adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
12 Fevral 2020 17:56
10616
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU:SÜNİ QİDALAR

Bu mövzuya təsadüfən toxunmadım. Çünki yaxın bir qohumumun gəlini bu yaxınlarda bir körpə dünyaya gətirib. Və o körpə də heç bir həftə ana südü əmməyib. Təbii ki, belə olanda çıxış yolu kimi həkimlər o uşağa süni qida verməyi məsləhət biliblər. Əlbəttə, süni qida da heç vaxt ana südünü əvəz edə bilməz. Ən azından ona görə ki, ana südü ilə qidalanan körpə sağlam olur, tez-tez xəstələnmir və daha gümrah böyüyür.

Və həmin qohumum da məcbur olub o körpəyə apteklərdən süni qida alıb. Heç on gün keçmədi ki, körpənin vəziyyəti ağırlaşdı və uşaq xəstəxanaya yerləşdirildi. Bir aylıq uzun müalicədən sonra ö körpənin səhhətində yaranmış problemlər çox çətinliklə aradan qaldırıldı. İndi o uşaq altı ayın içindədi. Amma yenə süni qida ilə qidalandırılır və tez-tez də müxtəlif infeksiyalara yoluxur. Valideynləri, babası və nənəsi o körpənin üstündə yarpaq kimi əsirlər ki, heç olmasa qripə yoluxmasın. Əgər qripə yoluxsa, çox çətin ki, o uşaq tezliklə sağalsın.

Bax, bu məsələlər günümüzün əsas problemlərindəndir. Heç kimə sirr deyil ki, son 15-20 ildə respublikamızda dünyaya gələn körpə uşaqların böyük hissəsi ana südü ilə qidalanmır. Təbii ki, bunun da obyektiv və sübyektiv səbəbləri var. Pediatr Nərminə Məmmədova deyir ki, körpələrin dünyaya göz açmasından sonra ən azından onlar 6 ay ana südü ilə qidalanmalıdır. İmkan varsa, lap bir il də uşağa ana südü verilməlidir. Ana südüylə qidalanan uşaqlar digər körpələrlə müqayisədə daha sağlam və daha gümrah böyüyürlər. Onlar tez-tez xəstələnmir, virusa yoluxmur və başqa problemlər yaşamırlar. Təəssüf ki, bizim əksər körpəni dünyaya gətirən analar bu məsələlərə soyuqqanlı yanaşırlar. Onlar öz görünüşlərinə xələl gətirməmək üçün vaxtından tez uşağı ana südündən ayırırlar. Xüsusən də bu problemlər şəhər mühitində özünü daha qabarıq göstərir. Bir həkim kimi deyə bilərəm ki, müalicə üçün mənim yanıma gətirilən körpələri müayinə edərkən bax belə problemlərlə tez-tez qarşılaşıram. Anadan soruşuram ki, bu uşağa öz südünü verirsən, yoxsa süni qida ilə qidalandırırsan? Onların bir çoxu deyir ki, həkim, gecələr yuxudan qalxıb uşağı əmizdirə bilmirəm. Yuxusuzluğa və digər çətinliklərə dözməyib onu süddən ayırıram. Mən həmin anaları inandıra bilmirəm ki, bu yanlış addım sizin özünüz və körpələriniz üçün çox böyük problemlər yaradar və daha doğrusu, elə yaradır da.

Həkim Nərminə Məmmədova bir fikri də xüsusilə vurğulayır ki, yanıma gələn anaları başa salmaq o qədər də asan deyil. Amma başa düşənlər də var. Gələcək də uşaqlarını və onları gözləyən fəsadları yada salanda bəziləri öz səhvini anlayır və körpələrinə ana südü verirlər. Bu cür maarifləndirmə işlərinin aparılması istər-istəməz bir çox anaları mürəkkəb durumdan çıxarır və onlara yeni imkan yaradır ki, körpələrinə ana südü versinlər. Elə analarda var ki, körpəsini ana südü ilə qidalandırmaq istəyir, ancaq südü olmur. Bax, belə olanda həmin qadın məcbur olub körpəsinə süni qida alır.

Hətta pediatr N.Məmmədova onu da deyir ki, dədə-babadan bizdə belə bir adət vardı: südü kəsilən analar uşağı olan və körpəsinə ana südü verən digər qohumlarının südü ilə körpələrini qidalandırırdılar. Belə uşaqlara süd qardaşları, süd bacıları deyilirdi. Təəssüf ki, bu ənənələr unudulub və yaddan çıxıb. Hətta imkanı olanlar belə tənbəllik edib yaxın qohumunun imkanından istifadə etmirlər. Elə üz tuturlar apteklərə ki, ordan süni qida alsınlar, asan yolla körpələrini qidalandırsınlar.

Təbii ki, süni qidalanmanın da kifayət qədər problemləri və fəsadları olur. Süni uşaq qidalarının əksəriyyəti xarici ölkələrdən gətirilir. Onun da keyfiyyətinin nə dərəcə də yetərli olması məlum deyil. Aydındır ki, analar da uşaqlarını qidalandırmaq üçün pediatr həkimlərinin yanına gedəndə ilk növbədə onlara həkimlər tərəfindən bu cür qidalar yazılır. Həkimin resepti əsasında valideynlər apteklərə gedib bu süni qidaları alaraq körpələrinə yedizdirirlər. Və bəzən də bu qidalardan zəhərlənmə halları yaranır. Belə də olanda təbii ki, əziyyəti körpələr və valideylər çəkirlər. Bir çox halda da camaat arasında belə söhbət yayılır ki, həkimlər resept yazdıqlarına görə, apteklərdən müəyyən qədər faiz alır.

Əlbəttə, bir fikri xüsusilə səsləndirmək istəyirik ki, ölkəmizə xaricdən gətirilən süni uşaq qidaları mütəxəssislərin bildirdiyinə görə, bir o qədər də keyfiyyətli deyildi. Bəs onda nə etməli? Təbii ki, onda da elə ölkəmizin özündə bu qidalar istehsal olunmalı və səhiyyə şəbəkələrinə verilməlidir. Amma bu məsələlər hələ də yetərincə öz həllini tapa bilmir, həkim və aptek əlaqələri davam edir. Başqa sözlə demiş olsaq, körpələr süni qidalanma zamanı problemlər yaşayır, həkimlər və apteklər isə qaz vurub qazan doldururlar. Nəticədə yenə zərbə o körpə uşaqlara və ailələrə dəyir.

Hər halda, nə qədər keyfiyyətli olsa da, süni qidalar heç vaxt ana südünü əvəz eləyə bilməz. Bunu biz demirik, bu fikri həkimlər səsləndirirlər. Ona görə də bəzi analar tənbəllik edib vaxtından tez körpələrini ana südündən kəsməməli və onları normal qidalandırmalıdılar. Əgər belə olarsa, həmin analar nə özləri, nə də körpələri problemlər yaşamazlar. Sadəcə olaraq, anaların maariflənməsinə və savadlanmasına bizim məmləkətimizdə çox ehtiyac var. Maarifləndirmə işini isə televiziya kanalları və KİV-lər görməlidir. Televiziya kanalları əhalini maarifləndirmək əvəzinə bütün günü "manısları” şou proqrama dəvət edir və vur-çatlasın, çal-oynasın eləyirlər.