ALLAHI QATiL EDƏNLƏR(XV hissə)

AQİL ABBAS
55608 | 2012-01-14 07:29
(Əvvəli qəzetimizin 7 yanvar sayında)
   
   
   
    - Onun dəmir kimi alibisi var, həmin gün xəstəxanada olub, özü də bir neçə ağır əməliyyat aparıb.
   
   - Yəqin bilirsən də, desantçılar qardaş olurlar.
   
   Kriminalist bununla da qane olmadı:
   
   - Əvvəla, o kinolarda olur. İkincisi də, sən dediyin məsələ ilə də maraqlanmışam, bir şey çıxmayıb, hətta sevdiyi qızdan da şübhələnmişdim, fındıq?
   
   Müstəntiq yenə israr elədi:
   
   - Mən yenə deyirəm, Polkovniki Akademikin ailəsi ya ölüdürüb, ya da öldürdüb. Demirəm, inanıram. Mən dəfələrlə o ailədə olmuşam. Onlar intiqam almaq üçün elə köklənmişdilər ki, türklər demiş kamikadze kimi intihar saldırısına da hazır idilər. Atasının elə sakit, soyuqqanlı olmasına baxma, o, içindəki vulkanı gizlətməyi bacarır. Ovçudu, quşu gözündən vurur. Əla da bir türk beşaçılanı var.
   
   - Polkovnik beşaçılanla vurulmayıb, ov tüfəngi ilə vurulub tüfəng də ortada yoxdu.
   
   - Yaxşı axtarmamısan, axtarsan taparsan. Sənə bilmədiyin bir şey deyim, yadında qalsın. Əsil ovçular heç vaxt mağazadan alınmış patron işlətməzlər. O patronlara etibar eləmirlər, özləri patron hazırlayırlar. Hətta tüfənglərini də ustalara təmirə vermirlər. Özləri təmir edirlər. Silahlarına sevgililəri kimi baxırlar, hamıya qısqanırlar, yad ələ verməzlər, heç uşaqlarına da qıymırlar. Ekspertizanın rəyi nədi? Güllə fabrik istehsalıdı, yoxsa...
   
   - Onu düz deyirsən, güllə kustar üsulla hazırlanıb.
   
   - Gördün harda boşluq buraxmısan. İndi mən sənə ipucu verdim. Heç mənim apardğım cinayət işini oxumaq da vacib deyil. Əgər işləri birləşdirmək istəmirsənsə, buna cəsarətin çatmazsa.
   
   - Çatar, amma gəl mən onu gedib arxivdə axtarmayım ki, kimlərsə də vaxtından qabaq duyuq düşsün.
   
   Müstəntiq qalxdı, otağın küncündəki seyfi açdı, içindən bir neçə qovluq çıxartdı və gətirib qoydu stolun üstə:
   
   - Buyur, görüm cəsarətini. Amma sənə də göy-göyərti satmağı məsləhət görsələr, utanma gəl, gözüm üstə yerin var.
   
   ***
   
   Həqiqətən də Polkovnikə atılan hər iki güllə fabrik istehsalı deyildi. Ortada bir dəmir giliz, iki də güllə vardı. Amma tüfəng əldə olmadığı üçün həm güllələr həm də giliz susurdu. İndi Kriminalist Müstəntiqin verdiyi ipucu ilə gilizi də, güllələri də danışdırmalıydı. Bu güllələrin hansı emalatxanada və kim tərəfindən hazırlanmasını tapmaq dəryada balıq sevdası olsa da, indiyədək o balığa qarmaq atmaq nədənsə onun ağlına gəlməmişdi. Əslində heç dərya da böyük deyildi, şübhələndiklərindən yalnız Akademikin atası peşəkar ovçu idi. Yaxşı, əgər güllələri Akademikin atası hazırlamışdısa, bəs kim atmışdı, hansı tüfənglə atmışdı?
   
   Tutalım, gülləni Akademikin atasının hazırladığını sübut etdi, ortada tüfəngki yoxdu. Tüfəngi tapıb üzə çıxara bilməsə, qatili tapmaq çətin olacaqdı.
   
   Fikirləşməkdən başı şişmişdi. Bundan da ağır cinayətləri araşdıranda bu qədər çətinə düşməmişdi.
   
   Ortada Polkovnikdən intiqam almaq istəyən insanlar vardı, at vardı, iki güllə, bir giliz vardı. Hərbi hissədən meşə yolu ilə bir saatlıq məsafədə bir kənd və bu kəntdə Polkovnikdən intiqam almaq üçün alışıb yanan Akademikin ailəsi vardı, quşu gözündən vuran atası, desantçı qardaşı, dişi aslana dönmüş anası, bir də sevgisi, sevinci ürəyində qalan, gecələr məzar üstə ağlayan bir qız... Və naşı bir qatil...
   
   
   
   ***
   
   Bir-iki gün vaxtını alsa da Müstəntiqin verdiyi cinayət işini çox diqqətlə oxudu. Müstəntiq həqiqətən də zərgər kimi işləmiş, təkcə Akademikin törətdiyi o dəhşətli qətlin istintaqını aparmaqla işini bitmiş hesab etməmiş, ondan əvvəl hərbi hissədə baş vermiş intihar hadisələrini də çox ətraflı araşdırmış, hər üç hadisəni birləşdirərək yekun bir qərara gəlmişdi. Və elə burda da iş ondan alınıb başqa birinə verilmiş və bundan sonra da Müstəntiq prokurorluq orqanlarından xaric edilmişdi. Və Polkovnik hərbi hissə komandiri kimi böyük bir məsuliyyət daşısa da, cəzasız qalmışdı.
   
   Qərargah Rəisinin vaxtında hərbi hissədə baş verən hadisələrlə bağlı rəhbərliyə yazdığı raporta da nəinki əhəmiyyət verməmişdilər, əksinə onun özünü cəzalandırmışdılar və belinə bir töhmət yapışdırmışdılar.
   
   İşdən aydın görünürdü ki, Polkovnik idmançılardan ibarət cəza dəstəsi saxlayır və ipə-sapa yatmayan əsgərləri cəzalandırırmış. Bu cəzalar da təkcə döymək deyilmiş, ipə-sapa yatmayanlar təhqir edilir, alçaldılır, sındırılırmış.
   
   Müstəntiq sübut edə bilmişdi ki, özünü asan əsgər təhqirlərə dözməyib intihar edibmiş. Müstəntiqdən əvvəl bu hadisəni araşdıran təhqiqatçı isə ya özünü çətinə salmaq istəməmişdi, ya da ona imkan verməmişdilər, o da tələm-tələsik əsgərin ruhi sarsıntı nəticəsində özünə qəsd etməsi ilə bağlı qərar çıxarmışdı. Postdan qayıdıb silahın təhvil verərkən ehtiyatsızlıqdan həlak olan əsgərin ölümündə də müəmmalar vardı. Əsgərin bədənindəki qançırları postdan dönərkən dərəyə yuvarlanması ilə izah etmişdilər. Şəkillərdən isə açıq-aydın görünürdü ki, bu qançırlar möhkəm döyülmənin izləridi. Üz-gözü sağ-salamat idi, əsgər dərəyə yuvarlanmış olsaydı, üz-gözü belə təmiz qalmazdı. Və ən qəribəsi o idi ki, bu hadisənin araşdırılması da həmin gənc təhqiqatçıya tapşırılmışdı. Hər iki işin təcrübəsiz bir təhqiqatçıya tapşırılmasının özü də müəmmalıydı.
   
   Və hər iki hadisədə çox maraqlı bir cəhət vardı: şahidlər eyni batalyondan olan eyni əsgərlər idi. Necə olur ki, bu üç əsgər hər iki hadisənin şahidi olurdu?!
   
   Əvvəlki intiharları da araşdıran Müstəntiq ortaya çox ciddi bir fakt çıxarmışdı: Akademikin güllələdiyi hər üç əsgər həmin şahidlər və bir də onların batalyon komandirləri idi. Və bu faktın üzərində möhkəm işləyən müstəntiq hər üç hadisədə Polkovniki təqsirli bilir, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məsuliyyətə cəlb etmişdi. Sonrası da...
   
   Əgər əvvəlki intihar hadisələrindən sonra Polkovnik məsuliyyətə cəlb olunsaydı, nə Akademik o dəhşətli faciəni törədərdi, nə də Polkovnikin özü qətlə yetirilərdi.
   
   
   
   ***
   
   Hava qaralmışdı, küçə-bayırdan əl-ayaq yığılmışdı, hamı qarımış qızına elçi gələcək qonaqları gözləyənlər kimi çəkilmişdi evə. Adətən cümə axşamları kəndin küçələri hava qaralan kimi belə boşalırdı. Yalnız çiy kərpicdən tikilmiş torpaq döşəməli çayxanada beş-altı avara gənc söyüşə-söyüşə domino oynayardı. Day onlar da yox idi. Kənddə avaralanmaqdan yorulub çıxıb getmişdilər Rusetə, indi orda avaralanırdılar.
   
   Cümə axşamları ruhların öz ocaqlarına, əzizlərinə dəyməyə gəldiyi gün sayılırdı. Hamı da doğmalarının ruhlarını şad eləmək, incitməmək üçün həmin günlər ev-eşiyi sahmana salır, süfrəyə ləziz yeməklər qoyardı.
   
   Ruhlar hər cümə axşamı gəlib eyni şeyləri görməkdən, eyni qeybətləri eşitməkdən yorulmuşdular, day gəlib eləmirdilər. Öz aralarında dərdləşmək, doğmalarının mənasız-mənasız söz-söhbətlərinə qulaq asmaqdan daha maraqlıydı.
   
   Və axır illər heç onları gözləyənlər də yox idi, adamların o qədər problemləri vardı ki, nəinki ölülərini, dirilərini də yaddan çıxarmışdılar.
   
   Və yenə cümə axşamıydı və yenə hamı çəkilmişdi evinə-eşiyinə, qarımış qızlarına elçilərin, ya da əzizlərinin, gələcək ruhların xətrinə yox, bu gün hamının bir qonağı vardı - Polad Ələmdar.
   
   Və millət oturmuşdu televizorun qarşısında. Poladın Məmati və Abduleylə birlikdə Türkiyəni necə xilas etməyinə tamaşa edirdi.
   
   Belə bir vaxtda kəndin ortasında atılan güllə səsini Məmatinin baxışlarına kilidlənmiş camaat eyninə almadı. Əvvəla kənd cəbhə xəttinin yaxınlığında yerləşdiyindən camaat güllə səsinə öyrəşmişdi, hətta top atılanda da diksinmirdilər, ondakı güllə səsi ola. Bir də ki, çaqqal-çuqqal camaata göz verib işıq vermədiyindən gecələr silahı olanlar qurd-quşu qorxutmaq üçün güllə atırdılar.
   
   İndi camaat ya bu güllə səsini eyinlərinə almadılar, ya da Məmatinin atdığı güllələr qoymadı eşitməyə.
   
   Bu qəfil güllə səsinə yalnız eyvanda oturub beynində aranı-dağa, dağı-arana daşıyan və daşıhadaşıdan dilxorçuluqdan başqa heç bir xeyir tapmayan Akademikin Atası diksindi və yerindən qalxdı, ətrafı dinsidi, sonra girdi evə:
   
   - Xanım, tüfəngi ordan bura ver.
   
   - Ay kişi, gecə vaxtı xeyirdimi?
   
   -Qəbiristanlıq tərəfdən güllə atıldı.
   
   Düşmənlərin hər gecə atdıqları güllələrə öyrəşmiş evin xanımı:
   
   - Hər gecə güllə atırlar də! - dedi və evin küncündəki tüfəngi gətirib verdi. - Nədi, yoxsa müharibəni təzədən sən başlayacaqsan?
   
   - Yox xanım, bu güllə kəndin ortasında atıldı, özü də ətə dəydi.
   
   Böyük Qardaş öz otağında kitab oxuyurdu- kənddə yeganə ailə idilər ki, "Qurdlar vadisi"nə baxmırdılar, ümumiyyətlə hadisədən sonra bu evdə hələ ki, televizor açılmırdı - atasının səsini eşidib keçdi bu biri otağa:
   
   - Nə olub, Ata?
   
   Xanımına dediyini oğluna da təkrarladı:
   
   - Qəbiristanlıq tərəfdə güllə atdılar, özü də ətə dəydi.
   
   - Gözlə, mən də gəlim.
   
   - Nə deyirəm, gəlirsən gəl də!
   
   Həyətdən çıxıb qəbiristanlıq tərəfə yönəldilər, bir inli-cinli görünmürdü.
   
   Kəndin aralarını insiz-cinsiz görən Ata dedi:
   
   - Oğul, elə bil bu kənd ölüb.
   
   - Kənd ölməyib ey, ata, "Qurdlar vadisi"nə baxırlar.
   
   Ata başını buladı.
   
   Qəbiristanlığın ətrafını fırlandılar, orada bir çaqqal-çuqqal səsinə əhəmiyyət verməsək, hər tərəf elə qəbiristanlıqdakı ölülər kimi sükut içində idi, şübhəli heç nə gözə dəymirdi.
   
   Min ilin ovçusu səhv edə bilməzdi, ona görə təəccüblə dedi:
   
   - Deyəsən qocalmışam, oğul?
   
   - Ata, bəlkə cəbhə tərəfdə atılıb.
   
   - Yox, ay oğul, burda atıldı, özü də beşaçılan idi, ətə dəydi. Yox, görünür, qocalmışam.
   
   Böyük Qardaş ehtiyatla:
   
   - Ata, gəlmişkən bəlkə bir o tərəfə fırlanaq.
   
   - Axmaq-axmaq danışma, yüz dəfə demişəm ki, onun ruhunu incitməyin, qoyun öldüyü yerdə ölsün. Yaxşı, sən get evə, mən hərlənib gəlirəm.
   
   Böyük Qardaş çox yaxşı bilirdi ki, atası ona, hətta anasına da qəbir üstə getməyi qadağan eləsə də, özü bəzən hamını yuxuya verib gecələr qəbir üstə gedir. Və indi çox gözəl başa düşdü ki, atası onu evə yola salıb özü təkcə qəbiri ziyarət etmək istəyir, bir söz demədi və yollandı evə.
   
   Ata oğlunun getdiyini görüb girdi qəbiristanlığa. Təkcə oğlunun qəbrini ziyarət etməyə yox, heç cür inana bilmirdi ki, qulağı onu aldada, şübhəsini dağıtmaq üçün dolaşmağa başladı. Dolaşa-dolaşa gəlib oğlunun qəbrinə çatdı.
   
   (ardı növbəti şənbə sayımızda)

TƏQVİM / ARXİV