adalet.az header logo
  • Bakı 6°C
16 Fevral 2020 19:00
15916
SİYASƏT
A- A+

Hikmət Hacıyev: Bir daha erməni yalanlarının ifşasını gördük

Bildiyiniz kimi, ötən gün Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr təşkil olundu. Əvvəllər Münxen Təhlükəsizlik Konfransının Təşkilat Komitəsi tərəfindən Azərbaycan dövlətinin rəhbərliyi ilə Ermənistan dövlətinin rəhbərliyi arasında Qarabağ münaqişəsinin müzakirəsi məsələsi irəli sürülsə də, Ermənistan tərəfi bu təklifdən yayınırdı. Bu dəfə isə razılıq verdilər. Nəticə etibari ilə, Prezident İlham Əliyev tərəfindən Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün aspektləri, yəni tarixi, siyasi, hüquqi və münaqişənin həlli prosesi prinsipial, qəti, əzmli və əsaslandırılmış bir formada Münhen Təhlükəsizlik Konfransı iştirakçılarının diqqətinə, həmçinin də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bunun fonunda dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini və yalana əsaslanan tezislərinin darmadağın olduğunu, eləcə də ifşasını aydın şəkildə gördü.

Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev Prezident İlham Əliyevin "mən buraya gəlmişəm həqiqəti söyləməyə” fikrinə toxunaraq qeyd edib ki, sözün əsl mənasında, münaqişənin həlli istiqamətində əsl həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bunun fonunda Ermənistan baş nazirinin özünü müdafiə edəcək formada çıxışlarını və bu çıxışlarla özünü gülünc formaya salmasını, özü-özünü ifşa etməsini bir daha görmüş olduq.

"Prezident İlham Əliyev tərəfindən Dağlıq Qarabağın tarixi ilə bağlı geniş bir arayış verildi. Bu proses çərçivəsində ermənilərin Dağlıq Qarabağda maddi-mədəni irsinin olmaması, Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə, Xocalı soyqırımı və digər münaqişənin həlli prosesi ilə bağlı olan məqamlar açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Eyni zamanda münaqişənin həlli ilə əlaqədar beynəlxalq auditoriya tərəfindən hər iki tərəfə suallar ünvanlandı. Dövlətimizin başçısı tərəfindən münaqişənin həlli ilə bağlı Azərbaycanın baxışı, münaqişənin məhz BMT TŞ qətnamələri əsasında mərhələli şəkildə həlli bir daha qeyd olundu. Həmçinin Ermənistan baş naziri ənənələrinə sadiq qalaraq yalanlar söyləməyə və münaqişənin əsl mahiyyətini təhrif etməyə çalışarkən, dövlətimizin başçısı o məqamda qeyd etdi ki, Ermənistanın sülh tərəfdarı və sülh iddiasında olması absurddur. Elə həmin gün Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan əsgərinin öldürülməsi riyakarlığın, Ermənistanın yürütdüyü riyakar siyasətin növbəti bir nümunəsi idi. Həmçinin burada Ermənistan baş naziri xalqların öz müqəddəratını təyinetmə prinsipini təhrif etməyə çalışırdı. Dövlətimizin başçısı bu prinsipin əsl mahiyyətini izah edərək qeyd etdi ki, erməni xalqı artıq bu hüququndan istifadə edərək Ermənistan adlı dövlətini yaradıb. Azərbaycan dövləti öz ərazisində bu hüququn istifadə edilməsinə imkan verməyəcək, buna lüzum da yoxdur. Ermənistan harada istəyirsə, orada bu hüququndan istifadə edə bilər”.

Hikmət Hacıyev vurğulayıb ki, Münhen Təhlükəsizlik Konfransı beynəlxalq gündəlikdə duran qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu vacib platformadır. Məhz dövlətimizin başçısı tərəfindən bu tezislər yəni münaqişənin həllini təşkil edən tutarlı arqumentlər, təhlillər Münhen Təhlükəsizlik Konfransı kimi mühüm platformada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

"Bunun fonunda isə biz bir daha Ermənistanın yalanlarının ifşasını görmüş olduq. Bu hər bir Azərbaycan vətəndaşının qürur duyacağı bir məqam idi. Prezidentimiz tərəfindən mühüm platformada Azərbaycan dövlətinin maraqları ləyaqətlə qorunur.

Hikmət Hacıyev əlavə edib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi hər bir görüş məzmunlu idi: "Burada mən xüsusi ilə Dünya Bankının İcraçı Direktoru ilə olan görüşü qeyd etmək istərdim. Dünya Bankı tərəfindən ölkəmizdə keçirilən iqtisadi islahatlar iqtisadiyyatın şaxələndirilməsi, Azərbaycanda yoxsulluğun aradan qaldırılması istiqamətində ölkəmizin nailiyyətləri yüksək səviyyədə təqdir edildi. Digər dünya ölkələri üçün bir fakt kimi qeyd olundu. Həmçinin Beynəlxalq Böhran Qrupunun rəhbərliyi ilə olan görüşü də qeyd etməliyik. Bu görüşdə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni fəaliyyətlər də geniş şəkildə müzakirə olundu”.