Avtobusda soğanlı dönər yeyən qız - Ulucay Akif yazır

ULUCAY AKİF
38227 | 2020-02-05 09:04
Bugün avtobusla işə gedirdim (şəxsi maşınım var, amma xalq arasında olmağı sevirəm).

Avtobusa bir gənc xanım da mindi, əlində dönər.

İlahi, bəlkə bunu təsvir edə bilməyəcəm, amma təkcə onu bilirəm ki, çox iyrənc mənzərə idi. Xanım basa-bas avtobusda heç çəkinmədən paketdən dönəri çıxarıb böyük dişləklərlə yeməyə başladı.

Səhər-səhər adam qoxulara qarşı daha həssas olur axı. O an bütün dünyanın dönərdən, dönər qoxusundan ibarət olduğunu düşünməyə başladım. Həm də soğanlı və bol mayonezli dönər.

Düşündüm ki, yəqin aclıqdan ürəyi üzülüb, avtobusda bütöv bir dönəri yeməz, bir dişlək alıb qoyar çantasına, amma yox...

Xanım dönər yeməyə xüsusi bir ritual kimi hazırlaşdığı açıq-aşkar görünürdü. Nəinki avtobusla, bütün dünya ilə əlaqəsi kəsilmişdi. Onun üçün bütün dünya həmin soğanlı və bol mayonezli dönərdən ibarət idi.

İstədim hələ gec deyilkən soruşum ki, ay xanım, o dönəri saxlayıb çatacağınız yerdə yesəniz olmaz? Sonra qorxdum ki, o aclığın gətirdiyi əsəblə məni də dönərin içinə salıb yeyə.

*

Ümumiyyətlə, cinsiyyətindən asılı olmayaraq insanların küçədə, ictimai nəqliyyat vasitələrində nəsə yeməyi məni həmişə qıcıqlandırıb. Yenə yüngülvari nəsə olsa, məsələn, şirniyyat, "bulki", kəskin qoxusu olmayan bir şey, dərd yarı.

Amma ta soğanlı və bol mayonezli dönər yox da...

Bunu edən xanım olanda, adamda daha çox ikrah hissi yaradır.

Həmişə düşünmüşəm ki, küçədə, ya hansısa ictimai yerdə dönər yeyən qız sevgili ola bilməz. Yaxşı ana olar, xala olar, bibi olar, amma sevgili ola bilməz.

Axı aclığını bir az saxlayıb yeməyini daha uyğun yerdə yemək beləmi çətindi?

Bu mövzuda yazı yazmağıma gülməli baxa bilərsiniz, amma siz bu səhər mənimlə eyni avtobusda olsaydınız və o bol mayonezli, soğanlı dönərin qoxusu sizin burun deşiklərinizdən daxil olaraq beyninizi deşsəydi, siz də belə hiddətlənərdiniz.


Elə xanıma "Ayran da alardınız da, xanım" demək istədiyim məqamda qız çantasından ayran çıxardı. Ayranı çalxalayaraq dönərindən növbəti iri dişləyi alan xanımın dişlərinin arasındakı göyərtini də gördüm. İlahi, niyə?! Mən bu mənzərəni görmək üçün nə günah eləmişdim axı?!

Tez ilk dayanacaqda avtobusdan düşmək üçün qapıya yaxınlaşdım. Dönər yeyən qızla göz-gözə gələndə ürəyimdə qalmasın deyə "Nuş olsun! Acı bibər də götürərdiniz də! Bibərlə əla gedir" dedim.

Xanım "acı sevmirəm" deyərək dönərini gəmirməyə davam elədi.

Bütün ağrılarımı və acılarımı da götürüb avtobusdan düşdüm

TƏQVİM / ARXİV