ALLAHI QATiL EDƏNLƏR(XIII hissə)

AQİL ABBAS
58636 | 2011-12-31 07:06
(Əvvəli qəzetimizin 24 dekabr sayında)
   
   
   
   - Yaxşı, bunu araşdıraram. İndi deyin görüm həmin gün evinizdə qonaqlıq vermisiz?
   
   - Ağsaqqal adamam, mənə yalan danışmaq yaraşmaz, bu olub. Xəbəri eşidən kənd tökülüb gəlmişdi. Camaatı ac-susuz yola salmayacaqdımkı! Allah verəndən bir süfrə açdıq.
   
   - Siz həmin məclisdə demisiz ki, Allah cəzasını verdi?
   
   - Bəli, demişəm. Hələ istəyirsiz sizin eşitmədiklərinizi də söyləyim. Hətta demişəm ki, onu vuranın əlinə qurban olum, məndən qeyrətli çıxdı.
   
   - Özünüz deyirsiz ağsaqqal adamsız, bir insanın ölümünə necə sevinə bilərsiz?
   
   - Bilirsiz, cavan oğlan, Allah mənə verdiyi dərdi düşmənimə də verməsin. Kiminsə ölümünə sevinmək insanlıq deyil, kişilik deyil. Amma mən bunu sizə başa sala bilmərəm, heç siz də başa düşə bilməzsiz. O polkovnikdi-nədi, onu öldürməmişəm, alibinin də nə olduğunu çox yaxşı bilirəm. Və əlli alibim var. Bir-bir sayacam. Sizə də məsləhət görürəm heç onu öldürəni axtarıb tapmayasınız da. Yer üzündən bir əclaf, bir namərd azalıb. Əgər onu öldürəni tapmaq və həbs etmək sizin üçün çox vacibdirsə, yazın, altına qol çəkim ki, mən öldürmüşəm. Kişi deyiləm qol çəkməsəm! Onsuz da onu mən öldürməliydim, bəlkə elə əvvəl-axır da öldürəcəkdim. Kim isə kişilik edib mənim görməli olduğum işi görüb. Mən də böyük məmnuniyyətlə o kişinin əvəzinə cəza çəkməyə razıyam.
   
   - Çox gözəl danışırsız. Sanki kimdənsə hüquq təhsili almısız, ya da kimsə sizi hazırlayıb.
   
   - Bilirsiz, oğulg Bağışlayın sizə oğul dedimg
   
   - Eybi yox, buyurun.
   
   - Mən əkinçi adamam, heç kim də mənə heç nə öyrətməyib. Fikirləşdiklərimi deyirəm.
   
   - Ov tüfənginiz var?
   
   - Var.
   
   - Hardadı?
   
   - Evdə divardan asılıb. Əgər hələ həbs etməmisinizsə gedib gətirə bilərəm. Yox, əgər həbs olunmuşamsa, adam göndərin gedib gətirsin.
   
   - Neçə kalibirdi?
   
   - On iki.
   
   Düz gəlirdi.
   
   - Yaxşı, bir sualım da var. Siz hadisədən bir az sonra bu xəbəri kimdən eşitmisiz?
   
   - Balaca bir ölkədə yaşayırıq, o başda öskürəndə bu başda "Ya haqq Allah" deyirlər.
   
   - Bir az da dəqiq danışsaq?
   
   - Şəhərdəki qohumlar zəng etdilər.
   
   - Nə dedilər?
   
   - Düzünü bilmək istəyirsiz?
   
   - Əlbəttə.
   
   - Gözaydınlığı verirdilər.
   
   
   
   ***
   
   Neçə-neçə bundan da ağır qətlin üstünü açan təcrübəli Kriminalist nə qədər hərləyib-fırlayırdı, sıfırdan başlayıb bildiyi müəyyən nöqtəyə qədər gəlirdi, yenə sonda heç bir şey onun istədiyi kimi alınmırdı. Kələfi aça-aça gəlirdi, sona çatanda yenidən düşürdü qırx arşın quyunun dibinə. İndi gəl kəndirsiz-filansız heç kimin düşmək istəmədiyi, düşənlərin də çıxa bilmədiyi quyudan çıx.
   
   Əlində bir dəmir gilizdən, iki qurğuşun güllədən və bir də heç cürə danışdıra bilmədiyi yabıdan başqa tutalqa yox idi. Bunlar da bir Bermud üçbucağı təşkil edirdi, o da qalırdı indiyədək heç kimin çıxa bilmədiyi bu Bermud üçbucağının içində.
   
   
   
   ***
   
   Atın cidarını açmamışdan öncə yalını sığalladı, üzünü qoydu sinəsinə, sinəsini oxşadı. Atın gözləri böyümüşdü və başını döndərib bu böyümüş gözlərlə ona baxırdı və elə bil həyatda ilk dəfə idi ki, onu belə oxşayırdılar, əzizləyirdilər. At deyəndə bir az böyük çıxır, yabıydı. Bəlkə nə vaxtsa o da at olmuşdu, kişnəmişdi, ayağı ilə yeri cırmaqlayıb fınxırmışdı, madyan belinə qalxmışdı. İndi neçə illər idi qışda onunla meşədən odun daşıyırdılar, yayda ot-ələf, yaxşı ki, arabaya qoşmurdular.
   
   Bu əzizləmə, sinəsini oxşayan ilıq nəfəs atın xoşuna gəldi, nə qədər şüursuz olsa da bu ilıq nəfəs onu yerindən oynatdı, madyan belinə qalxdığı vaxtlardakı kimi qabaq ayağıyla yeri cırmaqlayıb razılıqla fınxırdı. Hiss elədi ki, at onu yaxına buraxdı. Bundan sonra ürəyi çırpına-çırpına ətrafa baxdı, kimsə gözə dəymirdi, yalnız yamacın bir az aşağısında yerin o qədər də düz olmasına baxmayaraq futbol oynayan uşaqlar vardı, onlar da söyüşə-söyüşə top qovalayırdılar. Cidarı açdı və ehtiyatla meşəyə çəkdi, sevindi ki, görən olmadı, ayağını bir kötüyün üstə qoyub qalxdı atın belinə.
   
   Bəlkə yüz dəfə ölçüb-biçmişdi. Hərbi hissəyə maşınla getmək olmazdı, hissə sərhəddə yerləşdiyindən və ondan o yana kənd-kəsək olmadığından bu yoldan yalnız əsgər maşınları keçirdi, bir də adətən bazar günlərində övladları ilə görüşməyə gedən valideynlər.
   
   Bu qədər yolu meşə ilə piyada getmək çox çətin deyildi, amma xeyli vaxt aparardı. O, öz kəndlərindən də atla çıxa bilərdi, amma şübhələnərdilər. Ona görə hərbi hissəyə daha yaxın və qohum-əqrabalarının yaşadığı kənddən bir at tapıb onunla getmək daha ağıllı yol idi. Bu təkcə vaxt qazanmaq demək deyildi, həm də gözlənilməz bir hadisə baş versəydi at onu bu dağda, bu meşədə aradan çıxara bilərdi.
   
   Tanrı birinin bəxtini bağlasa da, o birinin bəxtini açırdı, kimsə onun ata mindiyini görməmişdi.
   
   İntiqam hissi ömründə intiqamın nə olduğunu bilməyən, bilsə də bunu almağa qabiliyyəti olmayan, heç kəsin toyuğuna Tanrının bircə daşını da atmayan bir insanı əsil qatilə çevirmişdi.
   
   O, Polkovnikin bütün iş qrafikini - hərbi hissəyə nə vaxt gəlir, nə vaxt gedir, hansı günlər maşını özü sürür, hardan haçan keçir - elə dəqiqliklə öyrənmişdi ki, peşəkar qatillər ona həsəd apara bilərdi. Amma o bunu necə öyrənmişdi, bu onun sirri idi. Ən peşəkar qatillər kimi, istəyini həyata keçirəcəyi yeri də dəqiqliklə seçmişdi.
   
   
   
   Bura döngə idi və keçən maşın mütləq sürətini azaltmalıydı. Həm də bu döngəyə burulan maşınlar bir-iki dəqiqəlik gözdən qaçırdı. Yolun sağ tərəfi daşlıq-qayalıq idi, bəzən, xüsusi ilə də yağışlar yağanda bu daşlar yola dağılardı, hətta yolu kəsərdi, sol tərəf isə meşəlik idi, bir az aşağıda isə dağ çayı axırdı. Polkovniki vurmaq üçün burdan əlverişli yer ola bilməzdi.
   
   Çaya çatanda atdan yendi, atı bir ağaca bağladı və çayı keçib qalxdı yolun kənarına. Elə bir yer seçdi ki, burdan döngədən çıxan maşın yaxşı görünürdü.
   
   Saatına baxdı, Polkovnikin gəlib-keçməsinə çox az qalırdı.
   
   Yolun sağ tərəfindəki qayalıqdakı daşı-kəsəyi yola diyirlədi, yolu təmizləmək üçün maşın mütləq dayanmalıydı.
   
   Sonra iri gövdəli bir palıdın arxasında yerini rahatladı.
   
   
   
   ***
   
   - Olar?
   
   Prokuror nəzərlərini əlindəki qəzetdən ayırdı və eynəyini çıxarıb qapının ağzında dayanmış Müstəntiqə baxdı və qəzeti stolun üstə tulladı:
   
   - Buyurun. Bu qəzetlər də lap ağını çıxarıb, ituşaqları ağızlarına gələni yazırlar, bir balaca gözünü ağardırsan, Avropa tumanını keçirir başına! Otur, de görüm işi bitirdinmi?
   
   Müstəntiq ataların nəsihətini eştiməyib it hürən tərəfə deyil, işıq gələn tərəfə üz tutanda onu nə gözlədiyini çox yaxşı bilirdi və hər şeyi də gözünün altına almışdı. Hələ işıq gələn tərəfə xeyli qalmış divlərin səs-küyü, hənirtiləri nəinki eşidilirdi, artıq qulaqlarını deşməyə başlamışdı. O uşaq deyildi və divlərə gücü çatmayacağını, onların əlindən işığı ala bilməyəcəyini də başa düşürdü. Amma geri dönməyəcəkdi. Nə rütbə, nə də vəzifə o uşaqların qanından qiymətli deyildi. O uşaqlar kimi onun da balaları vardı, bu gün-sabah əsgər olacaqdılar, yox, bu qandan keçməyəcəkdi.
   
   İndi divlərdən birinin qarşısındaydı.
   
   Özünü toparladı və prokurora necə baxdısa - adətən Əmir Teymur sabah asdıracağı adamlara belə baxırdı və həmin adamlar da bu baxışların altında bircə dəfə udqunardılar, damarlarında qan donardı və əslində bundan sonra heç onları asmaq da lazım deyildig
   
   ... Nə o Əmir Teymur idi, nə də prokuror sabah asılacaq adam - prokuror bu baxışlara tablamadı udqundu və başladı stolun gözündə nə isə axtarmağa.
   
   - Bitirdim! - dedi və oturdu. Gətirdiyi qovluqları qoydu stolun üstə, sonra həmin qovluqların birini açıb ittihamnaməni qoydu prokurorun qarşısına.
   
   Prokuror yenidən eynəyini taxdı və başladı ittihamnaməni vərəqləməyə. Vərəqlədikcə bir dəfə yox, bir neçə dəfə udqundu, su süzüb içdi, qalstukunu boşaltdı, yenə oxumağa başladı, amma axıracan oxumadı, hirslə bir kənara itələdi və qalxdı ayağa:
   
   - Bu nədi?
   
   Müstəntiq çox soyuqqanlıqla:
   
   - Oxumadınız?
   
   Prokuror az qala bağırdı:
   
   - Sən prokurorluğu barmağına dolamısan! Paqonunu sökdürərəm.
   
   - Qışqırmayın! Qarşınızda oturan uşaq deyil, mühüm işlər müstəntiqdi. Ya bu işi qəbul edəcəksiz, ya da mənim istefa ərizəmi. Paqonumu da sökdürməyə ehtiyac yoxdu, - dedi Müstəntiq; - işi qəbul etməsəniz özüm qoparıb bağışlayacam sizə, ulduzları söküb öz paqonunuza taxarsız. İstefa ərizəmi cırmağı da ağlınıza gətirməyin, qeydiyyatdan keçirmişəm və bir surətini də rəhbərliyə ünvanlamışam. Mənim balalarım var, heç balalarım olmasa da, başımın üstə Allahım var. Mən o uşaqların qanını batıra bilmərəm. Ya Polkovnikin həbsinə icazə verəcəksiz, ya da mən qan batırıb vəzifə alacağıma, sizin buyurduğunuz kimi gedib bazarda kartof, göy-göyərti sataram. Mən nə igid deyiləm, nə də vicdanı təmiz. Amma əclaf da deyiləm. Mən işi tamamlamışam, o Polkovnik həbs olunmalıdı. Qalır sizin onun həbsi ilə əlaqədar təqdimata imza atmağınız. Bilirəm ki, o təqdimata imza atmağa nə cəsarətiniz, nə də kişiliyiniz çatar. Ondan da xəbərim var ki, işi məndən alıb başqa bir müstəntiqə verilməsi ilə bağlı əmr hazırlamısız. Eybi yox, bir gün bir oğul çıxar və bu işi yenidən arxivdən çıxarar, onda o Polkovniki də, sizi də...- dedi və qalxdı ayağa, yenə Əmir Teymur sabah asdıracağı adama baxdığı kimi prokurora baxdı: - Mən getdim. -və getdi qapıya.
   
   Prokuror eynəyini çırpdı döşəməyə:
   
   - Qayıt geri!
   
   Müstəntiq əlini yellədi.
   
   Prokuror:
   
   - Mən sənə əmr eləyirəm!
   
   Müstəntiq bu dəfə əlini yelləmədi, döndü arxaya, baş barmağını iki barmağının arasından çıxarıb:
   
   - Ala! - dedi və otaqdan çıxdı.
   
   
   
   ***
   
   Yenə divardan asılmış tüfəngi götürdü, əsgi ilə möhkəm-möhkəm sildi, sonra lüləsini açıb patronu çıxartdı, atası kimi o da bir gözünü qıyıb lülənin boşluğundan nişan alırmış kimi baxdı, sonra əsgini şişə dolayıb neçə ildi barıt tüstüsü görməyən lülənin içini yaxşı-yaxşı təmizlədi. Təmizləyəndən sonra yenə bir gözünü qıyıb lülədən qarşıya baxdı. Bayaq çıxartdığı patronu da möhkəm-möhkəm sildi və qoydu lüləyə bağladı, lülə necə şaqqıltı ilə bağlandısa, bu şaqqıltıdan diksindi və tez qapıya baxdı ki, gələn-görən olmadı ki. Toxdadı, nə gələn vardı, nə görən...
   
   
   
   (ardı növbəti şənbə sayımızda)

TƏQVİM / ARXİV