adalet.az header logo
  • Bakı 7°C
11 Fevral 2021 09:59
205190
GÜNDƏM
A- A+

Şəhid Bəhruz Zeynalov: Dənizin və göylərin fatehi

-Ay ana, gedib şadlıq sarayını danışdınız?

-Hə, qızım!Həm də şəhərin ən möhtəşəm şadlıq sarayını! Böyük, geniş.. axı Bəhruzun dostları çoxdu… Hamısı gələcək!

-Yəqin toy gününü də dəqiqləşdirmisiniz?

-Hə, qız evi ilə də razılaş, ayın 21- toydu.

-Ana, qardaşım bəylik kostyumunu gedib alıbmı?

-Yox, deyir ki, sınaq uçuşlarımız var, gedim başa vurum, gəlib alarıq… Amma dünən nişanlısı ilə gedib gəlinlik paltarını sifariş veriblər.

- Toy xonçalarını gəlib özüm hazırlayacam. Gəlinə aldığımız geyimləri, qızıl ziynət əşyalarını ağ, güllü bir xonçaya qoyarıq. Şirniyyatları daha böyük, qırmızı xonçalara yığarıq. Gərək qaqaşımın toyu hamının toyundan seçilə, dillə deyilə…axı o leytenantdı, pilotdu, hərbçidi, fəxrimizdi, igidimizdi. Mənim qaqamdan yoxdu… vallah…

Ana gülümsəyir: Vallah mənim qardaşımda hərbçidi mə heç sən qədər "forslanmırdım”.

Yenə gülümsəyir, gözlərində bir sevinc sezilir. Telefon qulağında ötəri güzgüyə baxır, təəccüb edir, o "forsu” özündə də hiss edir. Nə yaman şirin hissdi, oğul anası olmaq, hərbci anası olmaq, pilot anası olmaq, nəhayət Bəhruzun anası olmaq! Gözü oğlunun divardan asılmış şəklinə sataşır, xəyala dalır: Evdə Bəhruza qulluq edəndə həmişə 3 dəfə deyirdi: "Sağ ol, ana... Sağ ol, sağ ol”. Deyirdim, Bəhruz, niyə sən hamıdan fərqli sağ ol deyirsən? O da cavabında "Axı sən hərbçi anasısan. Sən mənim generalımsan. Biz generallara sağol, sağol, sağol deyirik. Bəhruzum elə körpəlikdən özünü hərbiçi kimi aparıb. Onu başqa peşədə görmək ağlıma da gəlmirdi. Heç kimin ağlına gəlməzdi. Qəribəliklərlə dolu idi. Qarşısındakından qüvvətli olsa da, ona heç vaxt qələbə çalmazdı. Zəiflərə gücünü göstərmirdi. Bax mənim balamın əqidəsi belədi. Hələ 4 yaşı vardı. Dayısı, atası və qardaşı Elgizlə hərbi hissəyə gediblərmiş. Atası ilə Elgiz adi yerişlə yeriyir. 4 yaşlı Bəhruzum isə generala hərbi salam verərək keçib, hərbçi addımları ilə irəliləyib. Onda general-leytenant Yaşar Aydəmirov ona yaxınlaşıb və deyib ki, sən mütləq hərbçi olmalısan. Papağını çıxarıb, Bəhruzun başına qoyub. Sonradan Bəhruz "andiçmə”sində Aydəmirovla şəkil də çəkdirmişdi. Oğluma düzgün yol göstərirdi. Əsl hərbçi kimi yetişirdi oğlum. Bilmirəm müharibə vaxtı hərbi hissədə həkim olan,elə onda ağır yaralanan atası Novruzamı , yoxsa hərbçi qardaşım Rahibəmi çəkdi, bu? Gözünü bu dünyaya açar-açmaz yurdsuz-yuvasız qaldıq. Pərən-pərən düşdük, yataqxanalarda böyütdüm balamı , əziyyətlərin-kasıbçılığın içində yaşadı. Nə vaxt yolda yaşlı dilənçilər görürdü, özünə gələ bilmirdi. Dünyanı anlayar-anlamaz evdə vətən sözü eşitdi, torpaq həsrəti duydu. Balam çox vətənpərvərdi. Ramil Səfərovun azadlığa çıxmağı üçün dualar edirdi. Mən deyirdim, inanmıram ki, Ramil qayıtsın. Deyirdi, ümidinizi üzməyin, dualar edin. Ramil Azərbaycana gələndə sevindiyindən ağladı. "Bəlkə də, Allah mənim dualarımı eşitdi” - deyirdi. Ramillə çox fəxr edirdi. Telefonuna Mübariz, Ramil və Fəridin şəkilini qoymuşdu. Yaman dostcanlıdı balam… Bir dəfə onun 7 yaşını qeyd edirdik. Bir də gördük ki, qapı döyüldü, yaşlı kişilər gəldi. Bəhruza oyuncaq təyyarə almışdılar. Gələnlər arasında polis rəisi, çörək sexinin müdiri də var idi. Onlar soruşanda ki, Bəhruz bu evdə yaşayır? Hamımız təəccübləndik və narahat olduq. Sən demə, bunlar evimizin yanına tez-tez gəlirlərmiş. Bəhruz onlarla dostlaşıb.(Gülümsünür)

 

Axır vaxtı toylarda çox oynayır, gərək toyu tez eləyim, öz toyunda da oynasın. Şükür Xudaya, balama şükür, pilot balama!

 

Birdən xəyallarından ayrıldı. Yadına düşdü ki, telefonun o başında bacı şirin-şirin qardaşının toyu üçün hazırlıqlarından,”planlar”ından nəfəs dərmədən danışır . "Bilsə ki, onu dinləmirəm küsəcək”-deyə gülümsədi.

-Ay ana, Bəhruzun toyunda gərək təzə paltar alam. Axı bəy bacısıyam.

-Yaxşı qızım arada gələrsən, ətraflı danışarıq…

Tamam ana qızı Günayla söhbəti bitirib, evə səliqə- səhman vermək istədi. Nə illah elədisə, əli işə yatmadı. Qəlbinə dərin bir kədər çökdü. Səbəbini anlamasa da, ürəyi çırpındı. Bu an sanki kürəyinin arasından buz kimi bir ilan sürüşüb keçdi. Bütün vücudu titrədi . Saçıları tikan-tikan oldu. "Qəflətən mənə nə oldu”-deyə fikrini yayındırmağa çalışdı. Televizora tərəf getdi. Ekran açıldı. Nədənsə, orda da hüznlü bir musiqi çalınırdı. Ağır, tükürpədici… özünü zorla kətilin üstünə yıxdı. Həyəcanı getdikcə artırdı. Anlamsız baxışlarını ekrana zillədi. Musiqi kəsildi. Diktor uzun –uzadı nəsə danışırdı. Ana nə qədər çalışdısa heç nə anlaya bilmədi. Bircə sözü eşitdi… Bəhruz, dəniz, qəza…Huşunu itirib yerə yıxıldı.

Diktor isə danışırdı: "Bu gün- 2013-cü il fevralın 11-i saat 10:30-da HHQ-yə məxsus helikopter radarlardan itərək Şıxov çimərliyi istiqamətində qəzaya uğrayıb. Məlumatda deyilir ki, "Mİ-17" markalı helikopter Azərbaycan ordusunun ambulans helikopteri olub. Helikopter Bakıdan Kürdəmirə xəstə əsgərləri gətirmək üçün uçurmuş.

 
Qəzadan dərhal sonra ölən şəxslərin axtarışına başlanıb. Bu məqsədlə Hərbi Dəniz Qüvvələri və FHN-in gəmi və katerləri, helikopterlər cəlb olunub. Axtarışa 6 gəmi cəlb edilib. Rəsmi açıqlamaya görə, Xəzərə düşən "Mİ-17"-də 3 nəfər olub. Onlar helikopteri idarə edən zabitlər - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğludur. Axtarış tədbirləri nəticəsində Rüstəm Rüstəmov və Bəhruz Zeynalovun meyiti sudan çıxarılıb. Saat 15-də helikopter dənizin dibindən çıxarılıb. Qəzada ölən leytenant Bəhruz Zeynalovun fevralın 21-də toyu olacaqmış”.

Qeyd edək ki, Bəhruz Zeynalov 9 may1989-cu ildə Ağdam rayonunda anadan olub.24 yaşında şəhidlik zirvəsinə ucalıb. Ehtiramla yad edirik!

Əntiqə Rəşid