adalet.az header logo
  • Bakı 7°C
13 Fevral 2020 15:51
25205
İDMAN
A- A+

“O çətin dövrdə başqa kluba keçsəydik, “Qarabağ” dağılardı”

Müşfiq Hüseynovun 50 illiyi münasibəti ilə müsahibə

Sabah, fevralın 14-də Azərbaycan futbolunun əfsanələrindən biri, uzun illər "Qarabağ”da oynayan və komandanın kapitanı olmuş Müşfiq Hüseynovun 50 yaşı tamam olur.

Qol.az saytı bu əlamətdar gün münasibəti ilə yubilyara bir neçə sual ünvanlayıb.

- 50 illik yaşın nə qədərini futbola həsr etmisiniz?

- 7 yaşımdan futbolla məşğul olmağa başlamışam. 37 yaşımda da karyeramı bitirmişəm. Məşqçi kimi isə 13 ildir çalışıram. Yəni, 43 ildir ki, futbol həyatı sürürəm.

- Bəlkə, bir az futbola gəlişinizdən danışaq? Həvəsiniz necə yarandı?

- Məndən böyük qardaşım da futbol oynayırdı. Hərdən onun yanında gedib, məşqlərə baxırdım. Bundan sonra yavaş-yavaş həvəs yarandı. Artıq 7 yaşımda mən də uşaq futbolu məktəblərinə getməyə başladım.

- "Qarabağ"ın simvollarından birisiniz. Sizdə "Qarabağ"a olan bu qədər sevginin səbəbi nədir?

- Birincisi, ondan irəli gəlir ki, mən Ağdamda doğulub, boya-başa çatmışam. Çünki futbolçu olduğumuz illər elə dövr idi, məsuliyyətin çoxu bizim üzərimizə düşdü. Ağdam işğal olumuşdu. Komandanın durumu pisləşmiş və yaşamaq uğrunda mübarizə aparırdı. Ona görə də karyeramızı bu komandada davam etdirməyi özümüzə borc bildik. Şükürlər olsun, geridə qaldı. Artıq elə problemlər yoxdur. Demək olar ki, indi komanda yaxşı yolla ilə irəli gedir.


"Qarabağ": bu gün və dünən

- "Qarabağ"ın ən çətin vaxtlarında da klubu tərk etməmisiniz.

- Bəli, elə dövrlərimiz çox olub. Tək mən yox, Səttar, Elşad, Mahir, Təbriz, Cəmaləddin, Yaşar və çoxları. Hamımız birlikdə "Qarabağ"ın dağılmamasına çalışdıq. Sağ olsunlar, bir yerdə qərarımızın arxasında durduq. Şükürlər olsun ki, komanda bu yerə gəlib, çata bilib.

-"Kəpəz"ə keçidinizlə bağlı nə deyə deyə bilərsiniz? Bildiyimə görə, getmək istəmirdiniz.

- Xırda detallar vardı. Mən onları mətbuata açıqlamaq istəmirəm. Heç ehtiyac da görmürəm. Bunlar keçmişdə qalıb. Məndən asılı olmayan bir şey idi. İnciklik düşmüşdü.

- Deyilənə görə, "Kəpəz"də oynayanda Azərbaycan kubokunun final oyununda "Qarabağ"ı udsanız da, mükafalandırmaya qatılmamısınız və kənarda ağlamısınız.

- Əlbəttə, kənarda olsam da, həmişə "Qarabağ"ı dəstəkləmişəm. Futbol elədir ki, çıxış etdiyin klubun uğurları üçün çalışmalısan. Bunu özüm üçün borc bilmişəm. İstər "Qarabağ"da, istər "Neftçi"də, istərsə də "Kəpəz"də oyna, fərqi yoxdur. Amma mən həmişə "Qarabağ"ı dəstəkləmişəm. Uduzanda da dilxorçuluq olub.

- Adətən sizin kimi ağdamlı veteran futbolçularla danışanda İmarətdən də söhbət açırıq. İmarəti necə xatırlayırsınız?

- Yadıma düşən epizodlar, məqamlar var. Amma hamısını dəqiq xatırlaya bilmirəm. 30 il vaxt keçib. Son oyunun video görüntüsü vardı. Sonra o videolent də yoxa çıxdı. Ağdamda axırıncı matçımızı isə 1993-cü ildə "Turan"la oynamışdıq. Səhv etmirəmsə, həmin görüşdə 2:1 hesabı ilə qalib gəlmişdik. Deyəsən, qolların birini mən, birini də Yaşar (Müşfiq Hüseynovun qardaşı – red). vurmuşdu.

- Orada oynamağın üstünlüyü nə idi? Deyirlər ki, rəqiblər üçün çətin olurdu.

- Düz deyirsiniz, elə məqamlar olurdu. SSRİ çempionatında biz 2-ci liqada oynadıq. Demək olar ki, Ağdamda çıxış etdiyimiz oyunlarda uduzmurduq. 1 ya 2 matçda heç-heçə etdik. Qalan bütün oyunlarda qalib gəldik. Yəni, çox güman ki, azarkeşlərin dəstəyini hiss edib, daha da əzmlə oynayırdıq. Təəssüflər olsun ki, bunu kənarda edə bilmirdik. Az xal qazanırdıq. Dəqiq yadımda deyil, deyəsən, cəmi 2 xal gətirmişdik. Amma evdə oynayanda uduzmadıq.

- İndiki dövrdə 2 qardaşın bir komandada oynamasına az rast gəlinir. Bununla bağlı soruşmaq istəyirdim ki, Yaşar Hüseynovla birgə oynamısınız. Bunun müsbət və mənfi tərəflər hansılardır?

- Müsbət cəhətləri çoxdur. Bir-birimizi çox yaxşı anlayırdıq. Elə oyun olmurdu ki, qapıçı ilə 2-3 dəfə təkbətək mübarizəyə çıxmayım. Çox vaxt bu ötürmələri Yaşar verirdi. Mənfi tərəfləri deyə bilmərəm. Amma müsbət cəhəti bir-birimizi yaxşı başa düşməyimiz idi.

- Meydanda da qardaşlıq etmək olurdu?

- O, məndən böyükdür. Meydanda da qardaşlığı mən etmirdim (gülür). Yaşar bir böyük kimi mənə əmr edə bilərdi. Amma mən də bir balaca qardaş kimi onun qulluğunda həmişə hazır idim.

- Yaşar müəllimlə müsahibəmdə o, maraqlı bir əhvalat danışmışdı. Deyir, "hansısa oyunda mənə kobud oynayıb, yıxdılar. Sonra baxdım ki, Müşfiq də başımın üstündədir və həmin rəqibi vurdu”

- Bəli, mən qırmızı vərəqə də aldım. Özümdən asılı olmadı. Onu pis vəziyyətə saldım. Mən onu vurmadım, boğazından yapışıb, boğurdum. Bir də gördüm, rəngi qaçıb. Əlimdən zorla çıxdı. O da aralanandan sonra mənə cavab verdi. Hakim ikimizə də qırmızı vərəqə göstərdi.


Müşfiq və Yaşar Hüseynov qardaşları. Fransa, Monpelye

- Bu, həmin görüşün nəticəsinə təsir etdi? Yoxsa uduzmadınız?

- Düzü, yadımda deyil. Deyəsən, oyun heç-heçə ilə bitdi. Amma hesabı dəqiq xatırlamıram. Bir onu bilirəm ki, o, Yaşarı vurduğuna görə qırmızı vərəqə aldı, mən də onu tutduğuma görə. Bu, demək olar ki, mənim birinci və axırıncı qırmızı vərəqəm idi. Ondan başqa heç vaxt qırmızı vərəqə ilə cəzalandırılmamışam.

- Sizin adınız gələndə həm də İntertoto kubokunda, İsrail "Makkabi”si (Hayfa) ilə matçda avrokuboklarda vurulan ilk qələbə qolu yada düşür. İstərdim, o oyun ətrafında danışaq. Həmin vaxtlar nə dərəcədə çətinlik vardı?

- Ümumiyyətlə, düşünəndə o vaxt elə bir çempionatımız olmayıb ki, biz asanlıqla başlayaq. Hər il çətinliyimiz olub. Necə başlayırdıq, necə qurtarırdıq, bir Allah bilir. Həmin çempionata başlamaq 1 həftənin içində oldu. 1999-cu il idi. Qısa vaxt ərzində demək olar ki, şəraitsiz stadionda hazırlaşmışdıq. Amma buna baxmayaraq, mərhələni keçə bildik. Sonrakı mərhələlərdə büdrədik. Bu da göstərdi ki, komanda hazır deyil. 1- 2 oyun oynaya bilər, amma 3-cüdə hazır olmasan komanda büdrəyə bilir. Yəni, ondan sonra rəqibimiz də çox çətin idi. Fransa "Monpelye”si ilə qarşılaşırdıq. Onda da hazır olmamağımız üzə çıxdı.

- "Makkabi" o vaxt "Qarabağ" üçün uyğun rəqib idimi?

- Bilmirəm ki, onlar bizi necə qəbul etmişdilər. Çox yaxşı müdafiə olunduq. Sonra da əks-hücumlara çıxırdıq. Orta xəttimiz də pis çıxış etmirdi. Komanda şəklində çox yaxşı oynadıq.

- Deyəsən, həmin ərəfəsində İsraildə klublarında şansınız olub. Düzdürmü?

- Bu barədə sadəcə söz çatdırıblar ki, səninlə maraqlanırlar. 2 klub nümayəndəsi oturub, oyuna baxırdı.

- Ümumiyyətlə, həmin vaxt legioner həyatı yaşamaq çətin idi?

- Gərək yaşayasan ki, biləsən. Əlbəttə ki, legioner həyatı həm şərəfli, həm də çətindir. O çətin dövrdə isə bizim fikrimiz başqa klubda oynamaq yox, ancaq "Qarabağ"da qalmaq idi. Dediyim kimi, komandada elə uşaqlar vardı ki, sağ olsunlar, hamısı birgə qərar verirdi. Hamının başqa klublara getmək şansı vardı. Amma adını çəkdiyim uşaqlarla bərabər olduq. Bunun əsas səbəblərindən biri də mən idim. Başqa kluba keçsəydik, komanda dağılacaqdı. Mən də o yolu - klubda qalmağı, uşaqlarla birlikdə davam etməyi seçdim. İsrailə gəlincə isə, təklif gəlmədi. Sadəcə onu dedilər ki, səninlə maraqlanırlar.


Çətin dövrdə "Qarabağ"la olan futbolçular. Bu dəfə veteran kimi bir arada

- O dövrdə daha çox idi, amma indi də bizim futbolçular xaricə çıxa bilmir. Bunun səbəbini nədə görürsünüz?

- Yəqin ki, Azərbaycan futboluna maraq azdır. Başqa cür desək, hər futbolçunun bir meneceri var. Ümumi, hər tərəfli baxanda əvvəlcə millimiz yaxşı oynamalıdır ki, ayrı-ayrı futbolçularımızla maraqlansınlar. Əgər milli komandamızın səviyyəsi qalxarsa, futbolçular legioner həyatı sürə bilər. Bundan əlavə işin əsası klubların uşaq məktəblərindən başlayır. İşə 11, 12, 13, 14, 15 yaşlardan başlamaq lazımdır. Başqa klublarla yoldaşlıq görüşü və s. təşkil etmək lazımdır. Yəni, o mərhələni keçmək, kənardakılarla oynayıb, onlarla ayaqlaşmaq üçün turnirlərdə, məşqlərdə olmalıdırlar. Amma təəssüf ki, bizim klublarımız uşaqlar üçün məşqlər, hazırlıq təşkil etmək baxımdam çox zəifdirlər.

- Bəs, futbolçu yetişdirmək necə?

- Hər klubun öz strategiyası var. Bunu deyə bilmərəm.

- Bəs, bu gün "Qarabağ"da necədir?

- Məsələn, biz neçə uşağı komandalara icarəyə göndərmişik. Demək olar ki, əsas heyətdə oynayırlar. "Sumqayıt"da çıxış edən uşaqlarımız var. Yəni, mən ancaq "Qarabağ" haqqında danışa bilərəm. Kənar komanda barədə heç nə deyə bilmərəm.

- Yəqin siz də razılaşarsınız ki, əvvəlki illərə nisbətən indi yaxşı hücumçu yetişmir. Sizin timsalınızda baxırıq ki, Azərbaycanda necə hücumçular olub. Bu cəhətdən vəziyyət necədir?

- Klubun nəyi varsa, ondan istifadə etməyə çalışırıq. Çox güman ki, futbolda ən çətin mövqe hücumdur. Qol vura bilmirsənsə, qələbədən danışmamalısan. Bu cəhətdən ən çətin yeri ondadır. Amma ondan da əlavə hücumçu yetişmirsə, deməli, tək problem bizdə deyil. Bəlkə dünya futbolunda da belə çətinlik var. Çox klub kənardan hücumçu alır. Elə düşünmürəm ki, bu problem tək Azərbaycandadır. Kimin imkanı var, legionerlərə üstünlük verir. Qaldı ki hücumçulara, məncə, zəif futbolçularımız yoxdur. Yaxşı cavan uşaqlarımız var. Məsələn, Mahirin özü. Mənə elə gəlir ki, hücumçu yetişir. Qurban müəllimin oğlu Musa da özünü yaxşı cəhətdən göstərir. Məncə, yaxın gələcəkdə onların da xidmətindən istifadə edəcəyik. Toral da var. "Keşlə" iləkubok oyununda Musa və o meydana çıxdılar. Biri qol vurdu, o biri də qol ötürməsi verdi. Perspektivləri var. Gələcəyin yaxşı futbolçularıdır.

- Futbolçu karyeranızdan danışdıq. Məşqçilik karyeranız sırf "Qarabağ"la bağlıdır. Ümumiyyətlə, məşqçilik karyeranızdan razısınızmı?

- Çox gözəl kollektivimiz var. Onları siz də tanıyırsınız. Onlarla birlikdə işləmək xoşdur. Çox gözəl məşqçi heyətimiz var. Şükürlər olsun ki, problemimiz yoxdur.

- Bəs, Qurban Qurbanovla birgə işləmək rahatdırmı?

- Yoldaş kimi soruşursunuzsa, çox yaxşı yoldaşlığı var. Məşqçi kimi isə onsuz da hamınız tanıyırsınız. İnsan keyfiyyəti barədə ancaq yaxşı sözlər söyləmək olar. Qurban müəllimi hamı yaxşı tanıyır. Mehriban biridir.

- Məşçilik karyeranızdan da danışdıq. Nə vaxtsa, özünüz baş məşqçi kimi çalışmağı düşünürsünüzmü?

- Bu dəqiqə ehtiyac görmürəm. Çünki istədiyim klubda işləyirəm. Çox gözəl baş məşqçi var. "Qarabağ”da işləmək xoşdur.

- Bəlkə, bu da "Qarabağ"la bağlılığınızdan irəli gəlir?

- Mən də elə düşünürəm ki, bundan irəli gəlir. Eləcə də "Qarabağ" adına görə. Bura mənim üçün çox doğma, əzizdir.

-Sonda yubileyinizi təbrik edir, sizə möhkəm cansağlığı və uğurlar arzulayırıq.

-Təşəkkür edirəm.

Söhbətləşdi: Ramiq AĞAMƏMMƏDOV