adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Fevral 2020 11:22
34307
SİYASƏT
A- A+

Vəsimə Qarayeva İmişlinin ayrı-ayrı kəndlərində seçiciləri ilə görüşüb - Fotolar

80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Qarayeva Vəsimə İsmayıl qızı seçicilərlə görüşlərinə yanvarın 23-də başladı.

Marşrutun əvvəlində İmişli rayonundan bu Dairəyə aid olunmuş yaşayış məntəqələri vardı. İlk gündə Qaragüvəndikli kəndi, Bəhramtəpə qəsəbəsi, Şahverdili, Göbəktala kəndləri üzrə seçicilərlə bu məqsəd üçün təyin olunmuş yerlərdə sıra ilə görüşlər oldu.

Yanvarın 24-də seçicilərlə görüşlər rayonun Boşçallar kəndi, Sarıxanlı və Buludlu kəndləri (bir yerdə), Cavadxanlı, Qaralar kəndlərində davam etdirildi. Bu kəndlər üzrə də seçicilərlə görüşlər bu məqsəd üçün təyin olunmuş yerlərdə keçirildi.



Yanvarın 25-də görüşlər İmişli rayonundan bu Dairəyə aid olunmuş Bəcirvan və Ağcüyür, Qaravəlili və Mirilər, Məmmədli, Telişli, Əliyetməzli kəndləri, Allahmədətli qəsəbəsində davam etdi, yanvarın 26-da isə Muradxanlı, Əliqulular, Cəfərli, Oruclu, Ağaməmmədli, Ağamalılar kəndlərində yekunlaşdı. Vəsimə Qarayeva İmişli rayonundan 80 saylı Dairəyə aid edilmiş bütün yaşayış məntəqələrinə baş çəkməyə, insanlarla bilavasitə təmasda olmağa çalışdığı hiss olunurdu.

İmişli kəndlərindəki bütün bu görüşlərdə bir qayda olaraq əvvəlcə özü və yaradıcılıq fəaliyyəti haqqında məlumat verir, nə üçün 80 saylı Dairəni seçdiyinin, nə üçün onlara güvəndiyinin səbəbini izah edir, seçki platformasının ayrı-ayrı bəndləri üzərində dayanırdı. Hər yerdə söhbətlər alınır, səmimi dialoq şəraiti yaranırdı. Qarayeva sözünü deyir, deyilənləri diqqətlə dinləyir, sualları cavablandırırdı. İmkan düşdükcə ilk növbədə şəhid ailələrinə baş çəkir, onlara mənəvi dəstək olur, yaşayış şəraitləri, bir problemlərinin olub-olmadığı ilə maraqlanırdı.



Bütün bu görüşlərdə söhbətlər yerli insanların üzləşdikləri çətinliklər, həllini gözlədikləri ümumi problemlər ətrafında cərəyan edirdi. Yol, aqrar kreditlər, uşaq bağçası, təmirə ehtiyacı olan məktəblər, bələdiyyə torpaqlarından əlverişli şərtlərlə istifadə, həkim çatışmazlığı...

Sarıxanlı və Buludlu kəndlərinin sakinləri ilə görüşdə aqrar sahədəki problemlər daha konkret ifadə olundu: bələdiyyələrə maliyyə yardımı və bələdiyyələrin müstəqilliyi, emal müəssisələrinin yaradılmasına dəstək, pambıqçılıqda növbəli əkin sahəsinə diqqət, qoyunçuluq təsərrüfatının inkişafı və yun emalı müəssisələrinin yaradılması, inhisarçılıqla mübarizə, əhaliyə verilən mal-qaranın qiymətlərinin baha olması...



Daha yaxşı yaşamaq istəyən, buna haqqı olan sadə insanı düşündürən bu kimi məsələlərdir. Bölgəyə yaxşı bələd olduğu hiss edilən deputatlığa namizədin seçki platformasında bu kimi məsələlərə böyük diqqət ayıracağı vədi yer alır.

Görüşlərə toplaşanlar Qarayevanın köməkçiləri tərəfindən təqdim olunan təbliğat və təşviqat materiallarını həvəslə qəbul edirdilər. Onun səmimiyyətinə inandıqları üzlərindən oxunurdu. Bu materiallardan əlavə onlara müəllifi olduğu "Beyləqan” ensiklopedik toplusu da hədiyyə edilirdi. Onun bu diyara, onun əməksevər, dəyərli insanlarına ehtiramımın ifadəsi olan intellektual zəhməti yerli ziyalılar tərəfindən razılıqla qarşılanırdı.