adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Fevral 2020 11:10
11459
GÜNDƏM
A- A+

DƏDƏ SÜLEYMANA ÜÇ KƏLMƏLİK TƏBRİK

"Ədalət”də işin şirin məqamında yazıçı-publisist Aqil Abbas otağa daxil olub dedi:

- Əbülfət, bilirsən ki, bu gün Dədə Süleymanın doğum günüdü?

Çaşıb qaldım. Unutduğuma görə özümü qınadım. Və elə həmin andaca qulağıma Dədə Süleymanın səsi gəldi... Oturmuşdu Füzulidə, Çinar bulağının zümzüməsinə qulaq asa-asa kökləyirdi səsini. O səsi ki, Allah ona lütf ilə vermişdi. Dinləyəndə özündən asılı olmayaraq, yerdən ayrılıb gedirsən. Özünü göy üzündə bəlkə də Cənnətdə hiss edirsən... Və bir də görürsən ki, o səs səni özünlə sorğu-suala vadar edib...

Bax, elə bu duyğuların içərisində Dədə Süleymanın səsi məni Qozlu dərədən keçirib üzü Qacara, Xəzəz meşəsinə, ordan Quruçay boyu Tuğa tərəf aparır. Və yol boyu da hər ağacın, hər budağın, hər daşın barəsində sanki bir açıqlama verir. Bunu təbii qəbul edirəm. Çünki Dədə Süleyman muğamda da, musiqi tarixmizdə də möhürünü elə vurub ki, onu ordan illərin qasırğası da, tufanı da qopara bilməz. Və bir də Dədə Süleyman Qarabağın bütün gözəlliklərini, bütün lətafətini, bütün şirinliyini hopdurub səsinə. Mən deyərdim ki, burda Dədə Süleymandan çox Allahın xidməti var. Çünki o səslə Süleyman Abdullayevi Dədə Süleyman edib. Üstəlik, o xalq artisti yox, Azərbaycanın xanəndəsi olubdu.


Doğum günün mübarək, Dədə! Səninlə çox söhbətlərim olub, çox dərdləşmişik - Bakıda da, Tuğda da, Füzulidə də! Və hər dəfə demisən ki, bircə arzum var, kaş, Çinar bulağının suyundan bir dolça içib üzü Şuşaya bir "Qarabağ şikəstəsi” oxuyaydın. Sonra sənə deyərdim sür maşını, gedək Tuğa, bir tikə çörək kəsək. Mən də həmişə bu istəyinə "Amin!” demişəm. İndi də deyirəm:

- Allah səni qorusun, Dədə! Allah səni və millətimizi arzusuna çatdırsın! Doğum günün bir daha mübarək olsun!

Əbülfət MƏDƏTOĞLU