adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Fevral 2020 11:20
14207
SİYASƏT
A- A+

İdilib böhranı

Bəşər Əsəd ordusunun hücumu nəticəsində İdilibdə gərginlik gündən-günə artır. Türkiyə mənbələrindən verilən məlumatlara görə artıq ölənlərin sayı yüzlərlə ölçülür. Bunların əksəriyyəti Suriya ordusunun əsgərləri olsa da aralarında dinc sakinlər də var. Türkiyənin isə 14 nəfər hərbiçisi şəhid olub.

Təbii ki, Suriya hərbi qüvvələri İdilibin təhlükəsizlik bölgəsi elan olunması barədə 2017-ci ilin may ayında Türkiyə, Rusiya və İran arasında əldə edilmiş Astana razılaşmasının, eləcə də Türkiyə ilə Rusiya arasında 2018-ci ilin oktyabrında əldə olunmuş Soçi anlaşmasının tələblərini pozaraq bölgəyə girməsi və bir sıra yaşayış məntələrini tutmasından sonra rəsmi Anqara cavab tədbirləri görməyə məcbur idi. Çünki YPG-YPD nəzarətində olan həmin ərazi Türkiyənin təhlükəsizliyinə ciddi təhlükə törədirdi.

Rəsmi Dəməşqə tabe olan ordunun Kremlin xeyir-duası olmadan Bəşər Əsədin qərarıyla bölgəyə hücum etməsini düşünmək sadəlövhlük olardı. Odur ki, yaranmış vəziyyət neçə vaxtdır münasibətlərinin "bal ayını” yaşayan Anqarayla Moskva arasında ciddi çatların yaranmasına səbəb olub. Ərdoğanla Putinin ardıcıl telefon danışıqlarına baxmayaraq, bu çatlar gündən-günə böyüyür və belə getsə, iki qonşu ölkə arasındakı münasibətlərin öz tarixi düşmənçilik məcrasına qayıtması qarşısıalınmaz prosesə çevriləcək. Dünyanın indiki siyasi və geopolitik düzənində bundan daha çox Rusiyanın zərər çəkəcəyi isə heç kimdə şübhə doğurmur.

Məsələ burasındadır ki, son illər hər iki ölkənin dostlarının və düşmənlərinin diqqət və təəccüblə izlədiyi Rusiya-Türkiyə yaxınlaşması daha çox məcburiyyət üzündən atılan addımların nəticəsində baş tutdu. Rusiyada Sovetlərin süqutundan sonra səngiyən geopolitik ambisiyaların yenidən dirçəldilməsi onun Qərblə münasibətlərini soyuq müharibə dövrünün ab-havasına köklədi, kritik situasiyalarda öz ənənəvi müttəfiqlərindən lazımi dəstək ala bilməyən Türkiyə isə onlardan uzaqlaşmağa başladı. Son olaraq bu yaxınlaşma o qədər həyati zərurətə çevrildi ki, hətta onun qarşısını almaq üçün Rusiya təyyarəsinin vurulmasından tutmuş, onun Anqaradakı səfirinin öldürülməsinə kimi törədilən qanlı təxribatlarla da bunun qarşısını almaq mümkün olmadı. Halbuki vaxtilə bu cür hadisələr ən yaxın dostları barışmaz düşmənə çevirir, dünya müharibəsinin belə başlanmasına gətirib çıxardırdı.

İndiki mərhələdə İdilibdə yaranan böhranı nizamlamaq mümkün olmasa bundan ən çox Rusiyanın itirəcəyi sirr deyil. Onun Türkiyə ilə yaxınlaşmasının iki mühüm aspekti var – hərbi-siyasi və iqtisadi. Hərbi-siyasi müttəfiqlik ilk növbədə S-400 Hava Hücumundan Müdafiə sistemlərinin alınması ilə bağlıdır. Bu sövdələşmənin ilk mərhələsi artıq yekunlaşıb, indi söhbət yalnız onların işlək hala gətiriləcəyindən, yoxsa anbarlarda yatıb-qalacağından gedir. Bu qədər bahalı bir malın anbarda yatıb qalmasının Türkiyənin maraqlarına nə dərəcədə uyğun olub-olmamasını başa düşmək üçün o qədər də uzaqgörən olmağa ehtiyac yoxdur. Rusiyanı isə bu alqı-satqıda məsələnin iqtisadi tərəfindən daha çox hərbi-siyasi tərəfi, yəni birbaşa Türkiyənin, dolayısıyla NATO-nun hava məkanınınında "at oynatması” maraqlandırır.

İkinci mühüm məsələ "Türk axını” qaz kəməriylə bağlıdır. Şimal axını layihələrinə Qərb tərəfindən ciddi əngəllər törədildiyi bir vaxtda bu layihə də Rusiya üçün hava-su qədər vacibdir. Yəqin ki, yenə də iqdisadi faydanı bir tərəfə qoyaraq bu cür böyük layihələrin həm də siyasi yükü olduğunu qabartsaq, onun Rusiyadan ötrü nə qədər vacib olduğunu xüsusi vurğulamağa ehtiyac qalmır. Çünki Rusiya bir dövlət kimi mövcud olduğu bütün dönəmlərdə daha çox siyasi, hərbi və geopolitik, bir sözlə, imperiya ambisiyalarını iqtisadi gəlir-çıxarlarının fövqündə görüb. Elə buna görə də ən nadir, ən bahalı, ən zəngin sərvətləriylə dünyanın istənilən ölkəsinə meydan oxuyan bu məmləkətin əhalisi həmişə kasıb yaşayıb, yenə də kasıb yaşayır və belə davam eləsə dünya durduqca kasıb olaraq da qalacaq.

Ekspertlərin yekdil rəyinə görə Bəşər Əsədin İdilib demarşı Ərdoğanın Kiyev səfəri və bu səfər zamanı Ukrayna, eləcə də Krımla bağlı sərgilədiyi mövqeyin Putində qıcıq doğurmasıyla bağlıdır. Bu isə artıq geopolitik ambisiyaların əsirinə çevrilmək, reallıq hissini tam itirməkdir. Yuxarıda sadaladğımız faktlardan da göründüyü kimi indiki halda Anqara Rusiya üçün Dəməşqdən daha vacib partnyordur. Bunu rus politoloqlarının özləri də etiraf edirlər. Təbii ki, indiki halda Putinin Suriyadan üz döndərəcəyi mümkün görünmür. Amma "əvvəl Ərdoğan, sonra Əsəd”. Bunu Rusiya Elmlər Akademiyası Avropa İnstitutunun "Avropa-Yaxın Şərq” Mərkəzinin rəhbəri Aleksandr Şumilin öz ölkəsinin bölgədəki prioritetlərindən danışarkən bildirib.

Ümumiyyətlə, Putinin Suriya sevdasının axırının necə qurtaracağı çoxlarını düşündürür. Burnunun dibindəki qardaş ölkədə düşdüyü bataqlıqda ilişib qalan birisi sərhədlərindən xeyli uzaq bir ölkədə qalib ola biləcəkmi? Olacaqsa bu dağılmış ölkəylə, heydən düşmüş Əsədlə sonra neyləyəcək? Ritorik sualdır, cavabı heç özünə də aydın deyil.

Ancaq Putinə nisbətən Ərdoğan o qədər də çıxılmaz durumda deyil. Çünki o, Rusiya ilə münasibətlərinin qırılacağı təqdirdə yenidən köhnə müttəfiqləriın yanına qayıtmaq şanslarını itirməyib. Əsədin hücumuyla İdilibdə yaranan yeni böhran vaxtı okeanın o tayından gələn dəstək də bunu sübut elədi. Üstəlik, son illər Türkiyə rəhbəri Qərb siyasətçiləriylə nə qədər gərgin münasibətlərdə olsa da, həmin ölkələrin hərbi cameəsi üçün vacib partnyor olaraq qalır. Nə qədər ki, böyük hərbi potensiala və nüvə arsenalına malik Rusiya dövləti ayaq üstədir Qərb Türkiyədən vaz keçməyəcək, vaz keçə bilməz. Bu böhran dalana dirənsə zərbə Türkiyəyə yox, Ərdoğana dəyəcək. Çünki Rusiya prezidentindən fərqli olaraq, Türkiyə cümhur başqanı öz ölkəsinin ictimai rəyindən asılıdır. Suriyadakı məğlubiyyətinin bədəli isə onun üçün çox ağır olacaq. Heç islam ritorikası da dadına çatmayacaq.

M. Məmmədov