. Ona görə də onun yazdığı şeirləri oxuyanda açıq-aşkar hiss edirsən ki, o, yaşadığını, həyatında olanları şeirə çevirib. Sevgisində də, həsrətində də, hətta düşmənə nifrətində də öz ampulasındadı. Ona görə də onun şeirlərini bir az kövrək nəğmələrə də bənzətmək olur. Məsələn:

Bu ömürdü hər anı bir naxışdı,

Gah bahardı, gah payızdı, gah qışdı.

Xatirələr bir-birinə qarışdı,

Gözlərinə qurban olum, incimə.

Məncə bu cür təbii, səmimi müraciət, istəyi ifadə etmək sevginin birbaşa etirafıdı. Yəni nəyisə qabartmadan, hansısa bir bəhanədən yapışmadan, gerçəyi olduğu kimi sevdiyinə çatdırmaq həm də mənə görə böyüklükdü. Elə ona görə də şairə yazır ki:

Dərd gələr, dərd gedər izi qalandı,

Ocaqlar sönsə də közü qalandı.

Elə ki, qəlbində həsrət qalandı,

Söylə, sən bu dərdi bilənə söylə.

Və yaxud təbiətin gözəlliklərindən biri olan bənövşə barəsində Ülkər Nicatlının özünəməxsus yanaşması:

Hər zaman aşiqdi yar aşığına,

Həyatın yarı nə, yaraşığı nə...

Sənin böynubükük yaraşığına,

Həmişə heyrandı gözüm, bənövşə.

Burada ifadə olunan "boynubükük yaraşıq” ifadəsi də mənə çox təzə, diqqətçəkən gəldi.

Ülkər xanımın şeirlərinin damarındakı səmimiyyət məni inandırdı ki, o, özünü zorla masada oturtmur, əlini zorla qələmə uzatmır. Əgər belə olsaydı, yazmazdı ki:

Qalıbdır gözü yollarda,

Könlümün ŞUŞA mövsümü?!

Və yaxud bu kitabda məni daha çox özünə çəkən "Yurda ağı” şeirini təkrar-təkrar oxumazdım. Həmin şeirin son iki bəndi yaddaşıma möhürləndi. Ülkər Nicatlı yazır ki:

Təkcə bu daş, torpaq deyil,

Sən də Vətən, mən də Vətən.

Hər gecə məktub yazırıq,

Sən göyə, mən kəndə, Vətən!

Bu son iki misra içimdə o qədər çözələndi ki, onun barəsində uzun-uzadı fikir yürütmək istədim. Amma qısaca demək istəyirəm ki, bizim hər birimiz dərdlərimizlə, yurd ağrılarımızla bağlı əlimizi gecə-gündüz göyə açırıq. Bax, bu mənada vətəninə görə məktub yazmağı çox obrazlı bir tapıntıdı. Doğrudu, adi yanaşmada vətən bir parça torpaqdı, Yer kürəsinin bir hissəsidi. Amma o, insanlaşanda, bizə çevriləndə, biz vətənə çevriləndə artıq məktubların yazılması həm birmənalıdı, həm də inandırıcıdı. Kəndə məktub yazmaq isə... o mənim yaddaşıma atılan daşdı. Mən uşaqlığıma, gəncliyimə, işğal altında qalan kəndimə və həm də elə sənə təkcə gecələr deyil, hər zaman məktub yazıram!..

Ülkər Nicatlı! Məktubların da, ilk kitabın da mübarək olsun!