adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
06 Fevral 2020 16:13
27483
İQTİSADİYYAT
A- A+

Ötən il “Şahdəniz”dən 16,8 milyard kubmetr təbii qaz çıxarılıb

2019-cu ildə "Şahdəniz” yatağından - "Şahdəniz Alfa” və "Şahdəniz Bravo” platformalarından birgə 16,8 milyard standart kubmetr qaz və təqribən 3,5 milyon ton (28,6 milyon barrel) kondensat hasil edilib.

Bu barədə Adalet.az-a "BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, mövcud "Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdən çoxdur. 2018-ci il iyulun sonunda "Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artmaqda davam edir.

İl ərzində "Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan ("GOGC” şirkətinə) və Türkiyə ("Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib.

Keçən il "Şahdəniz” üzrə fəaliyyətlərə 544 milyon dollaradək əməliyyat və 1,1 milyard dollar əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2” layihəsinə aid olub.

"Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), "AzŞD” (10 faiz), "SGC Upstream” (6,7 faiz), "Petronas” (15,5 faiz), "LUKoil” (10 faiz), "NICO” (10 faiz) və "TPAO” (19 faiz).