adalet.az header logo
  • Bakı 13°C
19 Fevral 2020 10:28
42687
ELM VƏ TƏHSİL
A- A+

Xarici dilin tədrisində müasir metodikanın tətbiqi - FOTOLAR

Bütün dövrlərdə cəmiyyətin və dövlətin inkişafında başlıca rol oynayan təhsilin düzgün təşkili prosesində, məhz səviyyə platformasında əksini tapan bilik və bacarıq amili mühüm şərt sayılır.

Təsadüfi deyil ki, bilik və bacarıq hər zaman dəyərli kapital sayılır və yüksək keyfiyyətli təhsil hər bir insana münasib iş, öz potensialını həyata keçirmək imkanı verir. Ölkə prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi strateji istiqamətlərdən biri kimi müəyyən edilib.Əlbəttə bu Dövlət Strategiyası məzmun, beynəlxalq təcrübə və meyillər, Azərbaycanda təhsilin vəziyyəti, təhsil sisteminin başlıca vəzifələri, məqsəd, əsas istiqamətlər, hədəflər və tədbirlər, Strategiyanın həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycanda davamlı inkişaf mərhələsi başlamış, əhalinin sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər insan kapitalının inkişafını, şəxslərin bilik və bacarıqlara yiyələnməsini başlıca vəzifəyə çevirmişdir. Ölkədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaq, iqtisadiyyatı inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltmək üçün elmi nailiyyətlər əsasında yaranan innovasiyalardan istifadə etmək vacib bir məsələdir. Ona görə də ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri də insan kapitalının inkişafına nail olmaqdır. Bunun sayəsində insanlar öz həyatlarını daha yüksək səviyyədə qura bilərlər. Təbii ki, əmək bazarında öz mövqelərini tutmaqla bərabər, cəmiyyətdə də fəaliyyətlərini düzgün stimullaşdıra bilərlər. Bunun üçün təhsil və bütövlükdə bu proses böyük əhəmiyyət kəsb edir. Belə ki, təhsil hər bir fərdin cəmiyyətin layiqli üzvü olmasına şərait yaradır, onu nümunəvi vətəndaşa çevirir.


Bu gün innovativ təlim metodlarından lazımınca faydalanan, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılması, təhsilverənlərin peşəkarlığının yüksəldilməsi kimi məsələlər hər bir ali təhsil müsəssisəsinin xüsusi diqqət mərkəzindədir. Azərbaycan Dillər Universitetində təhsilin keyfiyyətinin artırılmasını ehtiva edən yeni tədbirlər zərfində, o cümlədən ingilis dilinin də keyfiyyətli tədrisinə nail olmanın zəruruliyi nəzərdə tutulur.



Azərbaycan Dillər Universitetinin rektoru akad. Kamal Abdullayevin göstərişi ilə universitetin Dil Xidmətləri Təlim Tədris və Karyera Mərkəzində "məzunlarla iş” layihəsi çərçivəsində silsilə seminarlara start verildi. Layihənin əsas məqsədi əvvəli illərdə Azərbaycan Dillər Universitetindən məzun olmuş hazırda Azərbaycanın bölgələrindəki orta ixtisas müəssisələrində müəllimlik edən məzunların ingilis dilinin müasir metodikası ilə tanışlıq, dərs keyfiyyəti və orta məktəblərdə şagirdlərin ingilis dilinə olan marağın artırılmasından ibarətdir.



Elə məhz bu səbəbdən Azərbaycan Dillər Universitetinin Dil Xidmətləri Təlim Tədris və Karyera Mərkəzi, İsmayıllı rayon İcra Hakimiyyəti və İsmayıllı rayon Təhsil Şöbəsinin dəstəyi ilə 04.02.2020-ci il tarixində İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində "Optimized Traning for ESL Teachers” adlı seminar təşkil olundu.

"Optimized Traning for ESL Teachers” təliminin məqsədi şagirdin şəxsiyyət kimi formalaşmasını əsas götürür. Bu faktor isə həm müəllim, həm də dərslik və dərs vəsaitləri faktoru ilə sıx bağlıdır. Təlimin həyata keçirilməsində şagirdin şifahi şəkildə eşitdiyini və oxuduğunu başa düşmələri, öz fikrini şifahi və yazılı ifadə edə bilmələri, şagird və müəllim arasında danışıq fəaliyyətinin həyata keçirilməsi, şagirdlərin verilən dil və nitq materialları üzərində iş apara bilmələri, onları dəyişdirmək, qısaltmaq, genişləndirmək, başqa şəkildə ifadə etmək, dil materiallarının məzmununun necə şərh edilməsi, şəkillər üzrə müsahibə, ekskursiyalar, filmlərin müzakirəsi, bədii əsərlərin təhlili və s. dil vərdişlərinin aşılanması əsas rol oynayır.


"Optimized Traning for ESL Teachers” təliminin əsas məzmunu və məqsədi şagird şəxsiyyətinin inkişaf etdirilməsi ilə yanaşı onların linqvistik qabiliyyətlərinin üzə çıxarılmasına, xarici dildə nitq inkişafına böyük maraq və həvəsin yaradılmasına, şagirdə müstəqil öyrənmək bacarığı və vərdişlərinin aşılanmasına yönəlməlidir.Müasir metodikada şagirdlər yavaş - yavaş müstəqilliyə alışır, sərbəst düşünüb fikir söyləməyə can atırlar. Bu zaman müəllim:

- dərs vaxtı müzakirəyə bir neçə mövzu təklif etməli;

- şagirdləri verilən situasiyalara dair fikir söyləməyə alışdırmalı;

- şagirdlər sərbəst fikir söylədikləri zaman (səhvə yol versələr belə) müəllim onların tərəfini saxlamalı,

- axıra qədər onu dinləməyi bacarmalı;

- şagirdlərdə dinləmək bacarığı yaratmalı;

- şagirdlərlə ünsiyyətə girərkən qarşılıqlı münasibət yaratmalı;

- şagirdlərin dərs vaxtı bir- birinə qarşılıqlı hörmət və kömək etmələrinə şərait yaratmalı;

- dərs vaxtı lüğətdən və ya başqa didaktik vasitələrdən istifadəyə icazə verməli;

- müsbət nəticə göstərənləri müasir üsullarla qiymətləndirməli;

- sinifdə bütün tədris prosesinə nəzarət etməli;

- dilin öyrənilməsində tərəf müqabil olmalı;

- dilin öyrənilməsini stimullaşdırmalı;

- həm məsləhətçi, həm də ekspert- nəzarətçi olmalıdır.

Seminarın sonunda iştirakçı müəllimlər Azərbaycan Dillər Universitetinin sertifikatı ilə təltif olundular.

Şagirdlərdə xarici dilə olan marağın artırılması və müasir metodikanın öyrənilməsində stimul yaradan Azərbaycan Dillər Universitetinin rektoru akad. Kamal Abdullayev, seminarın təşkilində böyük rolu olan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Sadıqov Mirdamət, İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Orucov Rasim və İsmayıllı rayon Təhsil Şöbəsinin müdir müavini Baxışov Rahim müəllim və iştirak edən bütün müəllim heyətinə öz təşəkkürlərimi bildirirəm.


Zəhra Abdullayeva

İngilis dili təlimçisi.