adalet.az header logo
  • Bakı 18°C

İtinə insandan çox dəyər verənlər... - Rauf Qərib Alagöz yazır

32333 | 2020-02-21 09:24
Deməli, bir gün dükandan zəng gəldi ki, "Vorovski"də bir müştəri var, gedib evini ölçüb sifariş götürmək lazımdır. Biz də alət-ədavatlarımızı götürüb getdik. Köhnə tramvay yolunun yanında bizi sürücü qarşıladı və qarmaqarışıq yollarla müştərinin evinə doğru yollandıq. Çatanda 6 mərtəbəli, möhtəşəm bir imarəti görəndə gözlərimiz təpəmizə çıxdı (ona kimi elə ev görməmişdim).

İçəri daxıl olanda parket elə parıldayırdı ki, "corablarımız yeri kirlədəcək” deyə barmaq ucunda yeriyirdim. Liftə minib 6-cı mərtəbəyə qalxırdıq. Lift deyildi, sanki qızıl qutunun içinə minmişdik.

Nəhayət, liftin qapısı açıldı və bizi ilk qarşılayan tüklü, ağ və çox şirin it oldu. Hər nə qədər şirin olsa da, evdə heyvan saxlanılmasının əleyhinə olduğum üçün bu durum məni bir az narahat etdi. Amma kiməm axı mən? Adi bir fəhlə.

Sürücü mebeli yığacağımız divarı göstərib "siz ölçün, indi xanım gələcək" dedi.
Hər şeyi ölçüb hesablayıb bir xeyli gözlədikdən sonra "xanım” gəldi. Dodaq şişmiş, qaşlar tatuaj, əynində tül bir geyim və altından heç nə yox. Təbii ki, belə durumlara alışqın idik. Çünki onlar bizi kişi gözü ilə yox, fəhlə gözü ilə görürlər.

"Xanım” içəri girən kimi it qaçıb bunun qucağına tullandı. Bu da iti qucaqlayıb öpəndən sonra sürücünü çağırıb "Apar keçən həftə apardığın yerə, bunu yaxşıca çimizdirib təmizləsinlər, amma keçən dəfədən bizə 20 manat borcları var, 60 manat da versən yetər" -dedi.

İlahi, itin həftəlik təmizliyi üçün 80manat...

Birdən pilləkənlərlə əlində bez parçası olan orta yaşlı, nurani və çox gözəl xanımın qalxdığını gördük. Özündən qat-qat çirkin və eybəcər olan Evin xanımına yaxınlaşıb "xanım, hər yeri təmizlədim, icazə versəniz uşağı həkimə aparmalıyam" dedi. "Xanım” tərs-tərs baxıb narazı səs tonu ilə "get" dedi.
Arxasını dönüb getmək istəyəndə geri dönüb "Xanım, varsa 20-30 manat verə bilərsiniz? Həkimə..."
Evin "xanım”ı qadının sözünü yarımçıq kəsib yüksək tonla "15gün əvvəl vermişəm də pul, maaşa 15 gün var hələ, pul yoxdu" dedi.

Elə bildim başıma qaynar su töküldü. İtin baxımına həftəlik 80 manatı qıyan biri evini təmizləyib pırıl-pırıl edən birinə 20-30 manatı verək istəmir.

Qadının aşağı düşdüyünü görüb maşından nəsə götürmək bəhanəsi ilə arxasından aşağı düşdüm. Və yaxınlaşıb "Xanım, mən sizə 20-30 manat verim, biz mebeli gətirənə kimi siz maaşı alıb qaytararsınız" dedim. Qadın mənə baxıb "Çox sağ ol, qardaş, eybi yox, maaş alanda gedərik həkimə " dedi.
Heç nə deyə bilmədim və başımı aşağı salıb yuxarı qalxdım.

Evin "xanım”ı küncə yığdıracağı xırda bir mebelin qiymətini soruşanda hesablayıb dəftərə 350 manat yazdığım halda 700 manat dedim.

"Nə əcəb belə ucuz" deydiyini eşidib, "xanım, 700materialın puludu, 350də əl haqqı" dedim. Sanki ondan hayıf almaq istəyirdim.

1050 manatı sürücüdən göndərəcəyini dedi və 2-3 saat sonra göndərdi.

Mebel hazır olduğu vaxt mebeli aparıb quraşdıranda evdə ha boylandımsa təmizlikçi qadını görmədim. Sürücüyə soruşanda "İşdən çıxdı" dedi...

TƏQVİM / ARXİV