adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Yanvar 2020 15:28
93701
MƏDƏNİYYƏT
A- A+

Teatr bir məktəbdir - Adilə Səfərova yazır

Qədim mədəniyyət beşiyi olan Naxçıvanda fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı öz missiyasını uğurla, inamla davam etdirir. Muxtar respublikada iqtisadi, soial-mədəni inkişafın vüsətindən, hərtərfli dövlət qayğısından bəhrələnən bu mədəniyyət ocağının yaradıcı kollektivi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Ədəbi-bədii, tarixi məzmun dəyəri yüksək olan əsərlərə səhnə həyatı verərək repertuarını daim yeniləşdirir, zənginləşdirirlər. Dövrün, zamanın nəbzinə, günün aktuallığına işıq salan, bədii dəyəri yüksək olan səhnə təcəssümünün nəticəsidir ki, teatrın tamaşa salonu daim qələbəliklə müşayiət olunur. Səhnə həyatı verilən hər tamaşa rəğbətlə qarşılanır.

Bu sənət ocağının 137-ci teatr mövsümü də yaddaqalan mədəni hadisəyə çevrilmişdir desək yanılmarıq. Təkcə klassik və müasir əsərlərə deyil, Naxçıvanın dünənini və bu gününü tərənnüm edən pyeslərə də müraciət edən teatr kollektivi ənənəsinə sadiq qalaraq yeni mövsümü tariximizin ən faciəli bir dönəmini canlandıran "I Ehsanxan Kəngərli” tamaşası ilə açmışdır. Və bu tamaşa teatrın önəmli uğurlarından biri kimi təqdir olunasıdır.

Bu tamaşa, eləcə də bu böyük mədəniyyət müəssisəsinin uğurlu fəaliyyəti barədə söz açmazdan əvvəl Naxçıvanda bu sahənin tarixinə, dünyəvi teatrın təşəkkül tapmasına, keçdiyi yola qısa nəzər salmaq da yerinə düşər. Belə ki, ölkəmizdə olduğu kimi Naxçıvanda da teatrın yaranması XIX əsrin 80-ci illərinə təsadüf edir. Bu həmin dövr idi ki, milli şüurun oyanışı, azadlıq ideyalarının yüksəlməsi, anadilli mətbuatın, mədəniyyətin inkişafı məhz həmin illərdə başlanmışdır. Həmin dövrün səciyyəsini Azərbaycan mədəniyyətinin inkişafının və çiçəklməsinin himayədarı olan ümummilli liderimiz Heydər Əliyev daha dolğun ifadə etmişdir: "XX əsrdə bizim qazandığımız uğurların, o cümlədən, müstəqil dövlət qurmaq əzminin köklərini uzaq və yaxın tariximizdə, xüsusilə XIX əsrdə formalaşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb tapmaq lazımdır. Azərbaycanda məhz belə bir dövrdə demokratik mətbuat, ana dilli məktəb, dünyəvi teatrı yaratmaq milli şüurun formalaşmasına güclü təkan verdi. Həmin dövrdə mədəniyyətin ən böyük nailiyyətlərindən biri də milli teatrın yaranmasıdır. 1873-cü ildə Həsən bəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə milli Azərbaycan teatrının əsasını qoydu. Bakıda azərbaycanlı tələbələrdən ibarət aktyor truppasının köməyi ilə Mirzə Fətəli Axundovun komediyaları səhnəyə qoyuldu. Bakı tamaşasından sonra 1883-cü ildə Naxçıvanda teatr həvəskarlarının köməyi ilə Mirzə Fətəli Axundovun komediyalarından tamaşalar verilmişdir”.

Naxçıvanda teatr da qədim xalq oyunlarından, kütləvi meydan tamaşalarından qaynaqlanaraq həmin illərdə yaradılıb. Dövrünün tanınmış ziyalılarından olan Eynəli bəy Sultanov əsasən müəllimlərdən ibarət kiçik truppa ilə Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah” komediyasını səhnələşdirib. Tamaşa Naxçıvan şəhərində mütərəqqi fikirli insan olan Hacı Nəcəf Zeynalovun Zaviyyə məhəlləsindəki evində göstərilib və uğurlu başlanğıc olub. Sonrakı illərdə böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə, M. Tağı Sidqi, B. Naxçıvanskinin, Ə. Qəmküsar və sair yazıçıların, dövrün ziyalılarının bilavasitə iştirakı, yardımı ilə müxtəlif tamaşalar səhnələşdirilib, nümayiş etdirilib. Qədim diyarda mədəniyyətin bu sahəsinin xalq teatrı kimi formalaşmasında, peşəkar səviyyəyə yüksəlməsində Hüseyn Ərəblinski, M. Əliyev, S. Ruhulla kimi böyük sənət korifeylərinin və digər sənətkarların məsləhətləri, dəstəyi, iştirakları mühüm rol oynamış, peşəkar dünyəvi teatr səviyyəsinə çatmışdır. Bunun nəticəsi olaraq 1922-ci ildə isə Naxçıvanda Dövlət Dram Teatrı yaradılmışdır.

Bu sənət məbədi sözün gerçək mənasında keşməkeşli, şərəfli bir inkişaf yolu keçmişdir. Görkəmli sənət fədailəri -İ. Musayev, S. Mövləvi, M. Mirişli, İ. Həmzəyev, Ə. Haqverdiyev, Z. Həmzəyeva, M. Qasımov və onlarla belə xalq artistlərinin əməyi, zəhməti sayəsində yeni-yeni istedadlı aktyorlar yetişdirilərək estafet köklü ənənələr üzərində davam etdirilmişdir.

Naxçıvan teatrı bu gün yeni bir inkişaf, yüksəliş mərhələsini yaşayır. Hərtərəfli dövlət qayğısı, yaradılan münbit şərait, yaradıcı insanlara istedadı, bacarığı, zəhməti müqabilində verilən qiymət teatr kollektivində böyük ruh yüksəkliyinə səbəb olur. Yeni uğurlar qazanılmasına stimul verir. Bunun nəticəsi kimi yaradıcı kollektivin müraciət etdiyi dram əsərləri aktual ideyaları ilə seçilir, hər yeni tamaşası yaddaqalan mədəni hadisəyə çevrilir. Müasir dönəmdə internet, sosial şəbəkə bolluğunda regionda teatra marağın azalmaması, cari mövsümdə göstərilən tamaşalara maraq dairəsi də bunu təsdiqləyir.

Bu sırada yazıçı-dramaturq Xaqani Əliyevin qələmə aldığı "I Ehsan xan Kəngərli” pyesini xalq artisti Kamran Quliyevin rejissor quruluşu yozumunda mükəmməl həllini tapdığı tamaşa xüsusi qeyd olunmağa layiqdir. Elmi məsləhətçisi akademik İsmayıl Hacıyev olan əsərin mövzu dairəsi, ədəbi-bədii, tarixi dəyəri də maraqlı və aktualdır. Tamaşada XIX əsrin ikinci onilliyində regionda cərəyan edən hadisələrə, Rus-İran müharibəsi gedişində siyasi-ictimai çətinliklər məngənəsində olan Naxçıvana işıq tutulur. Bu müharibədə xalqın başına gətirilən müsibətlər, erməni hiyləsi, məkrinin bəlaları, Naxçıvan əhalisinin Urmiya gölünün ətrafına köçürülüb, ermənilərin buraya yerləşdirilməsi siyasətinin qarşısının alınması, müharibənin nəticəsi olaraq Azərbaycanın parçalanmasının ağrıları istedadlı, peşəkar aktyorların canlandırmasında dolğun ifadə olunur. Xalq artisti Rza Xudiyevin ifasında o dövrdə Naxçıvan xanlığını idarə edən Ehsan xanın çevik siyasi, diplomatik manevrləri, taleyüklü məsələlərin həllində özünü təhlükəyə belə ataraq xalqı bəlalardan qoruması, azadlıq düşüncələri erməni hiylələrinin ifşa edilməsində qətiyyətli mövqeyi, müdrik, mübariz xarakteri, Vətənə sevgisi, xalqa sədaqəti ustalıqla tamaşaçıya çatdırılır.

A.Bakıxanovla, A. Qriboyedovla dialoqlarında onun müdrik, mütəffəkir düşüncəli, mərd, mübariz, humanist xalqını, Vətənini canından artıq sevən bir insan olması xalq artistinin ifasında tamaşaçıda rəğbət oyadır. Eyni fikri tarixi şəxsiyyətləri canlandıran xalq artisti R. Hüseynov (Kalbalı xan), əməkdar artist Bəhruz Haqverdiyev (Şıxəli bəy), Ə. Quliyev (Nəzərəli xan), Z. Məmmədova (Çimnaz xanım), S. Məmmədov (Qriboyedov) və sair aktyorlar haqqında da demək olar. Tamaşada bədii tərtibat (mərhum əməkdar mədəniyyət işçisi, rəssam Əbülfəz Axundov), musiqi tərtibatçısı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, bəstəkar İmamqulu Əhmədovun işi də əsərin ideyasının açılmasında mühüm rol oynayıb.

Bəli, "Ehsan xan Kəngərli” tamaşası Naxçıvan Dövlət Musiqili Dram Teatrının yeni mövsümdə növbəti uğuru kimi yadda qalan olub. O vaxt Naxçıvan xanlığını idarə edən Ehsan xanın geniş, siyasi manevrləri taleyüklü məsələlərin həllində özünü təhlükəyə belə ataraq xalqını bəlalardan qoruması, azadlıq düşüncələri, eləcə də erməni hiylə və məkrlərinin ifşa olunması yönündə qəti mövqeyi dolğunluğu ilə əks olunub.

Vaxtaşırı yeni əsərlərə müraciət edən kollektivin ötən il dekabrın 29-da Naxçıvan Dövlət Musiqili Dram Teatrnıda Xalq yazıçısı Elçin Əfəndiyevin "Teleskop” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi olub.

Qeyd edək ki, bundan əvvəl Elçin Əfəndiyevin "Mənim sevimli dəlim”, "Arılar arasında”, "Ah, Paris, Paris”, "Mənim ərim dəlidir” və başqa əsərləri də Naxçıvan teatrında tamaşaya qoyulub. Onun əsərləri nəinki Azərbaycanda, hətta xarici ölkə tetarlarında da səhnələşdirilir. Yazıçının yaradıcılığının ən səciyyəvi cəhətlərindən biri insanların daxili aləmini, onların mənəvi dünyasındakı ziddiyyətləri əsərlərinin əsas süjet xəttinə çevirməsidir. Müəllifin "Teleskop” tragikomediyası da bu baxımdan xüsusi qeyd olunmalıdır. İnsanın ölümü, ondan sonrakı həyat, insanların o dünyadan yaşadığımız həyata teleskopla baxması tamaşaçılara təqdim olunur. Rejissor tamaşa boyu gərgin, psixoloji məqamlarda sevinc və məyusluq, yaşamaq, yoxsa ölmək sualının cavabını tamaşaçıların ixtiyarına buraxır.

Gənc rejissor Həcərxanım Məmmədovanın quruluş verdiyi tamaşanın rəssamı Azərbaycan Respublikasının "Əməkdar rəssamı” Ülviyyə Həmzəyeva, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır. Xalq artistləri Rza Xudiyev, Həsən Ağasoy, Rövşən Hüseynov, Əməkdar artistlər Tofiq Seyidov, Əli Əliyev, aktyorlardan Zəminə Məmmədova, Nazlı Hüseynquliyeva, gənc aktyorlar Səyyad Məmmədov, Anar Eyvazov, Səkinə Məmmədova, Heyran Abdullayeva və başqaları obrazların dili ilə qarşıya qoyulan əsas məqsədə nail olub, tamaşaçıya real dünya ilə əbədi dünyanın müqayisəsində həyat gerçəkliklərini çatdırıblar.

Naxçıvan Muxtar Respublikasl Ali Məclisin Sədri Vasif Talıbov uğurlu tamaşa haqqında deyib: Rejissor işi, aktyorların ifası, musiqi tərtibatı və digər bütün cəhətləri ilə "Teleskop” tamaşasını Naxçıvan teatrının səhnəsində oynanılan tragikomediyaların şahı hesab etmək olar. Bu tamaşa "Ölülər”dən sonra Naxçıvan teatrında oynanılan ən uğurlu səhnə əsəridir. Çünki "Ölülər”dən fərqli olaraq "Teleskop” əsərində real həyat gerçəklikləri müasir dövrə uyğun təqdim olunur.

Ali Məclisin Sədri onu da qeyd deyib ki: "Tamaşanın əsas uğurlarından biri də peşəkar heyətlə birlikdə gənclərin də üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi idi. İstər rejissor işində, istərsə də aktyorların ifasında bu bir daha özünü təsdiq etdi. Naxçıvan teatrında bu cür tamaşaların nümayişi bir daha göstərir ki, ötən illər ərzində muxtar respublikada teatr sənətinin inkişafı ilə bağlı görülən işlər, çəkilən birgə zəhmət hədər getməmişdir. Teatr hər bir xalqın mədəni inkişafını göstərən birinci amildir. 130 ildən artıqdır ki, Naxçıvan teatrı da öz ənənələrini yaşadır və inkişaf edir”.

Teatrın direktoru, xalq artisti Rza Xudiyev deyir ki, bu ilin repertuarına 4 yeni tamaşa daxil olub.

Nəbi Xəzrinin "Burlaxatun” əsəri üzərində məşqlər davam edir. Nizami Gəncəvinin "Sirlər xəzinəsi”, Vaqif Səmədoğlunun "Mamo kişinin yuxuları”, A.Qoqolun "Müfəttiş” əsərlərinin səhnələşdirilməsi ilin sonunadək başa çatacaq.

Məqsəd ondan ibarətdir ki, tamaşaçılara tariximizi, milliliyimizi özündə yaşadan tamaşaları təqdim edək, onların teatra marağını dah da artıraq.

Adilə Səfərova

Əməkdar mədəniyyət işçisi