adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Fevral 2020 11:51
20572
SİYASƏT
A- A+

Tural Gəncəliyev Xankədlilərə təşəkkür etdi: “Çalışacağıq ki, onları məmnun edək”

Mərkəzi Seçki Komissiyası Tural Gəncəliyevi 122 saylı Xankəndi Seçki Dairəsindən 56.7 % səs çoxluğu ilə qalib elan edib.

Deputatlıq təsdiqləndikdən sonra Tural Gəncəliyev hansı işləri görmək niyyətindədir? Seçiləcəyinə inamlı idi?

Bu barədə qalib kimi ilk olaraq Modern.az-a danışan Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının sədri və 122 saylı Xankəndi Seçki Dairəsindən qalib namizəd Tural Gəncəliyev seçki kampaniyası müddətində insanların inam və etibarını gördüyünü desə də son anadək nəticələrin açıqlanacağını gözlədiyini bildirib:

"Öncə Xankəndi sakinlərinə böyük təşəkkürümü və minnətdarlığımı çatdırıram. Seçkinin nəticəsi Xankəndi camaatının etimadını görməyimizə səbəb oldu. Bundan sonra Xankəndi sakinlərinin bütün problemləri, qayğılarına diqqət yetirib, səslərinin ölkəmizdə və bütün beynəlxalq təşkilatların platformalarda yüksəkdən səsləndirilməsi üçün bütün enerji və qüvvəmizi səfərbər edəcəyik. Öz torpaqlarımıza geri qayıdanadək mübarizə aparıb susmayacayıq və əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, Xankəndi sakinlərini, Qarabağ İcmasının üzvlərini məmnun edək. Seçki kampaniyası ərzində insanların rəğbəti və xoş münasibəti seçiləcəyimə inam hissi yaradırdı. Amma son anadək yenə də rəsmi nəticələrin açıqlanmasını gözlədim”.

Tural Gəncəliyevin qısa bioqrafiyasını təqdim edirik:

Tural Babaşah oğlu Gəncəliyev, 6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə isə eyni fakültənin magistraturasını fərqlənmə diplomu ilə bitirib. 5 avqust 2004-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin referenti vəzifəsinə, 2006-cı ilin 16 yanvar tarixində həmin idarənin attaşesi, 2008-ci ilin 1 may tarixində üçüncü katibi vəzifəsinə təyin edilib.2008-ci ilin dekabr ayında Azərbaycanın Kanadadakı səfirliyinə ezam edilib.

Səfirlikdə uzunmüddətli ezamiyyət müddəti bitdikdən sonra, 25 yanvar 2013-cü il tarixində Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin Şimali və Mərkəzi Amerika şöbəsinə təyin edilib. 8 aprel 2014-cü il tarixində birinci katib vəzifəsini alıb.

2014-cü ilin 1 oktyabr tarixindən etibarən Azərbaycanın Çex Respublikasındakı səfirliyinə birinci katib vəzifəsinə təyin edilib.

2017-ci ilin 16 noyabr tarixində ATƏT-in İnsan ölçüsü çərçivəsində "İnsan hüquqları və məcburi köçkünlər haqqında” Vyana şəhərində keçirilən konfransda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təmsilçisi qismində çıxış etmək üçün Avstriyaya ezam edilib.2018-ci ilin 1 oktyabr tarixindən etibarən Çexiyada uzunmüddətli ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə geri çağırılıb.

Xarici İşlər Nazirliyində işlədiyi müddət ərzində bir sıra diplomatik kurslar və seminarlarda iştirak etmək məqsədilə xarici ölkələrə ezam edilib. (Almaniya, Bolqarıstan, Misir və s.) 2018-ci il 20 dekabr Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının tarixində keçirilmiş qurultayının qərarı ilə icmanın sədri seçilib.

İngilis, fransız və rus dillərini bilir. Ailəlidir.