adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Fevral 2020 17:28
44877
ƏDƏBİYYAT
A- A+

Zaur İlhamoğlunun şeirləri

Gedəcəm dünyanın o bir başına

Gedəcəm dünyanın o bir başına
Dünyanın bu başı məni açmadı.
Bu başın günləri qaranlıq imiş,
Burda gün çıxmadı, işıq saçmadı.
Gedəcəm dünyanın o bir başına
Burda yaşananlar dərddən seçilmir.
Bu yerdə min sifət, min dənə üz var
Buranın qoyunu qurddan seçilmir.

Gedəcəm dünyanın o bir başına
Bu yerdə gözləri pərdələyiblər.
Burda yaxşılığın izi-tozu yox,
Burda insanlığı dəfn eləyiblər.

Gedəcəm dünyanın o bir başına.
Burda müharibə, dava-dalaşdır.
Bu yerdə analar sinəsi dağlı,
Burda bacıların gözləri yaşdır.

Gedəcəm dünyanın o bir başına
Burda əyləncədir sevgi-məhəbbət.
Bu yerdə yaşanan sevgi hissləri
Büsbütün ehtiras, büsbütün şəhvət.

Dünya da fırlanır, yerində durmur.
Gün keçir..Oyandın yatana kimi.
Qorxuram o başı bu başı olar
Mən gedib o başa çatana kimi.


Özünə dəyər ver!

Sən ki sən olaraq dünyaya gəldin,
Sənin varlığında bir nəfər "sən" var.
Sən başqa kimsəyə bənzəmə heç vaxt,
Çalış özün kimi olmağı bacar.

Əgər insanları sevmək istəsən,
Hər kəsdən birinci özünü sev sən.
Yadında saxla ki, özünü sevsən,
Onda həm sevəcək, seviləcəksən.