adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Fevral 2020 09:00
51539
ƏDƏBİYYAT
A- A+

Mirzə Ələkbər Sabir - QORXURAM
































Payi-piyadə düşürəm çöllərə,
Xari-müğilan görürəm, qorxmuram.

Seyr edirəm bərrü biyabanları,
Quli-biyaban görürəm, qorxmuram.

Gah oluram bəhrdə zövrəqnişin,
Dalğalı tufan görürəm, qorxmuram.

Gah çıxıram sahilə, hər yanda min
Vəhşiyi-ğürran görürəm, qorxmuram.

Gah şəfəq tək düşürəm dağlara,
Yanğılı vulkan görürəm, qorxmuram.

Gah enirəm sayə tək ormanlara,
Yırtıcı heyvan görürəm, qorxmuram.

Üz qoyuram gah neyistanlara,
Bir sürü aslan görürəm, qorxmuram.

Məqbərəlikdə edirəm gah məkan,
Qəbirdə xortdan görürəm, qorxmuram.

Mənzil olur gah mənə viranələr,
Cin görürəm, can görürəm, qorxmuram.

Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.

Bu küreyi-ərzdə mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram.

Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!….

Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların

Fikrini qan-qan görürəm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram!….