adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Fevral 2020 09:44
57251
MƏMLƏKƏT
A- A+

Alimlərin məsləhətindən imtina - Bazardan reportaj

Hazırda yeni bir xəstəlik dünyanı SOS siqnalı çalmağa məcbur edib. Qorxunc xəstəliyin obyekti isə immuniteti zəif olan insanlardı. "Koronovirus” belə insanları az bir zamanda öz təsir dairəsinə salıb məhv edir. Ümumiyyətlə, istər yeni yayılmış "koronavirus” , istərsə də, digər xəstəliklərin yayılması insanların təbii qidalarla qidalanmamasından irəli gəldiyini beynəlxalq tibb aləmi çoxdan təsdiq edib. Eyni zamanda tövsiyyə olunur ki, hər bir insan gündəlik 400 qram (5 porsiya), yəni, həftə ərzində 5-7 kiloqram meyvə və tərəvəz qəbul etməlidir. Bəs, bizim vətəndaşlar, təbii qidaları, xüsusən meyvə və tərəvəzləri vaxtlı-vaxtında rasionlarına əlavə edə bilirlərmi?

Əvvəl vətəndaşlar arasında sorğu keçirmək qərarına gəldik. Sorğumuzun nəticələrindən belə məlum oldu ki, soydaşlarımız alimlərin məsləhətinə nəinki əməl etmir, hətta simalarında acı bir təbəssümdə görünür. Cünki onların bir çoxu günəmuzd işlərdə çalışdıqları üçün aldıqları pulu yalnız gündəlik tələbat mallarına (ət, yağ, düyü, vermeşil, pendir, şəkər tozu, qənd, kartof, soğan, yumurta və s. ) xərclədiklərini, digərləri isə maaşın az olduğunu deyərək, əsas ərzaq, geyim və digər qayğılarını güclə yoluna qoya bildiklərini söylədilər. Yaşlı insanlar isə pensiyalarının ancaq dərmana, iynəyə, həkimlərin tapşırığı olan pəhriz yeməklərinə , o cümlədən balıq, toyuq və digər ərzaq məhsullarına zorla çatdığını kədərlə söylədilər. Fərhad adlı bir vətəndaş isə gülərək, marşrutun-metronun qiyməti 30, yumurtanın 1 ədədinin 15 qəpik, mal ətinin kilosunun 9 manat olduğu gündən meyvəyə "tövbə” dediyini, pul vermədiyini söylədi. "Bəs, immun sisteminizi hansı üsulla gücləndirirsiniz? Xəstəliklərdən necə yaxa qurtarırsınız?”-sualımıza "Vitamin iynəsi meyvədən ucuz başa gəlir”-deyib uzaqlaşdı. Sərfinaz adlı xanım isə bildirdi ki, ötən il bu vaxtlarda da meyvə baha idi:” Ümidimizi yaza-yaya bağladıq. Dedik, inşallah bu fəsillərdə bolluca meyvə dadarıq. İyun ayında alcanın 1 kiloqramı 3 manataydı. Gilas 2.5-5 manat arası dəyişdi, ərik oldu 6 manat, gilənar (vişnə) 2.5, alma 2 yaxud 5 manata satıldı. İndi, ay başına dönüm, de görüm, bu qiymətlə meyvə alıb yemək olarmı, mürəbbə bişirmək mümkündürmü?”



Bəs, bazarda durum necədir?

Maraqlıdır, bazarda meyvələrin qiyməti nə qədərdir ki, əhali onu almağa çətinlik cəkir? Bunu öyrənmək üçün üz tutduq "Kəndimiz” kənd təsərrüfatı məhsullarının satışı bazarına. (Bakı şəhəri, 20 yanvar dairəsinin yaxınlığı) Səhər saatları olduğu üçün (təxminən saat 12 radələri) bazarda elə də çox alıcı gözə dəymirdi. Orada olduğumuz zaman müşahidə etdik ki, piştaxtaya yaxınlaşıb meyvə almaq istəyən alıcılar da qiymətlərdən şikayətlənib, geri çəkilir.


Malların üzərindəki kilo hesabı ilə qiymətlərlə maraqlanırıq: Qaralmış və köhnəlmiş naringilər 1,20, nisbətən təzə və sağlam naringilər 2 manata alıcılara təklif olunur. Kivilər 2, apelsin 2, "siqanka” növ alma 2, "smirinka” 1,30, sarı 1,50, yenə də köhnəlmiş-xarab olmuş cır almalar 70 qəpikdən 1, 20 qəpik arasında dəyişən qiymətə, Göycay narı 2-2,50, armud 1.50-2, heyva 1, (2ədədi), banan 2,30 -2,50 və sair qiymətlərə satılır.


Meyvə-tərəvəz satıcısı Rasim meyvələrin qiymətlərini diqqətlə nəzərdən keçirdiyimizi anlayıb bizə yaxınlaşdı: "Almanın kilosunu 2 manata satırsınız? Bu baha deyilmi?”-sualımıza qəribə məntiqlə cavab verdi:”Bacım, alıcının maaşı 1000-1500 manat olsa, 2 manatlıq alma ona baha görünməz. Sahibkarlar əkib-becərir, biz satırıq. Olan qiyməti budur”.









Adını deməyən qadın-satıcı isə alıcıların çox olduğunu söylədi:”Birdən elə adam gəlir ki, hər meyvədən alır. Hərəsindən 4-5 kilo... Hərdəndə "zəif” alıcılar olur, 2 yaxud 3 növ meyvə alır, yalnız hərəsindən bir kiloqram. Hamı eyni dərəcədə ala bilməz ki...”










Özünü Elbrus kimi təqdim edən quru meyvə satıcısı: məhsullarını xeyli tərifləyəndən, onların sağlamlıq üçün faydalarından danışandan sonra bu bazarın Bakı şəhərində ən ucuz bazar olduğunu iddia etdi. Amma hər çeşiddə, hər növdə olan quru meyvələrin satışının elə də ürək açan olmadığını dilə gətirdi.

Saat artıq 14:00-dı. Alıcıların sayında azacıq artım var. Amma bayaqkı kimi, qiymətlərə baxırlar, endirim olub-olmayacağını soruşurlar və pıştaxtalardan uzaqlaşırlar...

Bir sözlə, müşahidələrimiz onu göstərir ki, beynəlxalq tibb aləminin tövsiyyəsi Azərbaycan vətəndaşları üçün hələlik havadan asılı qalan bir məsələ olacaq.




Hətta Novruz bayramı yaxınlaşanacan qiymətlər bir neçə dəfə qalxacaq. Novruz bayramında isə qiymətlər, necə deyərlər, "ceyran belinə” çıxacaq. Hər il olduğu kimi...


Əntiqə Rəşid

Adalet .az