adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Fevral 2020 20:24
13491
MƏMLƏKƏT
A- A+

Pensiyaçıların nəzərinə!

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan və Bakının Qaradağ rayon şöbələrinə müraciət edən bir neçə pensiyaçı onların dələduzlar tərəfindən aldadılaraq pensiya kartlarından vəsait oğurlandığını bildiriblər.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, həmin pensiyaçıların ev nömrələrinə zəng vuran naməlum şəxslər özlərini Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq rayon şöbəsinin əməkdaşları kimi təqdim edərək, guya pensiyalarına edilən artımların hesablarına köçürülməsi üçün onlardan pensiya kartlarına dair məlumatları öyrəniblər.

Nəticədə həmin pensiyaçıların pensiya kartlarından müxtəlif məbləğlərdə vəsaiti oğurlayıblar. Bununla əlaqədar pensiyaçıların şikayətləri aidiyyəti rayon polis orqanlarına yönləndirilib.

F.Talıbov daha öncə də oxşar hadisənin baş verdiyini söyləyib:

"Hələ ötən ilin dekabr ayında baş vermiş oxşar halla bağlı pensiyaçıları xəbərdər etmişdik.

Bir daha pensiyaçılarımızı xəbərdar edirik ki, nazirliyin yerli qurumu, o cümlədən DSMF əməkdaşı tərəfindən heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz. Pensiya artımı olduğu halda artım məbləği avtomatik olaraq pensiyaya əlavə olunur.

Ona görə də bir daha pensiyaçılara diqqətli olmağı və heç bir halda pensiya kart məlumatlarını başqasına verməməyi tövsiyə edirik".