adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Fevral 2020 09:29
87042
MƏDƏNİYYƏT
A- A+

Qara Qarayev - 102

5 fevral "Yeddi gözəl", "İldırımlı yollarla" baletləri, "Don Kixot", "Alban rapsodiyası" simfonik qravürləri, "Leyli və Məcnun" simfonik poeması ilə dünya musiqi xəzinəsinə incilər bəxş edən görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin doğum günüdür.

Adalet.az xəbər verir ki, XX əsrin bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyətlərdən biri, pedaqoq, SSRİ Xalq artisti Qara Əbülfəz oğlu Qarayev 1918-ci ildə Bakıda məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olub. Ata tərəfi Abşeronun Fatmayi kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindəndir.

1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib, Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və Azərbaycan xalq musiqisinin əsasları siniflərinin, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin tələbəsi olub. 1941–ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində işləyib.

1946–cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlayıb, elə həmin il Cövdət Hacıyevlə birlikdə yazdığı "Vətən" operasına görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilib və "Əməkdə igidliyinə görə" medalı ilə mükafatlandırılıb, "Leyli və Məcnun" simfonik poemasına görə Dövlət mükafatı laureatı olub. Q.Qarayevin 1953–cü ildə Leninqrad Dövlət Kiçik ("Malıy") opera teatrında "Yeddi gözəl" baletinin ilk tamaşası qoyulub. 1967-ci ildə "İldırımlı yollarla" baletinə görə Lenin mükafatı və Lenin ordeni ilə təltif edilib. 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir sıra yüksək dərəcəlı SSRİ orden və medallarına layiq görülüb.

Qara Qarayev 1982–ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişib və Bakıda dəfn olunub.

Əntiqə Rəşid