Əbülfət MƏDƏTOĞLU: İSTƏKLƏRİM...
Əllərimi hovururam...
Ürəyimi qovururam...
Mən ömrümü sovururam -
İstəklərim göyərmir heç...
Daş qaldırıb, qum yayıram
Daşı daşla şumlayıram!
Haqq önündə mumlayıram -
İstəklərim göyərmir heç...
Yumruq düyüb, dişi sıxıb
Gördüm dərd də dişi çıxıb...
Hərənin öz işi çıxıb -
İstəklərim göyərmir heç...
İtiribdi atım nalı
Atı, yoxsa satım , nalı?
Bir özüməm atılmalı -
İstəklərim göyərmir heç!
Qismət, yazı elədisə
Yolun ağzı selədisə...
Sevmək, azı belədisə -
İstəklərim , göyərmir heç!