adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Yanvar 2020 13:15
15852
SİYASƏT
A- A+

Faiq QİSMƏTOĞLU: SEÇİCİLƏR HÜQUQLARINI BİLSƏLƏR

Bu gün insanlar 20-30 il bundan əvvəlki vaxtla müqayisədə daha aktiv və daha fəaldır. Bu aktivlik və fəallıq zaman-zaman həm prezident seçkilərində, həm Milli Məclis üzvlüyünə seçkilərdə, həm də bələdiyyə seçkilərində özünü göstərir. Ən azından ona görə ki, insanların hüquqi maarifləndirilməsi və dünyagörüşləri bayaq dediyimiz kimi, xeyli yüksəlib. Və hər bir seçici də istədiyi namizədə səs vermək üçün əvvəlcədən onunla maraqlanır və sonra da həmin seçici seçki məntəqəsinə gələrək öz namizədinə səs verir.

Fevral ayının 9-da Azərbaycan Respublikasının Milli Məclisinə üzvlüyə seçkilər keçiriləcək. Yəni hər bir dairədən namizədliyi qeydə alınmış deputatlığa iddialı şəxsləri seçicilər özləri seçəcəklər. Başqa sözlə demiş olsaq, hər bir namizədin arxasında onun elektratı olmalıdır. Hansı namizəd ki, təbliğat kampaniyasında daha çox seçiciləri inandıracaqsa və onların inamını qazanacaqsa, elə həmin namizədlər də birmənalı olaraq seçicilərin səsini toplaya biləcəklər.

Yanvarın 17-dən Milli Məclis üzvlüyünə namizədlərin təbliğat kampaniyası başlayıb. Təbii ki, bu təbliğat kampaniyasının sona çatma müddəti də bəllidir. Yəni fevralın 8-də artıq namizədlərin təbliğat kampaniyası başa çatır. Bu isə o deməkdir ki, seçki günü heç bir namizədin təbliğat kampaniyası aparmaq hüququ yoxdur. Aydındır ki, bu hüquq və vəzifələr öncədən Mərkəzi Seçki kampaniyası tərəfindən hər bir namizədin nəzərinə çatdırılır.

83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində də seçikinin yüksək səviyyədə həyata keçirilməsi üçün çox böyük işlər görülüb. Burda seçicilərin hüquq və vəzifələri, onların üzərinə düşən missiyalar və maarifləndirmə məsələləri diqqət mərkəzində saxlanılıb. Başqa sözlə demiş olsaq, 28 saylı Seçki Məntəqəsində bütün texniki problemlər və hazırlıq işləri öz həllini tapıb. Bu seçki məntəqəsində 1136 seçici səsvermə hüququna malikdir. Və seçki məntəqəsi də Rabitə Kollecinin 2 saylı yataqxanasının 4-cü mərtəbəsində yerləşir.

Biz seçki məntəqəsinə baş çəkərkən orada görülmüş hazırlıq işlərinin şahidi olduq. Bir daha yəqin etdik ki, seçki məntəqəsində seçicilərin gəlib səs verməsi üçün hər bir şərait yaradılıb. Məntəqənin sədri Sahimə Vəlişova bizi görülmüş işlərlə tanış etdi və məntəqənin otağına birlikdə baş çəkdik. Həqiqətən də gördük ki, seçicilərin hamılıqla istədiyi namizədə gəlib səs verməsi üçün nə lazımsa, bütün işlər yetərincə icra edilib. Seçki məntəqəsinin 6 üzvü var və onlar da hamısı həmin günü iş başındaydı.

Sahimə xanım Vəlişova bizimlə söhbətində bildirdi ki, seçicilərin maarifləndirilməsi daim diqqət mərkəzindədi. Kimsə gəlib seçicilərdən bizə müraciət edirsə, həmin problemi elə qısa zaman kəsiyində həll edirik. Məsələn, elə vaxr olur ki, bir seçici gəlib deyir ki, siyahıya baxmışam mənim adım yoxdu. Biz yenidən həmin məsələləri dəqiq yoxlayır, görürük ki, həqiqətən o seçici bizim məntəqənin əhatə etdiyi yerdə yaşayırsa, onu yenidən siyahıya alırıq. Amma aparılmış bütün işlər belə problemlərin yaranmasına imkan vermir. Yəni öncədən seçicilərin adları, soyadları, atalarının adları dəqiqləşdirilmiş, yaşayış yerləri müəyyənləşdirilmiş və onlar hamısı vaxtında qeydiyyata alınmışdır. Buna da uyğun olaraq biz həmin seçicilərə öz ünvanlarında səs vermək üçün bildirişləri göndərmişik. Və onu da qeyd edim ki, bizim 28 saylı seçki məntəqəsində 1136 seçici səs verəcəkdir.

Bununla yanaşı, Sahimə Vəlişova bir fikri də xüsusilə vurğuladı ki, onun özü və məntəqənin üzvləri hər gün məntəqədə olur, ora müraciət edən seçicilərlə söhbətlər edir və onları düzgün istiqamətləndirirlər. Müraciət edən seçicilərə bir daha seçki gününün vaxtı nəzərlərinə çatdırılır, onların hüquq və vəzifələri xatırladılır. Məntəqə seçki komissiyasının üzvlərindən Elmira Alıyeva, Ramiq Mehdiyev və başqaları biz seçki məntəqəsində olanda iş başındaydılar. Onlar da bizimlə söhbət edərkən bir daha bildirdilər ki, hər gün məntəqədədilər və kimlərsə onlarla seçki ilə bağlı müraciət etsə, kömək göstərməyə hazırdılar.

Əlbəttə, bu seçki məntəqəsində hazırlıq işlərinin yetərincə olması onu deməyə əsas verir ki, Milli Məclis üzvlüyünə namizədlərin fevralın 9-da keçiriləcək seçkisində məntəqə tam hazır vəziyyətdədir. Yəni seçicilər bu ünvana gəlib çox asanlıqla və rahat istədikləri namizədlərə səs verə biləcəklər. Bircə o qalır ki, seçki günü seçicilərin məntəqəyə gəlsin və səs verməsinə. Təbii ki, hər bir seçici də fəal olsa, səs versə, öz namizədini Milli Məclisdə görə biləcək.