adalet.az header logo
  • Bakı 18°C
15 Fevral 2020 19:58
16103
DÜNYA
A- A+

ABŞ Yunanıstanı Türkiyə ilə danışıqlar masasına oturtdu

Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatlar ABŞ-ın maraqlarına uyğundur. ABŞ istəmir ki, Yunanıstan Türkiyənin diqqətini yayındırsın.

Bu sözləriAxar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Türkiyə və Yunanıstan hərbi nümayəndə heyətlərinin fevralın 17-21-də Afinada keçiriləcək görüşünə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu, iki dövlət arasında sayca üçüncü belə görüş olacaq:

"Türkiyə və Yunanıstan hərbi nümayəndə heyətləri arasında görüşün olacağı öncədən razılaşdırılmışdı. Türkiyə Müdafiə naziri Hulusi Akar NATO-nun Brüsseldəki toplantısı çərçivəsində yunanıstanlı həmkarı Nikos Panayotopulos ilə görüşmüşdü. Bu görüş sonrası tərəflərin yenidən bir araya gələcəyi ehtimal olunurdu. Son zamanlar Aralıq dənizində Yunanıstan və Türkiyə arasında gərginlik artmadadır. Bu baxımdan iki NATO ölkəsi arasında yaranan gərginlik, ABŞ başda olmaqla, digər alyans ölkələrini ciddi narahat edir. Hər iki ölkənin yaxın tarixdə iki dəfə müharibə etdiyini nəzərə alsaq, bu görüşün nə dərəcədə önəmli olduğunu anlamaq olar. Türkiyə son zamanlar regionda olduqca aktivdir. Xüsusi ilə Ankaranın Yaxın Şərqdə fəal hərbi əməliyyatlar aparması bir çox ölkənin narazılığına səbəb olur. Digər tərəfdən Aralıq dənizində təbii enerji resursları axtarışları da Yunanıstan ilə gərginliyin əsas səbəbidir. Buna baxmayaraq, NATO və ABŞ iki ölkə arasında gərginliyi azaltmağa çalışır. Türkiyənin hazırda Suriyada apardığı hərbi əməliyyatları ABŞ da dəstəkləyir. Hər nə qədər son zamanlar ABŞ ilə Türkiyə arasında münasibətlər soyuq olsa da, ABŞ istəmir ki, Türkiyənin diqqəti Suriyadan yayınsın. Bu baxımdan tərəflərin bir araya gəlməsi və müzakirələr çərçivəsində iki ölkənin hərbçiləri arasında dialoq kanallarının daim açıq saxlanılması vacibdir", - deyə o bildirib.