adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Fevral 2020 11:12
49828
SAĞLAMLIQ
A- A+

Soğan yeyənin içi göynəmir, xəstəliyi azalır...

Ötən yazılarımızda sarımsağın faydaları haqqında yazdıq. Elə sarımsaq qədər də faydalı olan soğan haqqında da məlumat verməmək günah olar. Əvvəl sizə qısa bir xatirəmi danışım. Yaşlı bir nənəm vardı. Biz balaca olanda bizə tez-tez qonaq gələrdi. Gələn kimi də 5 -6 baş soğanı soyub, yuyub, halqa-halqa doğrayardı, sonra üstünə duz və yağ əlavə edib onu yaxşıca qovurardı. Sonda da 2-3 yumurtanı çalıb üstünə əlavə edərdi. Evdə hansı yeməyin bişməsindən asılı olmayaraq biz nənənin bişirdiyi ”soğan qızartması”nı heç nəyə dəyişməzdik. Nənəm hər dəfə bu yeməyi bizə yedirtmək üçün onun haqqında bu sözləri deyirdi: " Yeməyinin hamısını yesən, qışda qrip olmayacaqsan”. Sonradan bildik ki, o yeməyin adı "soğan çığırtası” imış və bir çox xalqların mətbəxində də ən ləziz yemək kimi yeyilirmiş. Yəni, "heç yemək bişirə bilmirəm” deyən qızlar bu sadə və dadlı yeməyi bişirməklə "qabliyyətli aşbaz” olduqlarını iddia edə bilərlər.

Soğanın tarixi

Soğanın tarixi ən azı 3,000 il əvvəl Mərkəzi Asiya və Hindustanda başlayıb. Romalıların səbəbinə o, Avropaya çatdı və Xristofor Kolumbun hesabına dünyada yayıldı. Soğanın şəkili hətta Misir piramidlərdə aşkar olunub - onlar qulların qida rasionunun ayrılmaz hissəsi olub onları xəstəliklərin yayılmasından effektli şəkildə qoruyub. Zanbaqkimilər fəsiləsinə aid acı bir dadı olan və içərisində yüksək miqdarda turşu olan bu bitki Çin və Yaponiyada ərzaq məhsulundan daha çox müalicəvi vasitə kimi istifadə olunur. Hətta "Quran"da ("Bəqərə” 61) soğan haqqında belə bir ifadə var:"Ey Musa, biz tək növ yeməyə əsla dözə bilməyəcəyik, yetər artıq bizim üçün Rəbbinə dua et, bizə yetişdirdiyi şeylərdən; tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından çıxarsın." Soğan qədim zamanlardan ərzaq məhsulu olmaqla yanaşı dərman kimi də istifadə olunmuşdur. Böyük təbibimiz İbn Sina bu tərəvəzdən geniş istifadə etmiş və onun haqqında belə demişdir: "Soğan bədənimizi təmizləyir, bədənimizdən zərərli suları xaric edir.” Soğanın insan sağlığına çox böyük xeyrinin olduğunu müasir dövrdə bütün alimlər, o cümlədən, ABŞ -ın Kaliforniya Universitetinin əməkdaşı Dr.M.Lepinsky öz araşdırmalarında təsdiq etmişdi. O, bu qənaətə gəlmişdir ki, soğan istifadə olunması vacib olan qida məhsulları arasında mühüm yerlərdən birini tutur.

Soğanın müalicəvi əhəmiyyəti



Təbiət insana çoxlu sayda təbii dərmanlar bəxş edib. Bu, xüsusilə tərəvəzlərə aiddir. Bütün tərəvəzlər əsl təbii dərmanlardır. Mütəxəsisslər bildirirlər ki, soğan da belə təbii dərmanlardan biridir. Onu çiy halda yemək lazımdır. Bişirilmə zamanı soğanda olan bir çox faydalı maddələr məhv olur. Amma bəzi həkimlərin sözünə görə, o bişmiş halda da çox effektiv təsirə malikdir. "Herba Flora”şirkətinin direktoru, həkim Füzuli Hüseynov iddia edir ki, 5-6 ədəd orta ölçülü soğan qabıqlı şəkildə doğranır, 1 litr suda 10 dəqiqə çay kimi dəmlənilir, süzülür və gün ərzində içilir. Sonsuzluq zamanı 3 ay içildikdən sonra 15 gün fasilə verilib təkrar qəbul oluna bilər. Soğanın digər faydaları isə sayılmaqla qurtarmaz. Soğanın sağlamlıq üçün faydaları bunlardır: Güclü iltihab və mikrobəleyhinə təsir edir. Son araşdırmalar göstərib ki, soğan və soğan qabıqlarının dəmləməsi artritin profilaktikası və müalicəsi üçün çox effektlidir. Allergiya əleyhinə təsir edir.

Oynaq ağrıları (artroz, artrit) zamanı soğan qaynar suda 5 dəq pörtlədilir, xırda doğranır, oynağın üstünə qoyulur, pampıq parça ilə bağlanıb 6-7 saat saxlanır, sonra təmizlənir, müalicə ağrılar keçənə qədər aparılır. Soğan yeyənlərdə prostat vəzin xəstəlikləri baş vermir, çünki soğan prostat vəzin qanla təchizatını artırır. Əllərdə, ayaqlarda göbələk varsa, 1 ovuc soğan qabığı 2 litr suda 5 dəqiqə qaynadılır, soyudulur, əllər və ayaqlar gündə yarım saat həmin məhlulda saxlanır, 2 həftə təkrar olunduqda xəstəlik sağalır.

Xroniki baş ağrılarından qurtulmağa kömək edir. Bu məqsədlə soğan qabıqlarının dəmləməsini için. Sistit (sidik kisəsinin iltihabı) zamanı kömək edir. Kişilərdə prostatitin inkişafının qarşısını alır. Güclü xərçəng əleyhinə təsir edir — xərçəng hüceyrələrinin inkişafını ləngidir, onların məhv olunmasını sürətləndirir. Virus əleyhinə təsirə malikdir. Bu səbəbdən soyuq fəsillərdə qrip və soyuqdəymə xəstəliklərindən qorunmaq üçün tez-tez çiy soğan yeyin, soğan qabığından hazırlanmış çay için.



Son günlər sürətlə yayılan koronavirus daha çox immuniteti zəif olan insanlara yoluxur. Bu baxımdan mütəxəssislər koronavirusun qarşısını almaq üçün insanlara quru soğan, sarımsaq və göy soğan kimi antibiotik baxımından zəngin olan qidalardan istifadə olunmasını məsləhət görür. Ürək-damar sistemi üçün çox faydalıdır- damarları möhkəmləndirir, qanda xolesterolun səviyyəsini aşağı salır, təzyiqi normallaşdırır.

Üzdə olan səpgiləri aradan qaldırmaq üçün, dəri gündə 2 dəfə soğan suyu ilə silinməlidir. Soğan kiçik ölçülü böyrək daşlarını tökür və yenidən əmələ gəlməsinin qarşısını alır. Bədənin qan dövranını sürətləndirir, bunula da ürəyin işini rahatlaşdırır, ürəyin işemik xəstəliklərinin yaranma riskini azaldır. Soğan yeyənlərin arterial təzyiqi stabil olur. Tərəvəzin antimikrob xassəsi onu revmatizmin müalicəsində faydalı edir. Həmçinin qurdqovucudur və qurda yoluxmanın da qarşısını alır. Soğanın hər rəngi:sarı, qırmızı, ağ və yaşıl faydalıdır. Coxluca soğan yeyin deyəcəyəm, amma...

İstər müasir tibdə, istərsə də dinimizdə soğanı çox yemək (məsələn, bir dəfəyə 2-3 ədəd) bəyənilmir və zərərli hesab olunur. Kəskin mədə-bağırsaq yaralarında soğan çiy halda yeyilməməli, yalnız bişmiş şəkildə istifadə olunmalıdır.

Əntiqə Rəşid