SƏMƏD VURğUNUN çüRüYƏN "POBEDA"SI

AQİL ABBAS
48863 | 2012-02-21 05:28
Bu haqq şairini Azərbaycanda tanımayan, ən azı bir bənd şeirini əzbər bilməyən tapılmaz. Səməd Vurğun bu məmləkətin havası, suyu kimi, günəşdən bu məmləkətin payına düşən nur kimi hopub bu millətin qanına. Və şair hələ sağlığında reallıqdan çıxaraq mifləşib. Kiməsə şeir həsr edib və ya şeirlərində kiminsə adını çəkibsə həmin adamın da bəxti ulayıb, tanınıb, şöhrətlənib, xalq tərəfindən sevilib, barmaqla göstərilib ki, baxın, Səməd Vurğunun şeir yazdığı adamdır.
   
   Vidadi də Vaqif qədər nəhəng şairdi. Sizi inandırıram, əgər Səməd Vurğun öz dramını Vaqifə deyil, Vidadiyə həsr etsəydi indi hər yerdə Vaqifin adı yox, Vidadinin heykəlləri qoyulmuşdu.
   
   Vaxtilə yazdığım "Şair xalqın xalqsız şairləri" silsilə məqalələrimdə müəyyən mətləblərə toxunduğum üçün yenidən həmin incə məqamları təkrar eləmək istəmirəm. Sadəcə olaraq, şair xalqın xalqsız şairi Səməd Vurğunla bağlı bir məsələyə münasibət bildirmək, diqqət çəkmək istəyirəm.
   
   Təxminən bir ay olar. Televiziya kanallarının birində (təəssüf ki, adını unutmuşam, bağışlasınlar) çox maraqlı bir süjet izlədim, Səməd Vurğunun "Pobeda"sı ilə bağlıydı.
   
   Şairin səxavətindən danışmaq artıqdır, onun necə səxavətli bir şəxsiyyət olması dastanlaşıb.
   
   Gələk mətləbə. 50-ci illərdə şair Gürcüstanda yaşayan bir uzaq qohumuna öz "Pobeda"sını bağışlayıb. Onu da qeyd edim ki, həmin illərdə "Pobeda" indinin "Range Rover"i kimi bir şeydi.
   
   Və həmin qohumu da "Pobeda"nı indiyə qədər saxlayır. Çox gözəl, Tanrı köməyi olsun! Və fəxrlə deyir ki, bu "Pobeda"nı ondan dəfələrlə almaq istəsələr də (elə bu gün də) satmayıb. Bu da çox gözəl.
   
   Amma məsələ ondadır ki, maşın çürüyür, içində toyuq yumurtlayır və sair və ilaxır. Və təbii ki, belə baxımsızlıq davam edərsə, 6-7 ildən sonra o maşının heç qabırğası da qalmayacaq.
   
   Vaxtilə gürcü qardaşlarımız kino çəkmək adı ilə aldadıb Bakıdan konkamızı aparıblar və bir daha geri qaytarmayıblar. "O olmasın, bu olsun" filmindən yadınıza gəlirmi? Və indi də bütün gürcü kinolarında ondan istifadə edirlər.
   
   Bunu niyə xatırlatdım? Görünür, gürcülərin həmin "Pobeda"dan xəbərləri yoxdu, daha doğrusu, "Pobeda"nın kimə məxsus olmasından. Yəqin mənim kimi artıq onlar da məlumatlanıb.
   
   Görəcəksiz, tezliklə ya xoş, ya zor həmin "Pobeda"nı alacaqlar, gözəl-göyçək təmir edib şəhərin bir baxımlı yerinə qoyacaqlar: "Bu Azərbaycanın xalq şairi Səməd Vurğunun "Pobeda"sıdır".
   
   Və onu da xüsusilə qeyd edəcəklər ki: "Bu "Pobeda"nı Şairə Stalin şəxsən özü hədiyyə edib və ona Stalinin əli dəyib".
   
   Deyirəm bəlkə Şairin "Pobeda"sını elə biz özümüz alaq.
   
   Sonda. Qardaşım, bilirəm təmir etdirməyə imkanın yoxdu, sat o maşını özümüzünkülərdən birinə, heyifdi, içində toyuq yumurtlatma, əmanəti belə saxlamazlar.
   
   Sat onu. Qoy Səmədsevərlərdən biri alsın, təmir etdirib sürsün, forslansın.
   
   Yoxsa, Şairin "Pobeda"sı vaqonetkanın taleyini yaşayacaq. Forslanan gürcülər olacaq, bizlər yox!

TƏQVİM / ARXİV