adalet.az header logo
  • Bakı 7°C
14 Fevral 2020 10:44
47214
GÜNDƏM
A- A+

Şəhid kursantların anım günüdür - İmarət Qərvəndin müdafiəçiləri

"1993-cü ilin 13 fevralı- soyuq qış günlərindən biri idi. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin (BAÜKM)kursantları həyəcan siqnalı vasitəsilə ayağa qaldırıldı. Bir anda bütün kursantlar məktəbin həyətində "farağat” komandasında düzüldülər. Yüzlərlə kursantların içərisindən yalnız 62 nəfər boy-buxunlu, xüsusi hazırlıqlı seçmə kursantlar seçildi. Azərbaycan RespublikasınınMüdafiə Nazirliyinin baş qərargah rəisinin əmri ilə döyüş bölgəsinə- Ağdərə rayonuna, oradan isə Aterk (Həsənriz) yaşayış məntəqəsinə göndərildi. Həmin kursantlar biz idik”.

Adalet.az xəbər verir ki, bu sözlər BAÜKM məzunu, II qrup Qarabağ mühariəsi əlili, mayor Bakir Abdullayevə məxsusdur. O, 1993-cü il 13 fevralda Ağdərə rayonu İmarət Qərvənd kəndi uğrunda kursantların göstərdiyi rəşadətdən, canları bahasına verdikləri mübarizədən, döyüşün gedişi haqqında və silahdaşlarının anım günündən söhbət açacaq.

Qeyd: Ağdərə, Kəlbəcər istiqamətində erməni hərbi birləşmələrinin kəskin hücumlarının qarşısını ala bilməyən Müdafiə Nazirliyinin rəhbərliyi ölkə prezidentinə ( Əbülfəz Elçibəyə) müraciət edərək, əlavə canlı döyüş qüvvələri istəmişdi. Bu döyüş bölgəsində ən böyük təhlükə ondan ibarət idi ki, vaxtında zəruri tədbirlər görülməsə idi 4000 mindən artıq Ağdərə cəbhə bölgəsinə cəlb edilən qoşun birləşmələri erməni döyüşçülərinin mühasirəsinə düşə bilərdi. Ağdərə cəbhə bölgəsində yaranmış acınacaqlı döyüş vəziyyətindən hali olan ölkə rəhbərliyi, 13 fevral 1993-cü il tarixində səhər saat 7 iradələrində Milli Qvardiyanın şəxsi heyətini ölkə prezidenti Əbülfəz Elçibəyin birbaşa göstərişi ilə həyəcan siqnalı ilə ayağa qaldırılmışdı.



Qarabağla- Ağdərə ilə tanış olmayanlara bildirirəm ki, kursantların yerləşdiyi Aterk kəndi milli ordumuzun, (ortada olan İmarət Qərvənd kəndi neytral zona) Vəng kəndi isə Ermənistan Silahlı bölmələrinin əlində idi. Biz Aterkə çatdıq və 14 fevral səhər tezdən bizə hara getdiyimiz haqqında məlumat verilmədən yük maşınlarına doldurulduq,

Aterkdən Kəlbəcərə gedən yolla Vəngə tərəf yola düşdük. Düz İmarət Qərvəndə çatana qədər heç bir maneyə rast gəlmədik. Amma kəndin aşağı hissəsinə çatarkən ( əvvəlcədən hesablanmış oriyentlərə uyğun olaraq avtobus dayanacağı) 120-mm mina atanlardan 6 ədəd atəş açıldı və 3 maşınımız dəqiqliklə vuruldu. Maşınların biri ərzaq, digər ikisi isə şəxsi heyət daşıyan yük maşını idi. Qəfil həmlədən özümüzü itirmədik. Ətrafa səpələnmiş 8 şəhid , 15 yaralı kursantı atəş altından çıxara bildik. Bir nüansı heç unuda bilmirəm. Şəhid və yaralıları döyüş meydanından xeyli aralı bir əraziyə, arxadan gəldiyi üçün vurulmamış maşına daşıyırdıq. Minalar ətrafımızda partlayır, avtomat güllələri başımızın üstündən uçuşurdu. Bu ərazidə çox qalmaq da yeni bir itki demək idi. Elə həmin vaxt şəhid kursant Emil İsmayılovu yolun uzaq və qarlı olduğundan aparmaq mümkün deyildi. Emil hamımızdan həm hündür idi, həm canlı. Ayaq üstə duranda elə bilirdin başının üstündə bir dağ dayanıb. Yorulmuş, həyəcanlamışdıq . 2 ildi, necə deyərlər, bir qabdan yemək yediyimiz, bir otaqda yatdığımız dostlarımızın cansız , qana bulanmış cəsədlərini daşımaq mənəvi əzab idi. Belə bir vaxtda Emilin nəəşini qarda sürümək də alınmırdı. Üstünü ağaclarla, qurumuş yarpaqlarla örtük ki, tezliklə geri gəlib Emili də əzizlərinə təhvil verək. Sonralar başımıza gələn hadisələrə görə, o yerə bir daha dönə bilmədik. Bilmirəm, bəlkə də indi də Emilin nəəşi kimi ruhu da yolumuzu gözləyir”.


Müsahibim xeyli susdu. Başını əlləri içərisinə aldı. Xeyli elə beləcə durdu. Səsi kallaşmışdı. Bəlkə də qəhər danışmağa manə olurdu. Amma özünü ələ alıb yenidən söhbətinə başladı:” Yerdə qalan qüvvə ilə İmarət Qərvəndin müdafiəsini təşkil eləməyə çalışırdıq. Düz 10 gün orda qaldıq. Bizimbölük kənddə döyüş əməliyyatlarında ciddi tapşırıqlar yerinə yetirir, qarşı tərəfin hücumlarının qarşısının alınmasında xüsusi rol oynayırdı. İtki vermədən döyüşürdük. Qeyri- bərabər döyüş, hər dəqiqə gözlədiyimiz amma arxamızca gəlməyən əlavə qüvvə və zəiflədiyimizi hiss edən qarşı tərəfin güclü həmlələri ...Artıq düşmən qüvvələri cəsarətlənmişdi.



Döyüşün ən qızğın vaxtında qərargahla bütün əlaqələrimiz itdi. Eyni hərbi geyimlə təmin olunmuş erməni və azərbaycanlı əsgərləri bir-birindən ayırmaq cətinləşdi.. Haranı vurmaq, hansı tərəfi atəşi tutacağımızı bilmədik. Bizim əraziyə nəzarət etdiyimiz yüksəkliyin ətrafı hərbi transpartyorlarla, tank və PDM-lərlə mühasirəyə alındı. Elə bir kritik durum yaranmışdı ki, nə qərar verəcəyimizi də bilmirdik. Üstə gəl, mənfi 10-15 dərəcə şaxta, sıldırım qayalıqlar, gəldiyimiz yolda isə düzülmüş erməni əsgərləri…Anladıq ki, mühasirəyə düşmüşük və bu "ölüm-qalım” məngənəsindən çıxmaq hərbçi soyuqqanlığı tələb edir. Odur ki, ayın 24-də mühasirəni yarıb keçmək üçün iki dəstəyə ayrıldıq. Birinci dəstə 12 nəfərdən ibarət qrup Kəlbəcər istiqamətində, (sonradan bildik ki. həmin dəstədən də 4 kursantımız şəhid olub) qalanları isə Tərtər çayı boyunca üzü aşağı - Sərsəng Su Anbarına tərəf getməyə qərarlaşdırdıq. Anlayırdıq ki, qurtulmağımızın yolu ancaq dağlardan enib Tərtər çayı boyunca irəliyə-çayın axarı tərəfə getməkdir . 2 gün dağlarda həm üstümüzə hücuma keçən ermənilərlə döyüşdük , həm uşaqları sağ-salamat geri qayıtması üçün qarla-şaxta ilə, sıldırımlı yollarla mübarizə apardıq. Çəkməm ayağımdan cırılıb çıxmışdı. Sol ayağımı don vurmuşdu. Gödəkçəmin qolunu cırıb ayağıma bağladım ki, şaxtada donub qalmayım, uşaqlarla mənzilbaşına sağ –salamat çatdıq. Düzdü həmin döyüşdə 8 kursantı itirdik. Amma ermənilərin gələcəkdə hərbi zabit kimi püxtələşəcək o biri kursantları tamamilə məhv eləmək planın baş tutmasına imkan vermədik. Mühasirədən çıxdıq.

Bu gün həmin fevraldan, həmin döyüşlərdən sağ çıxa bilən bütün kursant yoldaşlarım adından şəhid kursantlarımızı ehtiramla anıram və onlara Allahdan rəhmət diləyirəm ! Əziz dostlarım biz-keçmiş kursantlar sizi unutmadıq, hər zaman yanımızda, yadımızda oldunuz! Ruhunuz qarşınızda baş əyirik!

Şəhid kursantlar:

Kapitan Aydın Rəhimov

Əbdülrəhmanov Əbabil

Sarvan Məmmədov

Emil İsmayılov

İlqar Əmiraslanov

Vüqar Şirinov

Yalcın Məmmədov

Fuad Əyyubov

Səlim Piriyev

Okean Seyidov

Afiq Əsədov

Eldəniz Mehdiyev



Söhbətləşdi Əntiqə Rəşid