adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
15 Fevral 2020 10:18
35605
ƏDƏBİYYAT
A- A+

“Hər kəsin öz eşqi” - Gülbala Dadaş yazır

Mənə çox kitab hədiyyə olunur, xasiyyətimə uyğun kitabları sevə-sevə oxuyuram. Ən çox kitab hədiyyə aldığım şəxslərdən biri də Fərid Hüseyndir. Fəridin rəhbəri və redaktoru olduğu "EŞQ" kitab seriyasından çap olunmuş kitabların, bəlkə də, hamısı məndə var. Sözümün canı "Eşq" seriyası deyil, "Hər kəsin öz eşqi" kitabıdır.

"Kaspi nəşrləri" seriyasında 2017-ci ildə çap olunmuş kitabdan danışacağam. 15 yerli iki türkiyəli, bir serbiyalı olmaqla, 18 kişi yazarın eşqini dindirib müəllif. Yəni, həmin şairlərin ömür-gün yoldaşlarından müsahibə alıb. Haqqında danışdığı şairlərin müxtəlif illərdə, fərqli-fərqli yerlərdə, başqa-başqa adamlarla və ailələri ilə çəkdirdikləri fotolarını da kitaba daxil edib. Müsahibələrlə bağlı xeyli qeydlər etmişəm, onları oxucularla bölüşəcəyəm.

Əli Kərimin o dövrün gənc yazarlarında biri haqqında "İntellekt və poeziya " adlı məqalə yazıb. Həyat yoldaşı Elza xanım həmin yazını oxuyub deyib: bu cavan oğlanı elə tərifləmisən, elə bil, səndən yaxşı yazır. Mərhum şairimiz övladlarının anasına sərt-sərt baxıb və deyib: "O nə sözdü?! Cavanlar məndən yaxşı yaza bilməz?! Həyat davam edir, bizdən sonrakılar bizdən yaxşı yazmalıdırlar. Ruhu şad olsun!”

"Sevgili" daha doğma sözdür... – Nüşabə xanım V.Səmədoğlunun haqqında elə bil rahat danışa bilmir, sanki qəhər boğur onu. Növbəti müsahib xanım deyir: "Mən onun mənəvi dünyasından ayrıla bilmirəm". Müsahib Vaqif Bayatlı Odərin vəfalısı Tamam Bayatlıdır...

Fikrət Sadığın ömür-gün yoldaşı Sevil xanım bütün suallara hər kəsin başa düşəcəyi şəkildə qısa və səliqəli cavablar verib. Hətta vaxtsız dünyasını dəyişən oğulları barəsində danışanda dərdlərinə ağlayaraq deyil, düşünərək şərik olur adam.

"Allahla belə danışmaq olar"? - sualı öz-özünə verən Fikrət Qocanın dəyərlisi Raya xanımdır. "Onsuz da, mən itirdiyimi itirmişəm"... cümləsini Nüsrət Kəsəmənlinin baş tacı Rahilə xanım Kəsəmənli deyir.

"Onun haqqında dediklərim tərif deyil" - deyir bu xanım. Mənsə bunu tərif kimi qəbul edirəm. Çünki Sabir Rüstəmxanlı tərifə layiq kişilərdəndi.



"4000 manatlıq arzu"... – Bu arzu Adil Mirseyidi uca tutan xanımı Nüşabə xanımın arzusudur. Ağdaş musiqi məktəbindəki muzeydə Ağdaş ziyalılarının büstlərinin yanına A.Mirseyidin də büstünü qoydurmaq istəyir.

"Evdə ağlamağı yığışdırmışam" – Mərhum şair Fərhad Metenin yadigarlarının anası Hicran xanım danışıb...

"Qoy hər şey onun arzuladığı kimi olsun” – şair Qismət Rüstəmovun həyat yoldaşı İlahə xanım deyib...

"Onunla bərabər qəlbimi, ruhumu itirdim"... – Bütün dünyada yazıçı kimi tanınan şair Milorad Paviçin xanımı Yasmina Mixayloviç dilə gətirib.

Biket İlhan həyatlarında olanlardan bir nəçə əhvalat "Hər kəsin öz eşqi"nə həkk olunub, kədəri çox, sevinci az...

Fərid Hüseyn bu kitabda yalnız dünyasını dəyişmiş şairlərin xanımlarından müsahibə almayıb, həm də yaşayan şairlərin vəfalıları ilə danışıb. "Hər kəsin öz eşqi" kitabının nə boyda zəhmətlə başa gəldiyini bilir və ona uğurlar arzulayıram...